Zaqatala rayonu Muxax kənd 1 saylı tam orta məktəbində Qərbi Azərbaycan tarixi mövzusunda açıq dərs keçirilib.
Məşğələni aparan tarix müəllimi Vəfa Mahmudova açıq dərsin Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynovanın məktəbə hədiyyə etdiyi “Onun daş nağılı”, “Salam olsun”, “Ruhuna beşiksə, tanı, vətəndir”, “Yanından keçmə dağların”, “Anamın kitabı” və “Qərbi Azərbaycan: Danışan izlərin işığında” kitablarında toplanmış tarixi materiallar və müəllifin vətənpərvərlik mövzusunda yazıları əsasında təşkil edildiyini bildirib.
Açıq dərsdə şagirdlərə Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər, bu qədim türk yurdunun zəngin mədəni irsi, soydaşlarımıza qarşı törədilmiş davamlı soyqırımı və deportasiya, bölgəyə qayıdışın beynəlxalq hüquqla təsbit olunmuş insanlıq haqqı olması barədə ətraflı məlumat verilib, videçarx nümayiş etdirilib.
Mövzu ətrafında aparılan müzakirədə Zaqatala Rayon İcra Hakimiyyətinin sektor müdiri Ramin Həsənov, Qərbi Azərbaycan İcması Zaqatala nümayəndəliyinin rəhbəri Vasif İsrafilzadə, Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, “Zaqatala” qəzetinin baş redaktoru İbrahim İbrahimov və məktəbin direktoru Ədalət Qurbanova soydaşlarımızın tarixi vətənlərinə dönüşünün ümummilli hərəkat kimi dəstəklənməsinin zəruriliyini vurğulayıblar.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

