Azərbaycan–Rumıniya strateji tərəfdaşlığı

post-img

Buxarest şəhərində Azərbaycan Respublikası və Rumıniyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, nü­mayəndə heyətinə nazir müavini Fariz Rzayev, Rumıniya nü­mayəndə heyətinə dövlət katibi Ana Kristina Tinka rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Rumıni­ya arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqti­sadi, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlə­dən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iş­tirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcə­yi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və bu mötə­bər tədbirin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə postmüharibə dövründə bölgədəki vəziyyət, Er­mənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edil­miş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Tərəflər arasında, həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həm də Rumıniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayən­dələri ilə keçirilən tədbirdə çıxış edib.

XQ

Siyasət