Yaxın Şərqdə müharibə yenidən alovlana bilər

post-img

Bir neçə gün əvvəl dünya mətbuatı ABŞ–İran razılaşmasının gündəmdə olduğuna dair ciddi fərziyyələr irəli sürürdü. Həftənin ilk günlərində analitiklər bunu əvvəlcə “müharibənin sonu” adlandırsalar da, sonra rəsmi mənbələr razılaşmanı “atəşkəsin uzadılması”na yol açacaq “anlaşma memorandumu” kimi qələmə verdilər. Amma hadisələr göstərir ki, bu razılaşma gözləntiləri və ambisiyaları doğrultmur; onun “texniki” funksiyası nüvə danışıqlarının bərpasına imkan verməkdir. Ayrıca qeyd etmək lazımdır ki, qanlı münaqişə İranın ABŞ-ın əsas şərtlərini aşmaq cəhdləri səbəbindən Cenevrədə aparılan danışıqları dayandırdı və Yaxın Şərqdə alovlanan müharibə Hörmüz boğazı ətrafındakı vəziyyətlə və yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalı ilə daha da mürəkkəbləşdi.

İranın uranın zənginləşdirilməsini dayandıracağı və nüvə silahı yaratmayacağı ətrafında gedən danışıqlar bir ildən az müddətdə iki müharibəyə səbəb oldu, lakin Hörmüz boğazındakı böhranla daha da mürəkkəbləşərək dünya iqtisadiyyatını, az qala, kollapsa çəkməyə başladı. Vaşinqton və Təl-Əviv bu gün də enerji və nəqliyyat infrastrukturuna qarşı yeni hava və raket zərbələri endirməklə təhdidlərini davam etdirir, Ali Rəhbər Müştəba Xamenei isə onları “hərbi məğlubiyyətlərinin qisasını almaq məqsədilə ölkədə nifaq və parçalanma” yaratmaqla “İranı tabe etmək” cəhdlərini davam etdirməkdə ittiham edir. Bu “tabeçilik” prosesi ABŞ administrasiyasının nüvə məsələsi ilə bağlı irəli sürdüyü şərtlərdə özünü daha açıq göstərir. 2025-ci ilin iyununda 12 günlük müharibə zamanı Donald Tramp İranın “təslim olmasını” tələb edirdi. Əslində o bu tələbi dəfələrlə təkrarlayıb və nüfuzlu bir supergücün rəhbəri kimi bu gün də təkrarlamaqda davam edir.

Hadisələrin gedişi və danışıqlar prosesindən sızdırılan məlumatlardan sonra bir çox diplomatik mənbələr indi hər hansı bir danışıqlar yolu ilə razılığa gəlməyin “qeyri-mümkün” olduğunu daha əminliklə söyləyirlər. Tramp administrasiyası eks-prezident Barak Obamanın komandasından fərqlidir. Amerika lideri bu yaxınlarda onun “qırmızı xətləri”nə cavab verməyən heç bir razılaşmanı qəbul etməyəcəyini bəyan edib: “İran heç vaxt nüvə silahı əldə etməməyə razı olmalıdır” və “Hörmüz boğazı gəmiçilik üçün, dərhal hər iki istiqamətdə məhdudiyyətsiz və rüsumsuz açılmalıdır".

Bəs bu, niyə “qeyri-mümkündür?” Analitiklər bu suala cavab verərkən bildirirlər ki, birincisi, çünki ABŞ və İsrail İran rejiminin tamamilə çökəcəyini, onun yerini təslim olmağa və xarici düşmənlərin tələblərinə tabe olmağa hazır olan zəif bir rəhbərliyin tutacağını güman edirdilər. İkincisi, Stiv Uitkov və Cared Kuşnerdən ibarət dueti Tramp və Benyamin Netanyahunun İranın nüvə proqramını tamamilə ləğv etmək istəyi ilə idarəolunan danışıqlar missiyasına başladılar. Tehranın kompromis axtaran ənənəvi danışıqlarda israr etdiyini üzə çıxaranda cavab müharibə oldu. Üçüncüsü, iranlılar İslamabad danışıqlarına gəlib Hörmüz boğazını bağlamaqla hədələdilər və ABŞ buna İran limanlarını blokadaya almaqla cavab verdi. Böhranlara daha biri əlavə olundu. Trampın blokadanın qaldırılacağını açıqlamasından sonra belə, Tehran öz suverenliyinin və boğaza nəzarət etmək hüququnun tanınmasında, o cümlədən tranzit haqlarının tətbiq edilməsində israr etməyə davam edir. Lakin Hörmüz boğazı İran parlament qanunvericiliyi ilə deyil, beynəlxalq hüquqla tənzimləndiyindən, bu məqsədlərə çatmaq ehtimalı çox aşağıdır.

