Qazaxıstanda qardaşlıq təlimləri başa çatıb

post-img

Qazaxıstanın Məngistay vilayətin­də iyulun 8-dən 17-dək keçirilən “Birlestik-2024” (Birlik-2024) adlı hərbi təlimlər başa çatıb. 

Qazaxıstan Müdafiə Nazirliyi mət­buat xidmətinin yaydığı məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirak etdiyi hərbi təlimlər Xəzər dənizi sahilindəki “Oymaşa” poliqonunda ke­çirilib. Təlimlərə bu ölkələrdən 4 minə yaxın əsgər, o cümlədən 700-dək hərbi texnika cəlb olunub. 

Hərbi təlimləri Azərbaycanın mü­dafiə naziri, general-polkovnik Zakir Həsənov, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın müdafiə nazirləri, 15 xarici ölkənin Qazaxıstan­dakı hərbi attaşe aparatının rəhbərləri izləyiblər. 

Səfər çərçivəsində Qazaxıstanın müdafiə naziri, general-polkovnik Rus­lan Jaksılıkov Zakir Həsənovla görü­şüb, ölkələr arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olu­nub. 

Təlimlərin başa çatması münasibəti ilə keçirilən mərasimdə iştirakçı ölkələ­rin yüksək səviyyəli hərbçiləri təlimləri, iştirakçıların müasir hərbi texnikadan səmərəli istifadə bacarığını, həmçinin hərbi qulluqçuların professionallığını müsbət qiymətləndiriblər.

Nazirliyin məlumatında qeyd olu­nur ki, 5 ölkənin hərbçiləri “silahlı mü­naqişənin lokallaşdırılması” üçün şərti terrorçular tərəfindən tutulan adamın azad edilməsi, Xəzər dənizi akvatori­yasında qeyri-qanuni hərbi dəstələrin zəərərsizləşdirilməsi, dənizin təhlükə­sizliyinin təmin olunması və infrastruk­turun qorunması üzrə birgə əməliy­yatlar həyata keçiriblər. “Münaqişənin lokallaşdırılması” əməliyyatında quru və hava kəşfiyyatı hərbçiləri, xüsusi də­niz təyinatlıları, artilleriya ekipajları, hü­cum və tank bölmələri, aviasiya və gə­milər iştirak ediblər. Ssenariyə əsasən, Azərbaycan Hərbi-hava qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupları vurulan hərbi helikopterin eki­pajını döyüş sahəsindən təxliyə ediblər.

Bağlanış mərasimində təlimlərdə iştirak edən hərbçilər medallarla və qiy­mətli hədiyyələrlə mükafatlandırılıb. 

Qulu KƏNGƏRLİ,
XQ-nin Mərkəzi Asiya müxbiri

Astana





Son xəbərlər