Şuşada qadınlar konfransı

post-img

Şuşada “İslam dünyasında qadınlar: Ənənələr və çağırışlar” mövzusunda ikigünlük konfrans keçirilir. İlk gündə iştirakçılar şəhərin tarixi məkanları və təbiət abidələri ilə tanış olublar.

Qonaqlar əvvəlcə “İsa bulağı” isti­rahət kompleksində bərpa işləri ilə ta­nış olublar. Onlara məlumat verilib ki, Vətən müharibəsindən sonra İsa bula­ğını Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi işğalçıların qəsdlərindən təmizləyərək bərpa edib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri klassik qrafika üslubunda yazılıb. Tarixi çeş­mənin axarı təmizlənib zəifləmiş gözü açılıb. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

Sonra konfrans iştirakçıları Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olublar. Onlara bildirilib ki, 1 gün sonra burada keçiriləcək poeziya bayramına hazır­lıq başa çatdırılıb. Şuşa qala divarları ilə tanışlıq zamanı ziyarətçilərə Şuşa şəhərinin tarixi, qala divarlarının tikil­məsi barədə məlumat verilib. Qeyd edi­lib ki, Pənahəli xanın inşa etdirdiyi qala uzun müddət şəhəri xarici müdaxilələr­dən qoruyub, qəhrəmanlıq rəmzi olub. İşğal dövründə qala divarları da erməni vandalizminə məruz qalıb. Şuşa işğal­dan azad edildikdən sonra burada da təmir-bərpa işləri aparılıb.

Gəzinti zamanı işğal dövründə mə­dəniyyət abidələrimizə ermənilərin vur­duqları saysız-hesabsız ziyan, qədim artefaktların saxtalaşdırılması barədə geniş bilgi verilib. Bildirilib ki, Şuşa iş­ğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.

Daha sonra Cıdır düzünə gələn qo­naqlar buradan açılan əsrarəngiz təbiət mənzərəsini seyr ediblər. Günün so­nunda konfrans iştirakçıları üçün kon­sert proqramı təqdim olunub.

Zərifə HÜSEYNOVA
XQ

Şuşa

Son xəbərlər