Qanlı Koçaryanın siyasi ölümünün son akkordu

post-img

“Eks”lərin seçkiqabağı canfəşanlığı məğlubiyyətə məhkumdur

Ermənistan 7 iyuna yaxınlaşdıqca, parlamentdəki yerlərə və baş nazir postuna iddialıların ritorikasında qarşı tərəfin ünvanına sərt ittihamlarla yanaşı, ağlasığmaz vədlər, hətta avantürist bəyanatlar səslənməkdədir. Bunun əyani misalı kimi, təkcə irəvanlıların deyil, Qarabağdan könüllü köçmüş ermənilərin də gözündən düşmüş, Hayastanın Qarabağ klanının nümayəndəsi kimi ilk prezidenti (1998-2008-ci illər) olmuş Robert Koçaryanın “Ermənistan” blokunun seçkiqabağı təbliğat şüarlarına diqqət yetirmək kifayətdir.

Yerli medianın yaydığı məlumatlardan öyrənirik ki, Ermənistanın keçmiş prezidenti, müxalifətdən baş nazirliyə namizəd tərəfdarlarının müşayiəti ilə İrəvanın mərkəzi küçələri ilə yürüşə çıxıb. Bundan bir qədər əvvəl isə “Azadlıq” meydanında keçirilən mitinqdə Koçaryan belə bir bəyanat verib: “Mən həm müharibənin qiymətini, həm də sülhün dəyərini yaxşı bilirəm. Əmin ola bilərsiniz ki, İlham Əliyev mənim rəhbərlik etdiyim Ermənistana hücum etməyəcək. Bu, sübut olunmuş faktdır”. Revanşist-daşnak zehniyyətli “eks”in bu bəyanatını, sadəcə, öləzimiş siyasi nüfuzu və çəkisi ilə tərs mütənasib yükün altına girməsi, başından yuxarı tullanması kimi təsnifatlandırmaq doğru olar. Amma Koçaryanın hay xislətinə, qanlı əməllərinə yaxşı bələd olduğumuzdan, onun seçiciyə ünvanladığı təkəbbürlü və “cürət sindromlu” xitabını siyasi aqoniya adlandırmağımız daha düzgündür. Aqoniya xəstənin canını tapşırmazdan əvvəlki terminal vəziyyəti sayıldığı kimi, Koçaryanın da qu quşunun son nəğməsinə bənzəyən küçə hayqırtısı onun bədəninin yuxarı orqanında həyativacib funksiyaların pozulduğuna, sağ qalmaq üçün sonuncu gücünü-qüvvəsini toplamaq kimi faydasız cəhdinə dəlalət edir.

* * *

Hakimiyyətdə olduğu 10 ildə xalqının başına olmazın müsibətlər açan, torpaqlarımızın işğalı ilə qürrələnən, indi isə sülhün dəyərini bilməkdən dəm vuran Koçaryanın seçicilərə ünvanladığı bəyanatın absurdluğu bir yana, müxalifət namizədinin tərcümeyi-halına əsaslanaraq qonşu dövlətin xarici siyasət davranışına şəxsi resurs kimi zəmanət verməsi hüquqi nonsensdir. Loru dildə buna hay həyasızlığı da deyə bilərik. Rəsmi Bakının sülh gündəliyi öz prioritetləri üzərində qurulub: azad edilmiş ərazilərin bərpası, enerji diplomatiyası, Türk dünyasının inteqrasiyası, infrastruktur dəhlizləri və investisiya siyasəti. Yəni Azərbaycanın özgə torpağında gözünün olmaması ən yüksək səviyyədə, həm də dəfələrlə bəyan edildiyini əli soydaşlarımızın qanına bulaşmış həmin riyakar eks-prezident də gözəl bilir. Hakimiyyətə can atan istənilən erməni siyasətçi bu gün seçicilərə Ermənistanın Azərbaycanla necə yanaşı yaşamaq niyyətində olduğunu izah etməlidir.

Bəli, bu da danılmaz həqiqətdir ki, Prezident İlham Əliyevin hər çıxışı, hər mətbuat konfransı, Bakıdan gələn hər bir siqnal avtomatik olaraq Ermənistanda daxili debatların mövzusuna çevrilir. Yəni etiraf edilməli realılııq ondan ibarətdir ki, regional gücə, beynəlxalq nüfuza malik dövlətimiz qarşısına belə bir məqsəd qoysa da, qoymasa da, qonşularının gündəmini formalaşdırır. Həmin gündəmdə Koçaryanın “Ermənistan” bloku heç bir yeni ideya, heç bir xarici siyasət proqramı ortaya qoya bilmir, yalnız onun hakimiyyəti dövründə müharibə olmayacağına dair utopik vədlər verir. Seçkiqabağı təbliğatın atributuna çevrilən bu vəd məhz ona görə cəlbedici və sərfəlidir ki, onu əvvəlcədən yoxlamaq mümkün deyil.

