Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistanda parlament seçkilərinin keçirilməsinə bir gün qalıb. Sabah ölkə vətəndaşları seçki bülletenində yer alan 18 siyasi partiya və ittifaqdan birinə səs verəcəklər.
XQ-nin məlumatına görə, iyunun 6-sı ölkədə “sükut günü” elan edilib. Bu səbəbdən həmin gün seçkiqabağı təşviqat və kampaniya fəaliyyəti qadağandır.
Qanunvericiliyə əsasən, əlavə mandatların bölüşdürülməsini tələb edən hallar yaranmasa, parlamentdə minimum 105 deputat təmsil olunacaq. Ermənistan Milli Məclisinə seçkilər proporsional sistem üzrə keçirilir və seçicilər yalnız partiya siyahılarına səs verirlər. Parlamentin 9-cu çağırışı üçün 18 siyasi qüvvə mübarizə aparır. Onlardan 16-sı siyasi partiya, 2-si isə partiyalar ittifaqıdır. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 4 faiz, ittifaqlar isə 8 faiz səs toplamalıdır.
İctimai rəy və media nümayəndələrinin qiymətləndirmələrinə görə, seçkinin əsas favoritləri üç siyasi qüvvədir. Bunlar hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, Samuel Karapetyanın “Güclü Ermənistan” alyansı və sabiq prezident Robert Köçəryanın “Ermənistan” alyansıdır.

