Nəsillər bu tarixlə həmişə fəxarət duyacaqlar
Müsahibimiz Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevdir
− Cənab baş prokuror, elə söhbətimizin əvvəlində istərdim Sizi və rəhbərlik etdiyiniz respublika prokurorluq orqanlarının bütün işçilərini Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü münasibətilə redaksiyamız adından təbrik edəm. Bizim üçün bilmək maraqlıdır, Baş prokuror kimi fəaliyyət göstərdiyiniz dövrə təsadüf edən 44 günlük Vətən müharibəsində qazanılan Zəfər 5 il əvvəl Sizdə hansı təəssüratlar yaratdı?
– Belə möhtəşəm bir bayram münasibətilə Azərbaycan Prokurorluğunun əməkdaşlarını və məni təbrik etdiyinizə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda, mən də xalqımızı, “Xalq qəzeti”nin redaksiyasını və sizin simanızda bütün media nümayəndələrini 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Təbii, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan belə möhtəşəm qələbənin bu vəzifədə çalışdığım dövrə təsadüf etməsi məni son dərəcə qürurlandırır. Çünki yaşadığımız dövr dünyada gedən kəskin siyasi-iqtisadi proseslər, qarşıdurmalar, bir çox regionlarda alovlanan lokal münaqişələr fonunda, Ermənistanın havadarlarının dünyanın nəhəng aktorları olduğu, eyni zamanda, ölkəmizə qarşı münasibətlərin heç də birmənalı olmadığı bir şəraitdə, əraziləri dünyanın gözü qarşısında 30 ilə yaxın işğal altında qalan Azərbaycanın Silahlı Qüvvələrinin misilsiz qələbə qazanması şübhəsiz, məni son dərəcə qürurlandırdı. Səmimi etiraf edim ki, bir vətəndaş olaraq, qazandığımız bu Zəfər məni son dərəcə duyğulandırdı. Sual edə bilərsiniz ki, nə üçün?
Xatırlayırsınızsa, Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi zamanı sizə verdiyim müsahibədə qeyd etmişdim ki, mən Rusiya Federasiyasında təhsil almış və bir müddət o ölkədə hüquq-mühafizə orqanlarında çalışmışam. O dövrdə Ermənistanın torpaqlarımıza təcavüz edib ərazilərimizi işğal etməsini heç cür qəbul edə bilmirdim. Ancaq bu, acı bir reallıq idi və mənim kimi ölkədən kənarda yaşayıb-işləyən minlərlə soydaşımızın ürək ağrısına çevrilmişdi. Ona görə 2020-ci ildə Prezidentimizin müstəsna xidmətləri sayəsində 44 günlük Vətən müharibəsində qazanılan bu Zəfər bizim yaralarımıza məlhəm oldu, şərəfimizi göylərə qaldırdı.
İkinci bir tərəfdən, belə tarixi dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə respublikanın Baş prokuroru kimi rəhbərlik etdiyim prokurorluq orqanlarının ölkənin Konstitusiyası və qanunvericiliyi ilə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsi, əlbəttə, mənim üçün böyük şərəf idi. Əməkdaşlarımızla Zəfər bayramı ərəfəsində müzakirələr aparanda, onların Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbənin canlı şahidi olmalarının məhz bizlərə nəsib olmasından necə qürurla danışdıqlarının çox tez-tez şahidi oluram. Bu, illərlə qəlbimizdə dolaşan müqəddəs arzumuz idi və təbii ki, gerçəkləşəndə bizə böyük qürur və sevinc yaşatdı. Əlbəttə, bizim kollektivin bütün əməkdaşları çalışdılar ki, bu Zəfərin qazanılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər. Bəzən hətta lazım olandan daha çox işlədilər, bundan yorulmadılar, qüvvələrini əsirgəmədilər, çünki torpaqlarımızın erməni işğalından xilas olması, ərazi bütövlüyümüzün bərpası və vüqarımızın, qürurumuzun özümüzə qaytarılması kimi son dərəcə mühüm və qiymətli dəyərlərdən söhbət gedirdi.
− Ümumiyyətlə, suverenliyimizin pozulması, 30 ilə yaxın işğal altında qalması, Sizcə bu nə üçün baş verdi? Və 30 ildən sonra Azərbaycanın belə bir qalibiyyətə imza atacağına, ərazi bötövlüyünü bərpa edəcəyinə nə qədər inanırdınız?
– Toxunduğunuz məsələ çox dərin və geniş bir mövzudur, hətta mən deyərdim, bir müsahibəyə sığan söhbət deyil. Amma müəyyən qədər yığcam və əhatəli şəkildə bunu açıqlamağa çalışacağam. Düşünürəm, siz də şahidi olmusunuz ki, Azərbaycan 1990-cı illərdə müstəqilliyini qazananda çox mürəkkəb bir vəziyyətlə üz-üzə idi. Həmin illərdə Azərbaycanda hakimiyyət başına gələn təsadüfi və naşı şəxslərin qeyri-peşəkar idarəçiliyi və yarıtmaz fəaliyyətləri sayəsində ölkəmiz böyük uğursuzluqlara düçar oldu. Bu siyasətin ən acı nəticəsi isə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi oldu. Bundan sonra ölkə çox ciddi siyasi və sosial-iqtisadi böhranla üzləşdi.