Səudiyyə Ərəbistanında nəşr edilən “Al-Watan Saudi Arabia” nəşri yazır: “Doğrudur, hər iki tərəfin məqsədləri və qırmızı xətləri əhəmiyyətli dərəcədə fərqlənir. Daha əhəmiyyətlisi isə odur ki, onlar diametral şəkildə əks ideologiyaları rəhbər tuturlar, bu isə danışıqları, ümumiyyətlə, həqiqi etimadın qurulmasına və ya davamlı sülhə nail olmaq üçün səmimi istəyə yönəltmir”. Danışıqların mahiyyəti tərəflər arasında ən azı qarşılıqlı razılaşmanı nəzərdə tutsa da, ABŞ özünü israrla devirməyə çalışdığı rejimin nümayəndələri ilə müzakirə masasında tapır. Digər tərəfdə isə iranlılar nifrət etməyi öyrətdikləri və bütün Fars körfəzi bölgəsindən qovmağa çalışdıqları “Böyük şeytan”ın nümayəndələri ilə bir masada oturublar. Bütün bu mülahizələr ABŞ-ın nüvə məsələsində maksimalist tələblərini azaltmasına və Hörmüz boğazının qeyd-şərtsiz açılmasını qəbul etməsinə mane olu. Üstəlik, onlar hətta mümkün olan hər hansı bir razılaşma üçün “zəmanətlərin” verilməsinə də mane olurlar.

Danışıqların mürəkkəb, heç bir tərəfin güzəştə getmək fikri olmadığı, amma atəşkəs haqqında memorandumun imzalanmağa yaxın olduğu bir vaxtda ABŞ-ın müttəfiqi İsrail Livana yeni hava zərbələri endirməyə başlayıb. İsrail Livanın cənubunda güclü siyasi təsirə malik olan Hizbullahın qalalarını hədəf aldığını iddia edir. İsrailin şimalına minlərlə raket və dron atılıb. İsrail ordusunun hava zərbələri nəticəsində 1 milyondan çox insan evlərindən qaçmağa məcbur edilib. Onlarla uşaq da daxil olmaqla 3 min 300 nəfər həlak olub. Livanın Baş naziri Nəvaf Salam şənbə günü İsraili “şəhər və kəndləri tamamilə məhv etmək siyasəti yürütməkdə” günahlandırdı.

Təbii ki, bu, ABŞ Prezidentini qəzəbləndirməyə bilməzdi. Ən azı, ona görə ki, İsrail hərbi hava qüvvələrinin endirdiyi bu zərbələr barədə Vaşinqtona heç bir xəbərdarlıq etməmişdi. Bundan dərhal sonra dünya mətbuatında qızğın xəbərlər yayılmağa başladı. Guya İsrailpərəst mövqeyi ilə tanınan ABŞ Prezidenti Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu tənqid edərək onu “dəli” adlandırıb və hətta bir dəfə ona qışqırıb: “Sən nə edirsən?” Xəbərlərdə açıqlanır ki, mülki itkilərin sayı artmaqda davam edir və “Hizbullah” liderlərini öldürmək üçün binaların bombalanması ciddi narahatlıq doğurur. Görünür, Donald Tramp Netanyahunun Livanda daha da gərginləşmə kursunun İranla danışıqlarını poza biləcəyindən qorxur. Böhran getdikcə daha da kəskinləşir.

“Yahoo News Japan” qəzeti yazır ki, Vaşinqton çətin vəziyyətdədir: “Livana hücum nəticəsində gərginliyin artması Tramp administrasiyasının İranla danışıqlarını təhlükə altına qoya bilər”.

“Axios” xəbər agentliyi isə məlumatlı mənbələrə istinadən bildirib ki, iyunun 1-də “nalayiq ifadələr dolu telefon danışığı” zamanı Tramp Netanyahunu hətta Beyrutu bombalamaqla hədələdiyinə görə kəskin “tənqid edib”. Agentliyin məlumatına görə, İsrailin Livandakı hərəkətləri İran hakimiyyətinin bazar ertəsi günü ABŞ-la danışıqları dayandırmaqla hədələməsinə səbəb olub.

Məlumatlı mənbələr bildirirlər ki, bu arada, İsrail daxilində sağçı qüvvələrdən nəzərəçarpacaq dərəcədə əks-səda müşahidə olunur. Trampın Livanda atəşkəs təklifindən dərhal sonra ifrat sağçı fiqur olan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir sosial mediada yazıb: “Prezident Trampa “yox” deməyin vaxtıdır”. Maliyyə naziri Bezalel Smotriç “Hizbullah”ın İsrail ordusuna atdığı hər pilotsuz təyyarə üçün Beyrutda 10 binanın dağıdılmasını təklif edib. Trampa qarşı İsrailin sağçı qanadında narazılıq artır.

