IV məqalə
Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Türk dünyasının inteqrasiyasına doğru
Şuşa və Qarabağ bəyannamələrini geniş geosiyasi kontektsdə təhlil etməyə çalışdığımız yəqin ki, dəyərli oxucularımıza əyan olmuşdur. Ana tezis belədir: Şuşa Bəyannaməsi iki qardaş dövlətin həm ikitərəfli, həm də regional miqyasda strateji əməkdaşlığının siyasi-hüquqi və tarixi manifestidirsə, Qarabağ Bəyannaməsi türk dünyasının multiregional miqyasda strateji və perspektivli əməkdaşlığının (inteqrasiyası da deyə bilərik – F.Q.) siyasi-hüquqi və tarixi manifestidir. Bu yüksəlişin siyasi, ideoloji və mənəvi təməli, stimulverici faktoru “bir millət¸ iki dövlət” kəlamıdır. Türk dövlətlərinin münasibətlərinin nüvə məzmunu bu kəlamda ifadə olunmuşdur! Yüksəlişin dövlətçilik aspektində hərəkətverici qüvvəsi Azərbaycanda müstəqil dövlət quruculuğunun ümumi ruhu və stratej hədəfidir! Bu prosesin aparıcı fenomeni Prezident İlham Əliyevin liderlik nümunəsidir! Məhz bütün bunlara görə, türk dövlətlərinin təşkilatlanmasının siyasi, hüquqi və mənəvi-ideoloji rəmzləşməsi Naxçıvandan başladı, Şuşada konkret strateji sənəddə məzmunlaşdı və yenə də Şuşada Türk dünyasının strateji əməkdaşlıq manifesti səviyyəsinə yüksəldi.
Baxın: ideya qaynağı – Azərbaycanın Ümummilli lideri, siyasi təşkilatlanma rəmzi- Azərbaycan (2009-cu il Naxçıvan Bəyannaməsi), türk dövlətlərinin əməkdaşlığının ( həm də müttəfiqliyinin) siyasi, hüquqi, mənəvi məkanı – Azərbaycan (iki Şuşa bəyannamələri). Deməli, bu, Azərbaycanın müstəqil dövlətçiliyinin ruhudur! Biz “Şuşadan – Şuşaya” metaforasını (məcazını) da işlədə bilərdik. Lakin dövlətçilik və müttəfiqliyin miqyası baxımından əgər Azərbaycan – Türkiyə strateji müttəfiqliyinin rəmzi Şuşa şəhəridirsə, sonrakı mərhələdə Şuşa, bütövükdə, Qarabağı və Azərbaycanı təmsil edən məkandır. Bu keyfiyyətdə Şuşa türk dövlətlərinin əməkdaşlığı və müttəfiqliyinin rəmzi olmuşdur. “Bir millət, iki dövlət” kəlamının dühalığı bizi iki qardaş dövlətin müttəfiqliyindən Türk dünyasının əməkdaşlığına gətirib çıxardı! Yol davam edir.
Qarabağ Bəyannaməsinin bütün siyasi, geosiyasi, hüquqi, mənəvi və ideoloji məzmun yükü vurğuladığımız ideya təkamülündən qaynaqlanır – “bir millət, iki dövlət”dən “türk dünyasının inteqrasiyası”na doğru!
Qarabağ türk dünyasının coğrafiya və əməkdaşlıq rəmzi kimi
Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” kəlamı ilə müstəqil dövlətçiliyimizin siyasi-ideoloji aspektində tarixi dönüş etmişdir. Faktiki olaraq Qarabağ “bir millər, iki dövlət” kəlamının müəyyən mərhələdə əyaniləşməsinin təsdiqidir! Daha geniş anlamda “Qarabağ Azərbaycandır!” kəlamı ərazi bütövlüyünün indiki mərhələdə rəmzidir. Bu kəlamda potensial olaraq Azərbaycan dövlətinin daim bütöv və suveren olacağına böyük inam ifadə olunmuşdur! “Qarabağ Azərbaycandır!” kəlamı bütün türk dünyasına səslənişdir, yəni türk dövlətçiliyi diridir, onu yaşatmaq və inkişaf etdirmək bizim əcdadlardan qalmış məsuliyyətimiz, vəzifəmizdir! Həm də “Qarabağ Azərbaycandır!” kəlamı bu mənada Azərbaycanın həmişə bu prosesdə fəal olacağı, aparıcı rol oynayacağı mənasını ehtiva edir.
