Qəhrəmanlıqla yazılmış şərəf və ləyaqət salnaməmiz

post-img

Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərin 5-ci ildönümünü qeyd edir. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. 2020-ci ilin payız günlərində Qarabağ torpaqlarımızdan gələn xoş xəbərlər hər birimizdə böyük sevinc və qürur yaratdı, xalqımız son üç onillik ərzində həsrətində olduğu möhtəşəm qələbənin sevincini yaşadı.

Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti irimiqyaslı hərbi təxribatlarına, yeni işğalçılıq planlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən müharibədə düşmən ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərin böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri həmin ilin sonuna kimi ərazidən çıxarıldılar. Bununla da tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini özü yerinə yetirdi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı torpaqlarımızın 30 illlik işğalına son qoyulması, ərazi bütövlüyümüzün bərpası ilə başa çatdı.

Tarixə qızıl hərflərlə yazılan 2020-ci ilin Zəfərinə aparan yol, bu Qələbəni şərtləndirən amillər kifayət qədərdir. Ən həlledici məqam, şübhəsiz ki, dövlət başçısının rəhbərliyi ilə güclü, nizami hərbi birləşmələrin formalaşdırılması istiqamətində reallaşdırılan ordu quruculuğu siyasətidir. Bu xüsusda müdafiə sənayesinin inkişafı, ən yeni texnika və texnologiyalarla təminatla yanaşı, milli kadr potensialının artırılması, döyüş hazırlığının yüksəldilməsi də əsas prioritet məsələ kimi diqqət çəkir. Çünki Qalib Liderin də dediyi kimi, nə qədər güclü texnika, texnologiya olsa da, bayrağı qaldıran, bayrağı azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. O, sinəsini önə verərək döyüşür, o, Vətən uğrunda gözünü qırpmadan şəhidlik şərbətini içir. Bu mənada, dövlət himnimizdə əksini tapan “Vətən üçün qan tökməyə, Vətən üçün can verməyə” hazır Azərbaycan gəncliyi dövlətin milli ideologiya, azərbaycançılıq ideologiyasının əsas təntənəsi kimi, 44 gündə özünü ən bariz şəkildə göstərdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində Azərbaycan “münaqişənin hərbi həlli yoxdur” tezisinin yanlış olduğunu sübuta yetirdi. 8 noyabr 2020-ci il, Ümummilli lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər Günüdür. Qarabağ münaqişəsinə Silahlı Qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür. Həmin gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana yerini tanıtdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və dünyanın ən məşhur hərbi institutları tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir. Qəhrəman ordumuz bu gün Zəfər Günümüz kimi qeyd etdiyimiz, Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq mədəniyyət beşiyimizi, ruhumuzun paytaxtını işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın 30 ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Böyük Qələbəni yaxınlaşdıran ən vacib amillərdən biri də, təbii ki, “dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın həmrəyliyi, birliyi oldu. Sentyabrın 27-dən etibarən peşəsindən, mövqeyindən asılı olmayaraq, böyükdən-kiçiyə hər bir azərbaycanlının ürəyi cəbhə ilə döyünür, hər kəs məğrur oğullar üçün, zəfər naminə əlindən gələni əsirgəmirdi. Müzəffər Ali Baş Komandan həm cəbhədə gedən döyüşləri koordinasiya edir, xalqımıza zəfər müjdələri verir, həm də xarici jurnalistlərin suallarına müfəssəl şəkildə aydınlıq gətirir, xüsusən də apardığımız ədalətli müharibəyə düşmən mövqeyindən yanaşan media nümayəndələrini, Qərb siyasi dairələrini tutarlı cavablarla yerinə oturdurdu. Bir sözlə, Azərbaycan təkcə Ermənistana qarşı əks-hücum əməliyyatı keçirmir, həm də xalqımıza yönələn siyasi, iqtisadi, sosial, mənəvi hücumlara qarşı da döyüşürdü, mübarizə aparırdı. Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri Azərbaycanın diplomatik uğuru kimi tariximizə yazıldı.

İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr Azərbaycan mediasının fəaliyyətinə də istiqamət verdi. Mübaliğəsiz demək olar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni siyasi nitq strategiyası hesab edilə bilər. Müsahibələr bir-birinin ardınca, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsilə aparılırdı. Azərbaycan Prezidenti informasiya cəbhəsində də qalib gəldi. Dövlət başçısının jurnalistlərin suallarına cavabında gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Prezident İlham Əliyevin ürəkdən gələn, xalqın hiss və duyğularını əks etdirən hər bir sözü, hər bir fikri millətimizin hafizəsinə əbədi həkk olundu.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edərək, regionda yeni reallıqlar yaradıb. Bu gün həmin reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Şanlı Qələbəmizdən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur. Həyata keçirilən abadlıq-quruculuq işləri ilə erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və tarixi abidələrimiz bərpa olunur, azad Qarabağımıza yeni nəfəs gəlir.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan Zəfər möhtəşəm və qürurludur. Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək “Dəmir yumruq” yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın parlaq tarixi qələbəsidir. Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Hədd-hüdudu olmayan fərəh, xoşbəxtlik məhz budur!

Ən əsası isə bu sevincdən hamıya eyni dərəcədə pay düşməsidir. Bu, həmrəyliyimizin, birliyimizin gücünün yaratdığı nəticənin sevincidir. Azərbaycan Ordusunun qələbəsi tariximizi böyütdü, qətiyyətimizi artırdı. Bu xalqın hər bir təmsilçisinin köksünü dolduran, bizi birləşdirən, qürurlu edən qələbə ruhu ilə yeni bir başlanğıca qədəm qoyduq.

Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda "dəmir yumruq" kimi birləşdirdi. Elə-obaya, Vətənin torpağına-daşına, suyuna, aranına-dağına sonsuz sevgi və məhəbbətimizi nümayiş etdirdi. Böyük Qələbə torpaq uğrunda gözünü qırpmadan özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu. Xalqımızın ölkə rəhbərinə olan sevgisini, inamını, etimadını daimi yaşadan Qələbə oldu. Zəfər Günü Azərbaycan xalqının və dünya azərbaycanlılarının Müzəffər Ali Baş Komandana əbədi minnətdarlıq bayramıdır.

Dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan şanlı Zəfərlə Azərbaycan dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi. Bu gün üçrəngli Azərbaycan bayrağının qürurla dalğalandığı Vətən torpaqlarında həyat yenidən qaynayır, ölkə rəhbərliyinin davamlı diqqət və qayğısı sayəsində aparılan geniş vüsətli yenidənqurma və quruculuq işləri xalqımızın gücünü, qurub-yaratmaq eşqini, coşqusunu bütün dünyaya bir daha nümayiş etdirir. Müqəddəs Vətən torpaqlarında göylərə ucalan dualar, səslənən hər bir uşaq səsi, əkilən hər bir ağac bu Zəfərin davamıdır. Azərbaycan xalqı azad Vətən torpağında artıq öz şərəfli tarixini qürurla, ləyaqət və sevinclə, bəxtiyarlıqla özü yazır! Zəfər günümüz mübarək olsun!

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı

Siyasət