Açıq etiraf etmək lazımdır ki, bu dövr müstəqil Azərbaycan tarixinin ən ziddiyyətli və dövlətçiliyimizin məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir dövr oldu. Azərbaycanda cərəyan edən hadisələr Ermənistanın təcavüz və işğalçılıq iştahını daha da artırırdı və onlar bu ədalətsiz müharibədən öz mövqelərini möhkəmləndirmək üçün çox ustalıqla istifadə edirdilər. İkinci bir tərəfdən də Ermənistanın terrorçu siyasi-hərbi hakimiyyətinin xarici ölkələrdəki havadarları beynəlxalq səviyyədə onlara dəstək verir, Azərbaycanı dünya ictimaiyyətinə yalnız neqativ arqumentlərlə təqdim edirdilər.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu problemlər öz həllini tapmağa başladı. Təbii ki, bütün bunları həll etmək zaman tələb edirdi. Amma Ulu öndərin hakimiyyətə gəlişindən dərhal sonra, ilk növbədə, müstəqil dövlətin hakimiyyət atributları yaradılmağa və formalaşmağa başladı. Bununla paralel olaraq iqtisadiyyatımız, sənayemiz, kənd təsərrüfatımız tədricən dirçəlir, ordumuz formalaşırdı.
Mən həmişə qeyd edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna siyasi və hərbi uzaqgörənliyi ilə qazanılan 2020-ci ilin 8 Noyabr Zəfərinə yol 1994-cü il mayın 12-də Ümummilli lider Heydər Əliyevin siyasi ustalığı sayəsində Bişkekdə imzalanmış atəşkəs sazişindən başlayır. Bunu vurğulamaq çox vacibdir. Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Qələbənin təməli məhz həmin tarixdən qoyulmağa başlandı. Bişkekdə əldə olunan atəşkəs 26 il sonra işğalı aradan qaldıracaq Azərbaycan Ordusunun Zəfər yürüşünə hazırlıq üçün ölkəyə son dərəcə mühüm və qiymətli vaxt qazandırdı.
Atəşkəs sazişindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də dünyanı idarə edən dövlətlərin 13 nəhəng neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının, cəmiyyətin sosial həyatının və eyni zamanda çevik və müasir Silahlı Qüvvələrimizin ən qısa zamanda formalaşmasında müstəsna rol oynadı. 2003-cü ildə cənab İlham Əliyev ölkədə keçirilən prezident seçkilərində qalib gələndən sonra Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi, siyasi islahatlar daha geniş şəkildə və qətiyyətlə davam etdirilməyə başlandı. Yəni 1993-cü ildən Ulu öndər Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin 2003-cü ildən 2020-ci ilə qədər davam etdirdiyi bu siyasi, sosial-iqtisadi kurs Azərbaycana istər beynəlxalq aləmdə diplomatik cəbhədə, istərsə də ölkə daxilində çox böyük uğurlar qazandırdı.
Məhz Heydər Əliyevin qətiyyətli xarici siyasəti sayəsində qısa müddətdə BMT kimi beynəlxalq təşkilatda Ermənistanın işğalçı siyasətini, faktiki olaraq, tanıyan və işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasını tələb edən 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edildi. 1996-cı ilin dekabrında isə ATƏT-in Lissabon sammitində Ulu öndər Heydər Əliyevin dəmir iradəsi sayəsində ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi və ölkəmizin ərazi bütövlüyünü tanıyan sənəd qəbul etdi. Bütün bunlar və bir çox digər sənədlər 2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün hüquqi baza yaradırdı.
Prezident cənab İlham Əliyevin xarici siyasəti isə Azərbaycanın haqlı tələblərini bütün dünyaya açıb göstərdi. Hələ 44 günlük Vətən müharibəsinə qədər cənab Prezident müxtəlif beynəlxalq təşkilatlarda, siyasi və diplomatik görüşlərində tam qətiyyətlə bəyan edirdi ki, əgər Ermənistan işğal etdiyi torpaqlardan çıxmasa, onları silah gücünə çıxarmaq Azərbaycanın qanuni haqqıdır.
Onu da xüsusi qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsinə qədər 1 milyona yaxın məcburi köçkün və qaçqının problemləri də dövlətimiz tərəfindən bu və digər formada həll edilmişdi. Onlara humanitar yardımlar edilirdi, ən yüksək səviyyədə qayğı göstərilirdi və demək olar dövlətimiz öz gücü ilə ölkədə bir dənə də olsun çadır şəhərciyi saxlamadı və yurd-yuvalarını itirmiş insanlar normal yaşayış yerləri ilə təmin edildilər.
Təbii ki, Baş prokuror olaraq mən və prokurorluğun əməkdaşları xarici ölkələrə səfərlər edir, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, orada Ermənistanın təcavüzü, ölkəmizin ərazisinin 20 faizini işğal etməsi və 30 ilə yaxın bu əraziləri qanunsuz olaraq işğal altında saxlamaları, xalqımıza qarşı soyqırımı həyata keçirmələri barədə arqumentlər və faktlarla təbliğat aparırdıq.