Aydındır ki, “Qarabağ Azərbaycandır!” kəlamından Qarabağ Bəyannaməsinə təbii bir “yol” vardır. Qarabağ Bəyannaməsi həmin kəlamın siyasi, hüquqi, mənəvi və ideoloji gerçəkləşməsi, əyaniləşməsidir. Bəyannamənin məzmunundan və məqsədindən görünür ki, İlham Əliyevin həmin kəlamının siyasi, hüquqi və mənəvi-ideoloji potensialı çox geniş və zəngindir! Buradan o da aydın olur ki, öncəki məqalədə bəndlər üzrə verdiyimiz bəyannamənin əsaslandırılmasının ciddi ideya təməli mövcuddur.
Geosiyasi baxımdan başlıca məqamlardan biri ondan ibarətdir ki, Qarabağ Bəyannaməsi iki aspektdə araşdırma üçün çox maraqlıdır.
Birinci, Qarabağ Bəyannaməsi Azərbaycanın xarici siyasətinin yeni tarixi dövrdə çoxistiqamətlilik və multiregionallıq kontekstində böyük uğurudur.
İkinci, Qarabağ Bəyannaməsi türk dövlətlərinin strateji münasibətlərinin məzmunu, məqsədi və hədəflərinin siyasi və hüquqi olaraq əsaslandırılması və konkretləşməsidir.
Qarabağ Bəyannaməsi yeni mərhələnin uğuru kimi
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin yeritdiyi siyasət bu sənədin meydana gəlməsində həlledici rol oynamışdır. Faktlar bu tezisi təsdiqləyir. Prezident İlham Əliyev ardıcıl olaraq türk dövlətlərinin əməkdaşlığına xidmət edən siyasi-diplomatik addımlar atır. Bu fəaliyyət Çin, Pakistan, Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Balkanlar və Avropa Birliyi geosiyasi məkanlarını əhatə edir. İlham Əliyev türk dövlətlərinə səfərlər edir və maraqlı müzakirələr aparır. Hər bir səfərdən sonra əməkdaşlıq haqqında sənədlər imzalanır. Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və hətta Tacikistan Azərbaycan Prezidentinin diqqət mərkəzindən kənarda qalmır. Bu dövlətlərin hər biri ilə imzalanmış çoxlu sayda saziş və müqavilə barədə KİV-də kifayət qədər geniş informasiyalar və təhlillər verilmişdir.
İlham Əliyev Cənubi Qafqazda Gürcüstanla əməkdaşlıqla Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlıq arasında həmişə uzlaşma, bir-birini tamamlama yaratmağa çalışmışdır. Və bu istiqamətdə ciddi uğurlara nail olmuşdur. Rəsmi Tbilisi TDT ilə münasibətlərə son dərəcə ciddi əhəmiyyət verməyə başlamışdır.
Türkiyə haqqında ayrıca danışmaq olar. Azərbaycanın xarici siyasətində yeni tarixi dövrdə Türkiyə istiqaməti əsas yeri tutur. Ankara – Bakı xəttində intensiv və nəticəverici proseslər gedir. Elə bir sahə yoxdur ki, bu iki qardaş dövlət hüquq və ədalət əsasında əməkdaşlıq etməsinlər. Azərbaycan və Türkiyə xarici siyasətlərini yeni tarixi mərhələdə daha geniş geosiyasi məkanda koordinasiya edirlər. Onların əməkdaşlığı regionu, regionlararası məkanı, beynəlxalq təşkilatları, qlobal miqyası əhatə etməkdədir. Cənubi Qafqazda bu iki dövlət sülh, əməkdaşlıq və təhlükəsizlik uğrunda necə çiyin-çiyinə mübarizə aparırlarsa, Afrikada, Sakit okean hövzəsində eyni əzm və qətiyyətlə müstəmləkəçiliyə qarşı duruş sərgiləyirlər. Azərbaycan və Türkiyə Avropada İslamofobiyaya qarşı birgə dayanmışlar, Yaxın Şərqdə məzlumların müdafiəsinə birgə qalxmaqdadırlar.
Azərbaycan – Türkiyə əlaqələrinin yeni tarixi dövrdə bu cür məzmunlaşması və yeni hədəflərə doğru inamla irəliləməsində Prezident İlham Əliyevin siyasi-diplomatik məharəti və xarici siyasətinin prioritetlərini böyük uğurla həyata keçirməsi əsas rol oynamaqdadır. Qarabağ Bəyannaməsində vurğulandığı kimi, İlham Əliyeni liderliyi türk dünyasını birləşdirir!
