İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və "Azexport.az" portalının təşəbbüsü ilə könüllü tələbələr üçün “yaşıl söhbətlər” layihəsinin reallaşdırılmasına başlanılıb. Bu barədə İİTKM məlumat yayıb.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “Yaşıl” iqtisadiyyatın inkişafında elektron kommersiyanın rolu” məruzəsini təqdim edib. Qeyd edilib ki, gənc nəsil “yaşıl” iqtisadiyyat konsepsiyasından xəbərdar olmalı, resursların səmərəli idarə olunmasının, ekoloji cəhətdən təmiz və müasir texnologiyalardan istifadənin əhəmiyyətini anlamalıdır. Eyni zamanda elektron ticarətin “yaşıl” iqtisadiyyat proseslərinə imkan yarada biləcəyi vurğulanıb.
Könüllü tələbələrlə keçirilən görüş zamanı rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal özünüməşğulluq perspektivləri müzakirə olunub. Bundan əlavə, təlimdə “Amazon”, “eBay”, “Alibaba” və digər böyük platformalarda satışların əsasları öyrənilib.
Qeyd edək ki, “Yaşıl söhbətlər” layihəsi ölkədə “yaşıl” düşüncənin formalaşmasını dəstəkləmək məqsədi daşıyır. Bu layihə 2024-cü il üzrə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik” konsepsiyasına cavab verir.
XQ