Yəni bütün dövr ərzində bir xalq, millət olaraq üzərimizdə çox ağır bir yük var idi və bu yük bizi mənən əzirdi, incidirdi. Bu, torpaqlarımızın işğal altında qalması idi. Millətimiz, xalqımız nə qədər yaxşı yaşasa, normal həyat şəraiti qursa, ölkəmiz nə qədər sürətlə inkişaf etsə, müasir texnika və texnologiyalara sahib olsa da, Qarabağ yarası psixoloji olaraq düşüncəmizdə, ürəyimizdə bizi rahat buraxmırdı və buraxa da bilməzdi.
Yalnız 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra içimiz rahatlıq tapdı, xalqımız ərazi bütövlüyünü təmin etməklə öz qürurunu özünə qaytardı.
− Cənab Baş prokuror, bu böyük və şanlı Zəfərdə Azərbaycanın dövlət strukturlarının, hətta adi vətəndaşların belə öz payı var. Amma düşünürəm, Milli Ordumuzla yanaşı, hüquq-mühafizə orqanlarının da xidmətləri az olmayıb. Prokurorluq orqanlarının fəaliyyəti, apardıqları istintaq işlərinin detalları, gördükləri işin həcmi bəzən üzdə olmur, geniş açıqlanmır. Bilmək istərdik, bu Zəfərə aparan yolda Azərbaycan prokurorluğunun payı, rolu nədən ibarət olub?
– Əgər Zəfərdə paydan söhbət gedirsə, ilk növbədə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini xüsusi qeyd etməliyik. Müasir dünya liderlərinin ən parlaq nümayəndəsi olan cənab İlham Əliyev, ilk növbədə, öz ölkəsinin lideri olaraq bütün cəmiyyəti, xalqı və komandasını son dərəcə mükəmməl şəkildə səfərbər etdi. Əlbəttə, bu səfərbərlik olmasaydı, qələbəni əldə etmək çox mürəkkəb və çətin olacaqdı. Ona görə də Zəfərin qazanılmasında, birinci növbədə, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə formalaşdırılan və ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edilən, yüksək döyüş hazırlığı səviyyəsinə qaldırılan Azərbaycan Silahlı Qüvvələri, bütün dövlət strukturları, daha sonra isə liderin ətrafında sıx birləşən Azərbaycan xalqını və cəmiyyətini qeyd etmək lazımdır.
Hüquq-mühafizə orqanlarının Zəfərdəki payına gəldikdə, mən sizinlə tamamilə razıyam, çünki bu dövlət qurumlarının, o cümlədən prokurorluq orqanlarının cəmiyyətdə rolu böyükdür. Bura birinci növbədə 44 günlük Vətən müharibəsi dövründə cəmiyyətdə sabitliyin qorunması, qanunların aliliyinin, xüsusilə vətəndaşların hüquqlarının və onların etibarlı müdafiəsinin təmin olunması daxildir. İkincisi, bu çətin müharibə zamanı cəbhə bölgəsində fəaliyyətimizin davam etdirilməsidir. Burada həm mülki prokurorluq orqanlarının, həm də hərbi prokurorluq orqanlarının fəaliyyətini qeyd etmək istərdim. Yəqin izləmisiniz ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı birləşmələri Gəncəyə, Tərtərə və dinc əhali yaşayan digər yaşayış məntəqələrimizə raket zərbələri endirdikdən dərhal sonra bizim əməkdaşlar, prokurorluğun kriminalistləri təhlükələrə məhəl qoymadan həmin ərazilərə gedir, hadisə yerlərindən sübutların toplanması və digər istintaq əməliyyatlarını həyata keçirirdilər. Beləliklə, Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri hərbi cinayətlərin hamısını qeydə alır, sübutları toplayır, istintaq-təhqiqat fəaliyyətini həyata keçirir və bunlar barədə xalqımızla yanaşı, beynəlxalq institutlara, dünya ictimaiyyətinə informasiya verirdilər.
Hərbi Prokurorluğun əməkdaşları isə bizim Silahlı Qüvvələrimizlə birlikdə biləvasitə döyüş bölgələrinə gedir, üzərlərinə düşən vəzifələri icra edirdilər. Siz doğru qeyd edirsiniz ki, prokurorluq orqanlarının işində ictimaiyyət üçün açıq olmayan və məxfi saxlanılan fəaliyyət sahələri də var. Görünən fəaliyyət sahələri haqqında mən əvvəldə danışdım, amma məxfi olanlar təbii ki, sirr olaraq qalmalıdır.
− 30 il əvvəl Azərbayan əraziləri işğala məruz qalarkən erməni silahlı birləşmələri azərbaycanlılara qarşı xüsusi amansızlıqla kütləvi soyqırımı cinayətləri törətmişlər. Azərbaycan prokurorluğunda bütün bu cinayətlər qeydə alınaraq, onlarla bağlı müvafiq istintaq fəaliyyəti həyata keçirilibmi?
– Tamamilə yerində verilən sualdır, çünki cəmiyyət də bu məsələdə maraqlıdır. Bir anlıq tarixə, erməni separatizminin başlandığı ötən əsrin 80-90-cı illərinə qayıtsaq, görərik ki, Azərbaycana qarşı bu ədalətsizlik, təcavüz və terrorçuluq əməlləri 1987-ci ildə Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdən istefaya getməyə məcbur edildikdən sonra başlayıb. O tarixdən etibarən son illərə qədər bu və digər formada və miqyasda Ermənistanın həmin illərdəki siyasi-hərbi rəhbərliyi, terrorçu qruplaşmalar tərəfindən xalqımıza, Azərbaycanın ərazi bütövlüyünə qarşı cinayətlər törədilməyə başlanıb.
Tam əminliklə deyirəm ki, o dövrdən bu günə qədər, təkcə prokurorluq orqanları deyil, Azərbaycanın bütün hüquq-mühafizə orqanları törədilmiş cinayətləri sənədləşdiriblər. Bunu həm Dövlət Təhlükəsizlik Xidməti, həm Daxili İşlər Nazirliyi, həm də Azərbaycan prokurorluq orqanları ediblər.
Diqqət etsək, görərik ki, hər iki respublika Sovetlər Birliyinin tərkibində olanda Ermənistan separatçıları və terrorçuları Azərbaycan xalqına qarşı cinayətləri bir formada törədirdilərsə, müstəqillik illərində bu, bir başqa forma və metodlarla törədilməyə başlandı. Cəzasızlıq mühitinə düşən erməni caniləri qanlı terrorlar, soyqırımı cinayətləri, kütləvi qırğınlar törətməkdən belə çəkinməyiblər. Hətta 1994-cü ilin mayında atəşkəs əldə ediləndən sonra belə, bu cinayətlər bitmək bilmirdi və davam edirdi. Məsələn, bizim əsgərlərimizi təmas xəttində namərdcəsinə qətlə yetirirdilər. Təbii ki, xalqımıza, dövlətimizə və suverenliyimizə qarşı törədilən bütün bu cinayətlər sübutlar, faktlar və əsaslarla tam sənədləşdirilib, qeydiyyata götürülüb və cinayət işləri açılıb. Yeri gəlmişkən, fürsətdən istifadə edib, 1987-ci ildən bu günə qədər xalqımıza qarşı törədilmiş cinayətlərlə bağlı sübutları toplamış, cinayət hadisələrini bircə-bircə qeydə almış bütün prokurorluq orqanlarının, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz peşə fəaliyyətlərini, açıq demək lazımdır, peşəkarcasına və böyük vətənpərvərlik ruhu ilə yerinə yetirdiklərinə görə dərin təşəkkürümü bildirirəm.
− Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının Qarabağ və digər işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, əlbəttə, mühüm bir işdir. Amma bundan daha mühümü bu cinayətləri törədən canilərin, hərbi cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılmasıdır. Bu sahədə görülən işlər barədə bir qədər geniş məlumat vermək mümkündürmü?
– Sualınızın ikinci hissəsinə cavab verməmişdən əvvəl, istərdim, erməni siyasi-hərbi hakimiyyətinin müxtəlif illərdə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda xüsusi rol oynayan media nümayəndələrimizin roluna və fəaliyyətinə toxunam. Bildiyiniz kimi, 1987-ci ildə bu hadisələr başlayanda Azərbaycan çox ciddi informasiya blokadasında idi. Xalqımıza qarşı törədilən cinayətlər, SSRİ rəhbərliyinin Azərbaycana ədalətsiz və qərəzli yanaşması, hüquqlarımızın kobud şəkildə pozulması beynəlxalq ictimaiyyətə ya çatdırılmırdı, ya da düşmənlərimizə sərf edən, onların xeyrinə olan şəkildə çatdırılırdı. Azərbaycan həqiqətlərinin ölkədən kənara çıxarılmasına ya heç imkan verilmirdi, ya da yanlış xəbərlər ötürülürdü. Bunu 44 günlük müharibə zamanı Prezident cənab İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibələrində, müxtəlif beynəlxalq tədbirlərdəki çıxışlarında dəfələrlə qeyd etmişdir. Çünki burada erməni lobbisi amili ilə yanaşı, bir çox Qərb ölkələrinin hadisələrə ikili standartlardan yanaşması özünü açıq göstərirdi. Bunlarla yanaşı, Azərbaycan mediasının və media nümayəndələrinin də hələ beynəlxalq aləmlə işləmək təcrübəsi ya az idi, ya da heç yox idi.
Əlbəttə, bu, təkcə Ermənistan hərbi-siyasi hakimiyyətinin törətdiyi cinayətlərlə deyil, ümumilikdə, Azərbaycana qarşı təcavüzkar və işğalçı müharibə, torpaqlarımızın işğalı, baş verən digər proseslərlə bağlı idi. Amma müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycan mediasının inkişafından, jurnalistlərimizin peşəkarlığının təkmilləşməsindən və xarici aləmə çıxışı genişlənəndən sonra vəziyyət kökündən dəyişdi. İnformasiya blokadası aradan qaldırılmağa başlayandan sonra dünya ictimaiyyəti münaqişənin nədən qaynaqlanması, kimin ədalətli tərəf olması haqqında məlumatlandırıldı və mediamız Azərbaycanın haqlı tərəf olmasını, torpaqlarımızın işğala məruz qalmasını və sair məsələləri obyektiv olaraq dünya ictimaiyyətinə çatdırmağa nail oldu. Bu işdə həm Ulu öndər Heydər Əliyevin, həm də Prezident cənab İlham Əliyevin çevik xarici siyasətini, diplomatik ustalığını da xüsusi qeyd etmək istərdim. Çünki həm Ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev hər hansı xarici ölkəyə səfəri, hər hansı beynəlxalq təşkilatda iştirakı, hər hansı xarici media nümayəndəsinə müsahibələri zamanı münaqişənin əsas mahiyyətini, erməni terrorizminin məram və məqsədini çox təmkinlə, müdrikcəsinə, böyük ustalıqla onları dinləyən auditoriyaya açıqlayırdılar.
Vətən müharibəsi dövründə də bu proses çox böyük intensivliklə dünya mediasında işıqlandırılırdı və bizim üçün çox fərəhli haldır ki, prokurorluq orqanları Ermənistan hərbi-siyasi hakimiyyətinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi hərbi cinayətlərin dərhal təhqiqatını aparır, əldə olunan sübutlar və faktlar mediaya, beynəlxalq hüquq institutlarına, insan hüquqlarının müdafiəsi təşkilatlarına çatdırılırdı.
Azərbaycan xalqına qarşı törədilən, insanlıq əleyhinə olan cinayətlərin istintaqına gəldikdə isə deməliyəm ki, əlbəttə, bunlar çox mühüm əhəmiyyət kəsb edir. Sübutların toplanması, faktların dəqiq müəyyən olunması, həmin cinayətləri törədənlərin şəxsiyyətlərinin dəqiqliklə müəyyənləşdirilməsi vacib məsələlərdir. Çünki istintaq elə prosesdir ki, orada hər bir şəxsin məsuliyyətinin fərdiləşdirilməsindən söhbət gedir. Prokuror ümumilikdə kimlərəsə, ümumi kütləyə ittiham verə bilməz. Prosessual qanunların tələblərinə uyğun olaraq ittihamlar konkret olur və konkret şəxslərə verilir. Bax, bu istiqamətdə prokurorluq orqanları, ümumən hüquq-mühafizə orqanları, düşünürəm, çox səmərəli işlədilər.
– Bir ilə yaxındır ki, paytaxt Bakıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam edir. Dövlət ittihamçısı olaraq Azərbaycan Prokurorluğunun istintaq materiallarında elə faktlar varmı ki, onlar xalqımıza, eləcə də beynəlxalq ictimaiyyətə məlum olmamış olsun?
– Bu cinayətlərlə bağlı bizdə qaranlıq məqamlar, demək olar ki, yoxdur. Bütün cinayətlərin təhqiqatı aparılıb, faktlar aşkar olunub və bizə məlumdur. Bu barədə də biz media üzərindən cəmiyyətimizi kifayət qədər məlumatlandırmışıq. Bir faktı diqqətə çatdırmaq istərdim və yəqin bilirəm ki, bu, ictimaiyyətin marağında olan məsələdir. 1980-ci illərin ortalarından son dövrə qədər prokurorluq və ayrı-ayrı istintaq orqanlarında 2548 cinayət işi açılmışdır. 2023-cü ildə antiterror tədbirlərindən sonra qondarma “DQR”in rəhbərləri və digər şəxslər məsuliyyətə alınandan sonra, Baş Prokurorluq bütün bu işləri bir icraatda birləşdirdi. Həm Hərbi Prokurorluqdan, həm digər istintaq qruplarından o işləri götürüb Baş Prokurorluqda birləşdirdik və bütün bu işlər üzrə istintaq hərəkətləri aparıldı. Bu işdə Baş Prokurorluğun rəhbərliyi altında çalışan Dövlət Təhlükəsizlik Xidməti orqanlarını, Daxili İşlər Nazirliyini, Dövlət Gömrük Komitəsini və eyni zamanda, xüsusi olaraq Hərbi Prokurorluğu qeyd etmək istərdim. Nə üçün Hərbi Prokurorluğun adını ayrıca çəkirəm? Çünki Azərbaycan Hərbi Prokurorluğunda xüsusi istintaq şöbəsi vardı və bu şöbə bilavasitə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərin istintaqı ilə məşğul idi. Bu növ cinayətlərlə bağlı bütün materiallar orada toplanırdı.
Açığını deyim ki, bu cinayətlərlə bağlı bizim istintaq orqanlarına bütün işlər məlumdur. Sadəcə, bəzi cinayətlərdə şərəf və ləyaqətlə bağlı olan məsələlər var və biz onları açıqlamırıq. Qalan bütün məsələlər barədə xalqımıza açıq məlumat veririk.