Məsələnin siyasi və geosiyasi baxımdan maraqlı və əhəmiyyətli tərəfi bu faktlardan aydın görünür. Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasəti regional miqyası artıq multiregional miqyasda türk dünyasının inteqrasiyasına stimul verir, onu konkret sferalar üzrə məzmunlaşdırır. Qarabağ Bəyannaməsində türk dövlətlərinin əməkdaşlığı ilə əlaqədar konkret müddəaların olması həmin məqamlarla bağlıdır. Məsələn, bəyannamədə “böyük dil layihəsi” çox əhəmiyyətli vurğudur! Təhsil, elm, mədəniyyətlə bağlı konkret fikirlərin yer alması adi hadisə deyildir. Təhlükəsizliyə, hərbi əməkdaşlığa ayrıca bənd ayrılmasının strateji mənası çox böyükdür! Buradan yuxarıda vurğuladığımız ikinci aspektin aktuallığı məntiqi olaraq alınır.
Qarabağ Bəyannaməsi Türk birliyinin fəlsəfəsi kimi
Bəyannamə özündə TDT-nin yeni tarixi dövrdə strukturlaşması və funksionallaşmasının ümumi müddəalarını əks etdirir. Məsələ çox geniş aspektdə təqdim olunur. Dövlətlərin, cəmiyyətlərin, ayrı-ayrı sosial-siyasi institutların, təşkilatların, ictimai qurumların fəaliyyətlərini koordinasiya etmələrinin ümumi çərçivələrini müəyyən edir.
Sənəddə yer almış bir neçə bəndə baxaq. Bəyannamənin 2-ci bəndində yazılmışdır: “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar”. Buradan görünür ki, nəzərdə tutulan və bütün sferaları əhatə edən əməkdaşlıq strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsinə xidmət edir.
Bunun ardınca, sənədin 3-cü bəndində deyilir: “Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər”. Yəni türk dövlətləri qlobal miqyasda daha iddialı məqsədlər qarşıya qoymaq mərhələsinə keçmişlər. Bunun üçün onlar regional əməkdaşlıq formatlarından multiregional əməkdaşlıq formatlarına keçməyi planlaşdırırlar.
Nəhayət, 2-ci və 3-cü bəndlərin məqsəd baxımından daha aydın ifadələri 4-cü bənddə verilmişdir. Orada vurğulanır: "Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar”. TDT regional və qlobal miqyasda müxtəlif sferalar üzrə yeni səviyyədə yer tutmaq və rol oynamaq niyyətindədir. Onların önündə, təbii ki, ticarət və iqtisadiyyat gəlir. Bu faktorlar müasir mərhələdə hər bir dövlət üçün son dərəcə əhəmiyyətli amilə çevrilmişdir. TDT qarşısına qoyduğu bu nəhəng məqsədə çatmağın iki aspektdə mexanizmlərini də müəyyən etmişdir. Onlar uyğun nəqliyyat strukturları və tarnsregional dəhlizlərin yaradılmasıdır. Bunların hər ikisi çox aktual və əhəmiyyətli əməkdaşlıq parametrləridir.
Bizim üçün daha maraqlısı və əhəmiyyətlisi ondan ibarətdir ki, həm yeni nəqliyyat infrastrukturunun, həm də transregional dəhlizlərin yaradılmasında Azərbaycan aparıcı və həlledici rol oynayır. Azərbaycan Prezidentinin yeni tarix dövr üçün müəyyən etdiyi xarici siyasətin prioritet istiqamətləri sırasında vurğuladığımız iki istiqamət xüsusi yer tutur. Deməlı, Qarabağ Bəyannaməsində qeyd edilən bu iki məqam Azərbaycanın çoxşaxəli xarici siyasətinin gerçəkliklərindən biridir.
Przident İlham Əliyev hər iki istiqamət üzrə (yeni nəqliyyat infrastrukturunun və transregional dəhlizlərin yaradılması) siyasi-diplomatik təşəbbüslərini kəsintisiz davam etdirir. Son bir ildə Azərbaycan Prezidentinin vurğulanan istiqamətlərdə atdığı addımlara nəzər salmaq kifayətdir ki, tezisin doğruluğuna qəti əminlik yaransın.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru