8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Lider-Xalq-Ordu birliyinin, eləcə də vətənpərvərlik ruhunun ifadəsidir. Tarixi dönəmə nəzər salsaq görərik ki, son 200 il ərzində parçalanan, ərazilərini itirən Azərbaycan ilk dəfə ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciəti tariximizin yeni salnaməsini yaratdı. Ədalətin təntənəsi milli yaddaşımıza Zəfər Günü kimi əbədi həkk olundu. Bu Zəfər xalqın haqqını və qürurunu geri qaytardı. Bununla da Ermənistanın qanunsuz hərbi işğalına, “Qarabağ Ermənistandır” kimi avantürist ritorikasına son qoyuldu.
Münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına səy göstərmiş, beləliklə də aparılan dinc danışıqlar heç bir nəticə verməmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, o qətnamələr bundan sonra 100 il də icra edilməyəcəkdi”.
Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Bu gün siyasi-milli iradənin, birliyin təcəssümüdür. Bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan Zəfərimiz otuz ilə yaxın davam edən erməni işğalına son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu ayyarım ərzində şəhər, qəsəbə və kəndləri, eləcə də mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Şuşa Zəfəri isə işğal altındakı Kəlbəcər, Ağdam və Laçını 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtinə uyğun olaraq bir güllə atılmadan azad edildi.
“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik”, – deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçımızın 2003-cü ildən başlayaraq işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi tədbirlər 44 günlük Vətən müharibəsində öz sözünü dedi. Dövlət başçımız bunu belə ifadə edib: “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”. 2003-2020-ci illər ərzində Azərbaycanın iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun güclənməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Qələbədə müstəsna rol oynadı.
Xalq–Ordu–İqtidar birliyi gücləndi və bir yumruq kimi birləşməyi bacardı. Məhz “dəmir yumruq” düşmənin belini qırdı. “Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə. İndi bütün ölkələr Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq–iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir”, – deyə Prezident bildirib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri erməni silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazilərindən çıxarılması idi. 2021-ci ildə Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək Ermənistanda istehsal olunmuş minalar Azərbaycanın Qarabağ bölgəsinə daşınır, kütləvi şəkildə basdırılırdı. Müharibədən sonrakı dövrdə Azərbaycan beynəlxalq platformalarda ermənilərin ərazilərimizdə mina terroruna, digər təxribatlarına hüquqi qiymət verilməsini dəfələrlə tələb etsə də, Ermənistana lazımi təzyiq göstərilmədi. Vətən müharibəsindən sonra ən qanlı toqquşma 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş verdi. Bu döyüşlərin səbəbi Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hərbi təxribatlar törətməsi idi. Öz çirkin niyyətindən əl çəkməyən düşmənin qeyri-qanuni silahlı birləşmələri 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində, Şuşa istiqamətində təxribata əl atdı. Azərbaycan qanunsuz erməni qüvvələrinin torpağımızda mövcudluğuna son qoymaq və bütün ərazilərində suverenliyini tam bərpa etmək məqsədilə Qarabağ bölgəsində 23 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri müsbət nəticəsini verdi, separatçılar təslim oldular və əməliyyat tam və qəti qələbəmizlə başa çatdı. Bu münasibətlə Ali Baş Komandan belə deyib: “Bir sutkadan az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və ordumuz öz gücünü bir daha göstərdi”.
Bu tədbirlər nəticəsində üçrəngli bayrağımız azad edilmiş bütün ərazilərimizin üzərində dalğalanmağa başladı. Qeyri-qanuni erməni silahlı birləşmələri tərki-silah edildi və Azərbaycan öz dövlət suverenliyini tam və qəti şəkildə bərpa etdi.
Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olunmasından iki il ötür. XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusu 44 günlük uğurlu əməliyyat nəticəsində 30 ilə yaxın işğal altında inləyən torpaqları erməni təcavüzkarlarından təmizlədi və bu gün paytaxtdakı Hərbi Qənimətlər Parkında düşmənin döyüş meydanında qoyub qaçdığı ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər silah-sursatlar nümayiş olunur.
Bu gün əsas hədəfimiz Qarabağın bərpası və Böyük Qayıdış planını reallaşdırmaqdır. Artıq “dəmir yumruğ”un yaratdığı yeni reallıqla hamı hesablaşır. Bu reallıq regionun sülh və sabitliyə, təhlükəsizliyə yolunu açır. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət bölgə ölkələri ilə yanaşı, Avrasiya məkanında əməkdaşlığa və tərəqqiyə zəmin yaradıb.
Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyətli layihədir. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, yurd-yuvasndan didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması prioritet məsələlərdəndir. Böyük bərpa-quruculuq işləri bu ərazilərin əksəriyyətinə yeni həyat bəxş edib. İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, 50 mindən çox keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb, burada həyat öz axarına düşüb. Aparılan kompleks islahatlar, geniş quruculuq işləri və güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir.
Uğurlu inkişaf dövrünü yaşayan və tarixi qələbələrə imza atan Azərbaycanda 2025-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu gün xalqımız Konstitusiyamızın bəyan etdiyi prinsiplərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümünü qürur dolu sevinclə qeyd edir. Müstəqil və suveren dövlətə sahib olmaq Azərbaycan xalqının ən böyük arzusu və itirilmiş tarixi haqqı idi. Biz bu gün həm də tarixi ədalətin bərpasını, böyük arzumuzun çin olmasını bayram edirik.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