− Ermənistan silahlı birləşmələri təkcə Azərbaycanın dinc əhalisinə qarşı deyil, suveren ərazilərimizi işğal etməklə, şəhərlərimizi, qəsəbə və kəndlərimizi viran qoymaqla da son dərəcə amansız cinayətlər törətmiş və müstəqil Azərbaycana dəyəri milyard manatlarla ölçülən maddi ziyan vurmuşlar. Bu ziyanın məbləğinin müəyyənləşdirilməsi, Ermənistanın ölkəmizə vurduğu maddi ziyana görə reparasiya, yəni təzminat ödəməsi ilə bağlı hüquqi tədbirlər görülürmü? Beynəlxalq qurumlar və hüquq institutları ilə bu sahədə hər hansı bir iş aparılırmı?
− Tamamilə aktual bir məsələyə toxundunuz. Bunun xalqımızın, cəmiyyətimizin diqqətində olmasını da təbii hesab edirəm. Ermənistan hərbi-siyasi hakimiyyətinin və onların silahlı qüvvələrinin törətdikləri cinayətlərin təhqiqatı, Azərbaycana vurduqları maddi ziyan bizim üçün çox əhəmiyyətli idi. Çünki elan etdiyimiz ittihamda vurulan ziyan mütləq müəyyən edilməli idi. Amma bu, çox vaxt və enerji tələb edən, ancaq son dərəcə zəruri olan element idi.
Baş Prokurorluq olaraq biz bu məsələni Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında qaldırdıq. Mənim tərəfimdən Baş nazir cənab Əli Əsədova məktub ünvanlandı və təklif edildi ki, vurulan ziyanı müəyyənləşdirmək üçün dövlət komissiyası yaradılsın. Əlbəttə, möhtərəm Prezidentin tapşırığı və nəzarəti ilə belə bir komissiya yaradıldı. Aidiyyəti dövlət qurumlarının nümayəndələri, mütəxəssislər və həmçinin prokurorluğun nümayəndələri də həmin komissiyaya daxil edildi və Baş Prokurorluğun təqdim etdiyi materiallar əsasında ciddi işlər başlandı. Əldə edilən faktlar, cinayət yerlərinə baxışlar, arqumentlər və araşdırmalardan sonra bu ziyanın miqdarı müəyyənləşdirildi.
Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm: burada iki növ ziyandan söhbət gedir. Birincisi, birbaşa dəyən ziyan. Biz istintaqçılar, cinayət təqibi orqanı, prokurorluq üçün bu çox vacibdir. Çünki biz ittihamda birbaşa dəyən ziyanı göstəririk. Bir də var birbaşa olmayan, dolayısı ilə olan ziyan. Məsələn, minaların təmizlənməsi ilə bağlı Azərbaycan tərəfinə dəyən ziyan. Axı Ermənistan silahlı qüvvələri bu minaları Azərbaycan torpaqlarında basdırıblar və biz bunların təmizlənməsinə külli miqdarda vəsait sərf edirik. Eləcə də digər sahələrdə, bərpa işlərində çəkilən xərclər. Mülki qaydada bununla bağlı iddia vermək mümkündür. Son olaraq deyim ki, birbaşa dəyən ziyan 103 milyard manat müəyyən edilib. Amma dolayısı ilə olan ziyan arta-arta davam edir, çünki ildən-ilə dövlət yenə minaların təmizlənməsinə vəsait xərcləyir. O ziyanın məbləği daha da böyükdür, səhv etmirəmsə, 150 milyard manatı ötüb keçir.
− Təzminat məsələsi təkcə ölkəyə vurulan maddi ziyanla məhdudlaşmır. Ermənistan silahlı qüvvələri və erməni qanunsuz silahlı dəstələri işğal olunmuş ərazilərdə yaşayan vətəndaşlarımıza da son dərəcə böyük fiziki, maddi və mənəvi ziyan vurublar. Yəqin bu qisimdən olan vətəndaşlarımıza da Ermənistan tərəfinin təzminat ödənməsi barədə Azərbaycan Prokurorluğu ciddi işlər görür?
− Komissiya bütün bunları hesablayıb. Təbii ki, təcavüz prosesində və işğal dövründə hər bir vətəndaşa, ailəyə dəyən maddi ziyan ödənilsə də, mənəvi ziyan, əlbəttə, ölçüyə gələn deyil. Amma onun da hesablanma qaydaları var. O mənəvi ziyanı maddi dəyərə çevirib təzminat tələb etmək artıq vətəndaşlarımızın şəxsi işidir. Mənəvi ziyan çəkmiş hər vətəndaşın bununla bağlı iddia qaldırmaq hüququ var.
− Kamran müəllim, son illərdə Baş Prokurorluq Bakıda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çoxuna mən də jurnalist kimi dəvət edilmişəm. Təbii ki, gələnlərin tam əksəriyyəti beynəlxalq hüquq institutlarının, insan hüquqlarını müdafiə təşkilatlarının, Azərbaycana dost olan və olmayan ölkələrin prokurorluq orqanlarının nümayəndələridir. Onların Ermənistan silahlı birləşmələrinin, qanunsuz hərbi dəstələrin təcavüz dövründə və işğal illərində ölkəmizə və xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətlərə, xalqımıza qarşı soyqırımına, şəhər və kəndlərimizi amansızcasına dağıtmalarına münasibəti necədir, həmkarlarınızın fikirlərini nə qədər ədalətli, obyektiv hesab edirsiniz?