Yaponiyanın tanınmış siyasi analitiklərindən biri Kosuke Takahaşi hadisələrin gedişini qiymətləndirərkən yazır: “Bu mübadilə Yaxın Şərqdə ABŞ və İsrail arasında strateji anlaşmada yaranan boşluğu açıq şəkildə nümayiş etdirir”. İsrailin xeyrinə olmayan bir tendensiya da onun dünya ölkələrindən getdikcə daha çox təcrid olunması təhlükəsidir ki, bu da gələcəkdə yəhudi dövlətinə yaxşı bir şey vəd etmir. Çünki son hadisələrdən sonra Avropa liderləri də tədricən İsrailin Yaxın Şərqdəki münaqişələrdə əsas pay sahibi olduğunu qınamağa başlayıblar. Elə İsrail hərbçiləri Livandakı orta əsrlərə aid Bofort qalasını ələ keçirdikdən sonra Avropa ölkələrinin liderləri Təl-Əvivin Livana hücumunu pisləyib. Fransa prezidenti Emmanuel Makron bütün tərəfləri atəşkəsə çağırıb. “Heç nə Livanın cənubundakı kütləvi eskalasiyaya haqq qazandırmır", – deyə o bildirib. Fransa xarici işlər naziri Jan-Noel Barro isə bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyi tələb edib.

Fransa siyasi liderlərinə Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri də qoşulub. İvet Kuper İsrail ilə “Hizbullah” arasında aprel ayından bəri qüvvədə olan, İran tərəfindən dəstəklənən və ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən atəşkəsə hörmət etməyə çağırıb. Lakin hər iki tərəf buna çətinliklə əməl edir.

Bu gərginlik azmış kimi, Böyük Britaniyanın “The Guardian” nəşri xəbər verib ki, ABŞ və İran raketlər və pilotsuz təyyarələrlə yeni hücumlar mübadiləsi aparıblar. Bu da Vaşinqtonun Tehranla yeni atəşkəs əldə etmək səylərini daha da sarsıdır və Yaxın Şərqdə müharibənin yenidən alovlanması təhlükəsini artırır.

Çərşənbə axşamı günü baş verən son eskalasiya mərkəzi komandanlıq Botsvana bayrağı altında üzən boş “Lexie” tankerini hədəf aldıqdan sonra başlayıb. Hərbçilər bildiriblər ki, onların təyyarələri raket atəşi açıb və Küveyt yaxınlığındakı boğazın şimalında, İranın Xarq adasına doğru beynəlxalq sularda hərəkət edən bir tankerin mühərrikini sıradan çıxarıb. İddialara görə, heyət son 24 saat ərzində çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb. Daha sonra ABŞ komandanlığı İranın bölgədəki cavab hücumlarını dəf etdiyini və Tehranın Qeşm adasında İran komandanlıq məntəqəsinə zərbə endirdiyini açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) öz növbəsində Qeşm hücumuna cavab olaraq ABŞ-ın Bəhreyndəki 5-ci donanmasının qərargahına raketlər və dronlarla hücum etdiyini iddia etsə də, ABŞ Mərkəzi Komandanlığı bunu təkzib edib.

Bundan qısa müddət sonra Küveyt ordusu hava hücumlarından müdafiə qüvvələrinin raket və pilotsuz təyyarə hücumlarını dəf etdiyini bildirib və ictimaiyyəti “düşmən hava hədəflərinin ələ keçirilməsi nəticəsində yarana biləcək heç bir zibil və ya naməlum əşyaya yaxınlaşmamağa və ya toxunmamağa” çağırıb. Həmçinin Bəhreyndə hava hücumu xəbərdarlıq siqnalları səslənib.

Mərkəzi Komandanlıq bildirib ki, Küveytə atılan iki İran raketi “hədəflərinə çatmadan yolda parçalanıb”, Bəhreynə yönəlmiş 3 raket isə ABŞ və yerli hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Ordu komandanlığı daha sonra əlavə edib ki, Küveytdəki Amerika qoşunlarını hədəf alan yeni bir dron dalğasını dəf edib və heyətin heç bir üzvü xəsarət almayıb.

ABŞ Dövlət katibi Marko Rubionun ABŞ və İsrailin İranla müharibəyə girməsindən bəri Senatın Xarici Əlaqələr Komitəsindəki ilk ifadəsində verdiyi nikbin açıqlamalara baxmayaraq, son hava zərbələri mübadiləsi Yaxın Şərq böhranının həllində siyasi irəliləyişin olmamasını açıq şəkildə nümayiş etdirir.

Çərşənbə axşamı Rubio Tehranla razılaşmanın əldə edilə biləcəyi iddialarını təkrarlayaraq rejimin bir ay əvvəl imtina etdiyi nüvə proqramının bəzi detallarını müzakirə etməyə razı olduğunu vurğulamasına baxmayaraq, onun şərhləri İsrailin Livandakı hücumuna etiraz olaraq ABŞ ilə sülh danışıqlarını dayandıracağını bəyan edən İranın mövqeyi ilə ziddiyyət təşkil edir və bu da Vaşinqtonla sülh danışıqlarının tamamilə pozulmasına real təhlükədir.

Hadisələrin bu məcrada davam edəcəyi təqdirdə ABŞ–İran danışıqlarının sülhə gedən yoldan sapıb müharibə girdabına düşmək ehtimalı daha real görünür. Əgər Donald Tramp İsrailin hərbi çılğınlığını ram edə bilməsə, çox güman, müharibə bu dəfə bütün regionu cənginə ala, hətta Dünya müharibəsinə yol aça bilər.

İlqar RÜSTƏMOV,
XQ-nin siyasi analitiki

Dünya