Vyetnam TDT ölkələri ilə əməkdaşlığı gücləndirir

post-img

Vyetnam Asiya və Avropa arasında yerləşən və onları birləşdirən Türk Dövlətləri Təşkilatının üzvləri ilə əməkdaşlığı hər zaman yüksək qiymətləndirir, əlaqələri daha da gücləndirmək istəyir.

Vyetnam Xəbər Agentliyi xəbər ve­rir ki, bu sözləri Vyetnamın Prezidenti To Lam Azərbaycan, Türkiyə və Qa­zaxıstanın Hanoydakı səfirləri ilə görüş zamanı deyib. O, Vyetnamın Azərbay­can, Türkiyə və Qazaxıstan ilə ənənəvi dostluğunun, çoxşaxəli əməkdaşlığının mütəmadi görüşlər sayəsində bütün səviyyələrdə möhkəmləndiyini diqqətə çatdırıb, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğu­layıb.

Vyetnam və Türk dövlətləri arasın­da BMT də daxil olmaqla, beynəlxalq və regional platformalarda səmərəli əlaqələndirmənin, qarşılıqlı dəstəyin davamlı olmasının əhəmiyyətini vurğu­layan Prezident To Lam diqqətə çatdı­rıb ki, ölkəsinin Azərbaycan, Türkiyə və Qazaxıstanla iqtisadi-ticari tərəfdaşlığı davamlı inkişaf edir, ticarət dövriyyə­si artır. Bununla belə, Vyetnamın bu 3 ölkə ilə iqtisadi-ticari əlaqələri, xüsusən də nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman, turizm sahələrində və regionlararası əməkdaşlığı mövcud potensialı əks etdirmir. O, Türk Dövlət Təşkilatlarından olan sahibkarlar üçün biznes və investisiya fəaliyyəti üçün Vyetnamda ən yaxşı imkanların yaradı­lacağını bildirib.

Bu il Vyetnamın sabiq preziden­ti Ho Şi Minin Azərbaycana səfərinin 65-ci ildönümü olduğunu diqqətə çat­dıran Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə həmin səfərin iki xalq arasında dostluğun və tərəfdaşlığın, xüsusən də neft-qaz sahəsində əmək­daşlığın əsasını qoyduğunu, səfərdən sonra xeyli vyetnamlı gəncin ölkəmizdə sözügedən sahədə təhsil alaraq qa­baqcıl mütəxəssislər kimi yetişdiklərini deyib. O, Azərbaycanın Hanoydakı sə­firliyinin bu münasibətlə müxtəlif tədbir­lər keçirməyi planlaşdırdığını bildirib.

Görüşdə Türkiyənin və Qazaxıs­tanın səfirləri Korhan Kemik və Kanat Tumiş ölkələrinin Vyetnamla əlaqələrin­dən danışıblar.

XQ

Son xəbərlər