− Əlbəttə, təkcə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə deyil, həmçinin xarici ölkələrdə keçirilən toplantılarda, ümumiyyətlə, bütün platformalarda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin acı nəticələrini, soyqırımı kimi ağır və amansız cinayət faktlarını xarici həmkarlarımızın diqqətinə çatdırmağa, onları bu barədə məlumatlandırmağa çalışmışıq. Əslində onların özlərində də buna böyük maraq olub. Bu kimi hadisələr müxtəlif bölgələrdə gedən lokal münaqişələrdə də qeydə alınır deyə, bu təcrübəni öyrənməyə maraq göstərirlər.
Məsələn, indi haqqında danışdığımız cinayət işlərinin istintaqı ilə bağlı Azərbaycan Prokurorluğu müəyyən presedentlər yaradıb. Biz özümüz də bu cinayətlərin istintaqı zamanı digər dövlətlərin, məsələn, Balkan ölkələrində baş verən cinayətlərin tədqiqat təcrübələrini araşdırıb öyrənmişik. Yəni peşəkarlıq baxımından da bunlar xarici həmkarlarımız üçün vacib hesab edilir.
Biz bunu təkcə müxtəlif tədbirlərdəki məruzələrimizlə, yaydığımız bukletlərlə, kitablarla deyil, həm də əyani şəkildə nümayiş etdirməyə çalışırıq. Məsələn, Bakıda beynəlxalq tədbirlərdə iştirak edən xarici həmkarlarımızı işğaldan azad edilmiş ərazilərə səfərə aparır, ermənilərin törətdikləri dağıntıları, viran qoyduqları Azərbaycanın yaşayış məntəqələrini onlara göstərir və izahlar veririk.
Yaxşı xatirimdədir, o vaxt cənab Prezidentimiz “Hərbi qənimətlər parkı”nın yaradılmasına göstəriş verəndə, Azərbaycana qarşı ikili standartlardan çıxış edən, qələbəmizi heç vəchlə həzm edə bilməyən bədxah ölkələr bunu sərt tənqid etməyə başladılar. Guya bu parkın yaradılması erməni xalqına qarşı nifrət hissinin oyadılmasına xidmət edir. Tamamilə yanlış bir yanaşmadır.
Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyinə qarşı nifrət yaratmaq üçün xüsusi bir parka ehtiyac yoxdur. Elə xalqımızın nümayəndələrini dağıdılmış, yerlə-yeksan edilmiş Ağdama, Cəbrayıla, Zəngilana və işğaldan azad edilmiş Qarabağın digər yaşayış məntəqələrinə səyahətə aparsaq və insanlar oralardakı vəhşilikləri gözləri ilə görsələr, bu yetər, artıq təbliğata ehtiyac qalmaz.
Biz xarici ölkələrdən gələn qonaqlarımızı, beynəlxalq tədbirlərin iştirakçılarını bu yerlərə aparıb dağıntları onlara göstərəndə, artıq söz deməyə ehtiyac qalmır. Ermənistan silahlı birləşmələrinin işğalının qəddar və amansız izləri onların simasını açıb göstərir.
− Cənab Baş prokuror, başqa bir sualım prokurorluq orqanlarının apardığı istintaq materiallarının, ittihamlarının tarixçilərimiz, tədqiqatçılarımız, elə jurnalistlərimiz üçün gələcəkdə əlçatan olub-olmaması ilə bağlıdır. Yəni bu istintaq materiallarının saxlandığı arxivlər tarixçi-alimlərimizin, tədqiqatçı jurnalistlərimizin üzünə açıla bilərmi? Çünki nə qədər acı olsa da, bunlar bizim ölkəyə qarşı savaşın tarixini əks etdirir...
− Təbii, buna imkan veriləcək. İndi məhkəmə prosesi gedir. Biz beynəlxalq konvensiyaların, beynəlxalq qanunvericiliyin, ölkə qanunlarının tələblərinə çox həssaslıqla riayət edirik. Təqsirsizlik prizumpsiyasını pozmuruq. Məhkəmənin davam etdiyi bütün proseslər dövründə onların hüquqları tam təmin olunur.
Amma ümumən 1987-ci ildən son dövrlərə qədər baş vermiş hadisələr onu göstərir ki, biz bunu dərindən öyrənməli, təhlil etməli, qiymətləndirməli və xalqımıza çatdırmalıyıq. Gələcək nəsillər Ermənistan terrorçularının, keçmiş hərbi-siyasi hakimiyyətin və terrorçu hərbi birləşmələrinin törətdikləri vəhşilikləri, qanunsuzluqları, xalqımıza qarşı təcavüzün köklərini bilməlidirlər. Eyni zamanda, onlara qarşı xalqımızın apardığı mübarizəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin dəyərini bilməli və qiymətləndirməlidirlər.
