Hamburqda azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Almaniyanın Hamburq şəhərində Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb.

XQ xəbər verir ki, “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusuna həsr olunan tədbir mühəndislik, innovasiya və şəhər idarəçiliyi sahələrində çalışan azərbaycanlı mütəxəssisləri bir araya gətirib.

“Şəhərsalma və memarlıq ili” çərçivəsində keçirilən forum Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutur. Tədbirin əsas məqsədi Avropada yaşayan azərbaycanlı mühəndislər arasında əməkdaşlığın gücləndirilməsi, müasir texnologiyalar sahəsində təcrübə mübadiləsinin aparılması və yeni layihələrin təşviq edilməsidir.

Forumun açılış mərasimində Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü və Ştutqartdakı Azərbaycan Evinin rəhbəri Günay Mirzəyeva iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Azərbaycan və Almaniyanın dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli forumun əhəmiyyətindən danışaraq, xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin bilik və bacarıqlarının Azərbaycanla əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin Alyansın İdarə Heyətinin üzvü, Boxum Rur Universitetinin professoru Elxan Sadıq-Zadə çıxış edərək əvvəlki forumun nəticələrini təqdim edib. O, ötən illərdə formalaşan əməkdaşlıq şəbəkəsinin genişləndiyini, müxtəlif elmi və texnoloji təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.

Forum çərçivəsində ağıllı şəhər həlləri, rəqəmsal transformasiya, dayanıqlı infrastruktur, süni intellekt tətbiqləri və müasir şəhər planlaşdırılması ilə bağlı panel müzakirələrinin, təqdimatların və təcrübə mübadiləsi sessiyalarının keçirilməsi nəzərdə tutulur.

Sosial həyat