Robert Koçaryan “miatsum” hərəkatının liderlərindən biridir və 2003-cü ildə Ermənistan prezidenti kimi nasist ideologiyasına uyğun gələn sözlər – “azərbaycanlılarla ermənilərin genetik uyğunsuzluğu haqqında” ifadələr işlədib. Normal cəmiyyətdə onun bu bəyanatı indi dinc qonşuluq vədi ilə seçicilərə müraciət edən Koçaryana qarşı ən böyük kompromata çevrilməlidir. Axı eyni zamanda “biz birlikdə yaşaya bilmərik” və “mənim hakimiyyətim altında müharibə olmayacaq” kimi siyasi tezisləri necə demək olar? Baş nazirliyə iddialı “eks” özünə bəraət qazandırmaq üçün, əslində, təbliğat kampaniyasını yeni siyasi konstruksiyaya – 2025-ci ilin avqust ayında yaranan faktiki reallığa uyğun qurmalıdır. Həmin ayın 8-də Vaşinqtonda İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı. Elementar diplomatik məntiq onu deyir ki, hakimiyyətə can atan istənilən erməni siyasətçi qalib gəlsə, bu danışıqlar çərçivəsini miras alacaq. Daha “mənim vaxtımda başqa cür olacaq” kimi diletant bəyanatlar verməməlidir.

* * *

Azərbaycan Prezidenti açıq şəkildə və dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyat keçirmək planı yoxdur. Odur ki, Koçaryanın “sübut olunmuş faktı”, sadəcə olaraq, Bakının söylədiyi sözlərin təkrarıdır.

Seçki kontekstində Koçaryanın bioqrafik məlumatları da şərhə layiqdir. O, Azərbaycanın Xankəndi şəhərində doğulub. Sarkisyan və Ohanyan da bizim torpaqlarda dünyaya gəliblər. “Nəyin bahasına olursa-olsun Qarabağı qoruyacaqlarına” söz verən bu üçlük indi İrəvandadır. Yəni heç vaxt onlara məxsus olmayan, lakin otuz il işğal altında saxladıqları torpaqlardan uzaqda yaşayırlar. Koçaryan, Sarkisyan və Ohanyana qarşı mülki şəxslərə qarşı hərbi cinayətlər də daxil olmaqla, konkret epizodlar üzrə Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb. Koçaryan bu gün Xankəndiyə qayıda bilər, amma turist kimi yox, ağır cinayətlərdə şübhəli bilinən şəxs kimi. Mühakimə olunduqdan sonra isə o, ömrünün qalan hissəsini eyni cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən mühakimə olunan separatçı xuntanın digər liderlərinin məskunlaşdıqları yerdə keçirməli olar.

Seçki qızmarında görünən digər mənzərə odur ki, Ermənistanın daxili siyasəti hələ də İrəvanda müəyyən olunmur, ya da hakimiyyətə iddialıların rəvayətlərinə əsaslanır. Koçaryanın revanşist “Ermənistan” bloku seçicilərə strategiya əvəzinə, yeni fəlakətlər seriyası, Paşinyanın hakim komandası isə ağır hərbi məğlubiyyətlərin diktəsi ilə soyuq praqmatizm təklif edir. Erməni seçici iyunun 7-də məhz bu iki qütb arasında seçim etməli olacaq. Onun yanılmayacağına inanmaq istərdik.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Seçki günü yaxınlaşdıqca, belə sərsəm bəyanatlar çoxalacaq. Bundan daha sərt ifadələri, senzuradan kənar çıxışları da eşidəcəyik. Aydın məsələdir ki, Koçaryanın bu avantürst bəyanatı lümpen elektorata ünvanlanıb. Azərbaycanın Ermənistana qarşı heç vaxt ərazi iddiası irəli sürmədiyini hamı bilir. Əksinə, belə qeyri-qanuni, separatçı çıxışları və davranışları Ermənistan ölkəmizə qarşı həyata keçirib.

Tarixi ədalətdən danışsaq, həmin Robert Koçaryan hazırda İrəvan xanlığında yaşayır. Hətta tarixdən az-çoz xəbərdar olanlar da yaxşı bilirlər ki, bu xanlığa heç vaxt erməni rəhbərlik etməyib. Bunu Koçaryan da yaxşı bilir. Azərbaycanın məqsədi özünün ərazi bütövlüyünü bəırpa etmək idi ki, buna da nail oldu. Yox, əgər Ermənistanda seçki marafonuna qoşulan revanşistlər başlarına yeni “Dəmir yumruğ”un endirilməsini arzulayırlarsa, buna cəhd etsinlər. Ümumiyyətlə, dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən separatizm pislənilir. Asiyada, Avropada, Cənubi Amerikada bunun misalları kifayət qədərdir. Koçaryan zəhmət çəkib tarixin o səhifələrini vərəqləsən və həmin revanşistlərin sonluğunun hansı acı aqibətlə bitdiyini öz gözləri ilə oxusun. Sonra da bu yöndə edə biləcəkləri istənilən cəhdlərə hansı cavabın veriləcəyini təsəvvürünə gətirsin. Əgər sağlam düşünə bilirlərsə, özlərinin yaxın tarixlərindən dərs çıxarmalıdırlar.

Qarabağ Azərbaycanın əzəli torpağı, suveren ərazisinin ayrılmaz hissəsidir və bundan sonra heç bir halda hansısa ...yanların nəzarətinə keçməyəcək. Sadəcə olaraq, buna bir də imkan verilməyəcək.

İmran BƏDİRXANLI
XQ



Siyasət