− Kamran müəllim, bu gün Zəfər tariximizin 5 illiyini qeyd edirik. Bu 5 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda çox sürətli bərpa-quruculuq işləri həyata keçirilir, yeni şəhərlər, ən müasir texnologiyalarla təchiz edilən müasir, “ağıllı” qəsəbə və kəndlər salınır. Artıq qaçqın və köçkünlük adını üstündən atmış insanlar bu yaşayış məntəqələrinə, doğma yurdlarına dönürlər. Demək, burada hüquq-mühafizə orqanlarının işi də öz ritminə düşməlidir. Bərpa edilən ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili sahəsində hansı işlər görülüb və görülməkdədir?
− Vacib məsələyə toxundunuz. Bu gün möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi, mən deyərdim ki, birbaşa iştirakı ilə Qarabağda misilsiz quruculuq işləri həyata keçirilir və bu işlər bir an olsun belə dayanmır. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu yaşayış məntəqələrimizin, şəhərlərimizin, qəsəbə və kəndlərimizin tikintisi ən müasir texnologiya və şəhərsalma qaydalarına uyğun şəkildə aparılmaqla yanaşı, erməni silahlı birləşmələrinin törətdikləri vəhşiliklərin izləri də bir görk olaraq qorunub saxlanılır. Bu, bütün xalqımız kimi, bizim prokurorluq orqanlarını da çox qürurlandırır.
Mən özüm də, Baş Prokurorluğun digər rəhbər işçiləri də bərpa-quruculuq işlərinin getdiyi yaşayış məntəqələrinə tez-tez səfərlərdə oluruq və bunu çox vacib vəzifə hesab edirik.
Digər tərəfdən, sizin də dediyiniz kimi, artıq on minlərlə Azərbaycan vətəndaşı yeni salınan və bərpa edilən yaşayış məntəqələrinə, öz doğma yurd yerlərinə qayıdıblar. Həyat sürətlə öz ritminə düşür və təbii ki, bu yerlərdə artıq hüquq-mühafizə orqanları, o cümlədən prokurorluqlar da fəaliyyətə başlayıb, qanuni vəzifələrini yerinə yetirir, asayişin, qanunçuluğun təmin edilməsinə töhfələrini verirlər.
2021-ci ilin aprel ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yeni prokurorluqlar - Kəlbəcər və Qubadlı hərbi prokurorluqları yaradıldı. Bu prokurorluqlar da Baş Prokurorluq tərəfindən tam komplektləşdirilib və onların fəaliyyətinin təmin edilməsi üçün maddi-texniki baza yaradılıb.
– Nəhayət, son sualımızı vermək istərdim. Zəfər Günümüzün 5 illiyi çox əlamətdar bir tarixi dövrə – “Konstitusiya və Suverenlik İli”nə təsadüf edib. Bu Zəfərin bərpa etdiyi Azərbaycanın dövlət suverenliyinin, ümumiyyətlə, tarixi müstəqilliyimizin əbədiyyətə qədər qorunması yolunda təkcə prokurorluq əməkdaşlarına deyil, gənclərimizə, illər sonra qanunlarımızın keşiyində duracaq hüquqşünas kadrlara nə tövsiyə edərdiniz?
– 2020-ci il 8 Noyabr Zəfəri müstəqil dövlətçiliyimizin ən qiymətli tarixidir. Nəsillər bu tarixi həmişə anacaq və onunla qürur, fəxarət duyacaqlar. Təkcə prokurorluq orqanlarında çalışacaq gənclərə deyil, bütün Azərbaycan gənclərinə tövsiyə edərdim ki, hər şeydən əvvəl, vətənpərvər olsunlar. Vətənə, dövlətə sadiq olsunlar. Bu, müstəqil Azərbaycanın inkişafı, əbədi yaşaması üçün çox vacib bir elementdir.
İkincisi, peşələrini sevsinlər və onu dərindən, incəliklərinə qədər mənimsəyib peşəkar olsunlar. Hüquq-mühafizə orqanlarında işləmək, istintaq aparmaq, cinayətləri obyektiv təhqiq edib açmaq kənardan göründüyü qədər də asan deyil. İnsan taleyi ilə bağlı olduğu üçün kifayət qədər mürəkkəb bir peşədir.
Üçüncü tövsiyəm də ondan ibarətdir ki, Azərbaycan kifayət qədər mürəkkəb coğrafi regionda qərarlaşıb. Gənc hüquqşünaslarımız dövlətimizin keçmiş və yaxın tarixini dərindən bilməlidirlər. Bu tarixi bilmədən biz ölkəmizin əmin-amanlığını təmin edə bilmərik. Gənclərimiz ölkəmizi haradan və hansı qüvvələr tərəfindən təhlükə gözlədiyini unutmamalıdırlar. Ona görə regionda gedən geosiyasi prosesləri diqqətlə izləməli, dərk etməlidirlər. Müstəqilliyimizin bərpasından sonra baş verən hadisələr, ölkəmizə olan münasibətlər bizim üçün dərsdir. Bu dərsi unutmamalı və bundan nəticə çıxarmalıdırlar. Hesab edirəm ki, sadaladığım bu 3 element gənc hüquqşünaslarımız üçün kifayət qədər mühüm məqamlardır.
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV
XQ



