“Kür-Araz” qəzeti redaksiyasında Sabirabadın mətbuat tarixini əks etdirən muzey yaradılıb.
Qeyd edək ki, aran rayonununda yerli mətbuatın 100 ilə yaxın tarixi var. İlk ictimai-siyasi qəzet 1930-1962-ci illərdə “Pambıq cəbhəsində”, 1962-ci ildən 1992-ci ilədək “Muğan”, həmin tarixdən sonra “Suqovuşan” və nəhayət, 2020-ci ildən “Muğanın səsi” adı ilə çıxıb.
“Kür-Araz” qəzetinin redaksiyasında yerləşən muzeyin ekspozisiyasında toplanmış eksponatlar, sənədlər mətbuat tarixinin ötən dövrləri haqqında ətraflı bilgilər verir. Məsələn, ziyarətçilər öyrənirlər ki, “Muğan” qəzetinin həyatında 1969–1982-ci illər inkişaf dövrü olub. O dönəmdə Azərbaycan KP MK-nın 1-ci katibi olan ümummilli lider Heydər Əliyev hər mövsümdə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşürdü. Pambıqçılıq rayonlarının zona müşavirələri də, adətən, Sabirabadda keçirilirdi. Bu hadisələr “Muğan” qəzetinin səhifələrində yer alan qiymətli materiallar olurdu. Həmin dövr günaşırı çıxan qəzetin tirajı 20 minə yüksəlmişdi. Ulu öndərin bütün tədbirlərində “Muğan”ın əməkdaşları yaxından iştirak edirdi. Bu gün rayonun Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz “Muğan” qəzetinin əvəzsiz xəzinəsindəndir. “Muğanın səsi”nin missiyasını yeni hüquqi statusda “Kür-Araz” qəzeti davam etdirir. Sabirabadda qovuşan iki böyük çayın adını daşıyan nəşr bu ildən fəaliyyətə başlayıb.
Mətbuat Muzeyi ideyası “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru Elçin Nəsibin təşəbbüsü ilə gerçəkləşib. Burada “Ümummilli lider Heydər Əliyevin Sabir-
abada səfərləri”. “Sabirabad mətbuatının klassikləri”, “XX–XXI əsrlərdə Sabirabadda nəşr olunmuş mətbuat orqanları”, “İzi qalan jurnalistlər” bölmələrində fotoşəkillər, müxtəlif illərdə dərc olunmuş qəzetlər, Sabirabad jurnalistlərinə aid kitablar, onların şəxsi əşyaları, sənədləri və s. yer alıb.
Nizami MƏMMƏDZADƏ,
Əməkdar jurnalist

