“Made in Azerbaijan” Odlar yurdunun qüdrət və şöhrət nişanıdır

post-img

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətində kənd təsərrüfatı sektoru xüsusi yer tutur. Hazırda aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, subsidiya sisteminin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi və logistika imkanlarının artırılması nəticəsində bu sektor getdikcə qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilir. Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər isə aqrar siyasətin növbəti mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm strateji tezislər kimi diqqət çəkir.

Müşavirədə böyük əhəmiyyət daşıyan əsas məqamlardan biri torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsinin vacibliyi ilə bağlı ildi. Belə bir problemin səsləndirilməsi isə təsadüfi deyildi. Prezident İlham Əliyev bununla bağlı hər bir əkin üçün yararlı torpaq sahəsinin öz “pasportu”nun olmasının, həmin torpaqda hansı məhsulun daha yüksək gəlirliliklə yetişdirilə biləcəyinin dəqiq müəyyənləşdirilməsi zəruriliyini xatırlatması da məsələnin aktuallığından xəbər verirdi.

İxraca açılan geniş qapı

Bu gün kənd təsərrüfatının inkişafı, ilk növbədə, ərzaq təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Son illərdə dünyada baş verən geosiyasi proseslər, logistika zəncirlərində yaranan problemlər, iqlim dəyişiklikləri və qlobal inflyasiya ərzaq təhlükəsizliyi məsələsini dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevirib. Azərbaycan da bu çağırışları nəzərə alaraq daxili bazarın yerli istehsal hesabına təmin olunmasını strateji prioritet kimi müəyyənləşdirib.

Adı çəkilən müşavirədə də gələcək mərhələdə daxili tələbatın qarşılanması ilə ixrac potensialının artırılmasının paralel şəkildə həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Əslində, bu iki məqsəd bir-birini tamamlayır. Belə ki, güclü daxili istehsal bazası olmadan dayanıqlı ixrac siyasəti qurmaq mümkün deyil. Eyni zamanda, ixrac bazarlarına çıxış fermerlərin gəlirlərini artırır, istehsalın genişlənməsini stimullaşdırır və daxili bazarın təminat imkanlarını gücləndirir.

Bu yanaşma, əslində, müasir aqrar idarəetmədə əsas prinsiplərdən biridir. Çünki torpaq ehtiyatları məhdud resursdur və onun məhsuldarlıq potensialından maksimum səmərə ilə istifadə olunması həm fermer gəlirlərinin artmasını, həm də ölkənin ümumi aqrar inkişaf strategiyasının uğurla həyata keçirilməsini şərtləndirir.

Mütəxəssislərin fikrincə, bu cür prinsipin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatında qərarlar artıq təkcə ənənəvi təsərrüfat vərdişlərinə deyil, həm də elmi təhlillərə, bazar araşdırmalarına və iqtisadi səmərəlilik meyarlarına əsaslanmalıdır. Başqa sözlə, müasir dövrdə aqrar istehsalın uğuru məhsul yetişdirmək bacarığı ilə yanaşı, eyni zamanda, bazarın tələblərini düzgün proqnozlaşdırmaq və həmin tələblərə uyğun istehsal qurmaq qabiliyyəti ilə ölçülür.

Çağdaş dövrün tələbatı

Ölkə rəhbərinin müşavirədə diqqətə çatdırdığı mühüm məsələlərdən biri də subsidiya siyasətinin çevik mexanizm əsasında qurulması ilə bağlı idi. Dövlət başçısı bununla bağlı bildirdi ki, müəyyən məhsula bir dəfə subsidiya təyin edib onu uzun illər dəyişmədən saxlamaq düzgün yanaşma deyil. Bu fikir müasir iqtisadi reallıqlarla tam uzlaşır. Çünki dünya bazarlarında qiymətlər, tələbat strukturu, istehlak meyilləri və ticarət marşrutları daim dəyişir. Belə şəraitdə kənd təsərrüfatı siyasəti də çevik olmalı, bazar siqnallarına operativ reaksiya verməlidir.

Subsidiyaların rayonlara görə, məhsul növləri üzrə və bazar perspektivləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsi fermerlərin daha gəlirli məhsullara maraq göstərmələrinə imkan verəcək. Nəticədə dövlət dəstəyi daha səmərəli istifadə olunacaq və büdcə vəsaitlərinin iqtisadi əhəmiyyəti sürətlə yüksələcək.

Son illərin statistik göstəriciləri Azərbaycanın aqrar sektorunun sürətlə inkişaf etdiyini təsdiqləyib. Müşavirədə bildirildiyi kimi, ötən 5 il ərzində aqrar ticarət davamlı artım nümayiş etdirib. Eyni zamanda, məhsul portfeli və ixrac coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Məsələn, hazırda Azərbaycan fındıq ixracına görə dünyada dördüncü yerdə qərarlaşıb. Xurma ixracında ölkəmiz ikinci mövqedədir. 2025-ci ildə isə respublikamız ilk dəfə şaftalı və nektarin ixracında dünya üzrə ilk onluğa daxil olaraq doqquzuncu yerə yüksəlib.

Bununla yanaşı, çiyələk, albalı, pomidor və pambıq lifi kimi məhsullar üzrə də Azərbaycan dünya ixrac reytinqlərində ilk iyirmilikdə təmsil olunur. Bu göstəricilər ölkənin aqrar potensialının geniş olduğunu və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin davamlı şəkildə artdığını nümayiş etdirir. Xüsusilə diqqətçəkən məqam məhsul portfelində baş verən dəyişiklikdir. Belə ki, əgər 2021-ci ildə meyvə, tərəvəz və pambıq ixracın 87 faizini təşkil edirdisə, 2025-ci ildə bu göstərici 75 faizə düşüb. Bu isə ixrac strukturunun şaxələndiyini, yeni məhsulların beynəlxalq bazarlara çıxmağa başladığını göstərir.

Yeni mərhələnin hədəfləri

Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən ən mühüm iqtisadi tezislərdən biri də aqrar emal sənayesinin inkişafı ilə bağlıdır. Statistik rəqəmlər göstərir ki, ölkənin aqrar ixracında kənd təsərrüfatı xammalı emal məhsullarını 3-4 dəfə üstələyir. Digər tərəfdən, aqrar idxalda emal məhsullarının payı daha yüksəkdir. Bu vəziyyət qarşıdakı dövrdə əsas inkişaf istiqamətlərindən birini – xammaldan emala keçid prinsipini müəyyənləşdirir.

Bu məsələ ilə bağlı xatırlatmaq yerinə düşər ki, müasir iqtisadiyyatda əsas gəlir xammal istehsalından deyil, əlavə dəyərin yaradılmasından əldə olunur. Məsələn, pambığın xammal şəklində ixracı ilə müqayisədə onun iplik, parça və hazır tekstil məhsulu formasında satılması qat-qat yüksək gəlir gətirir.

Eyni yanaşma meyvə-tərəvəz, süd məhsulları, ət emalı, üzümçülük, fındıqçılıq və balıqçılıq sektorlarına da şamil edilə bilər. Meyvənin şirə, konserv, qurudulmuş məhsul və ya digər emal formalarında ixracı daha yüksək əlavə dəyər yaradır. Beləliklə, aqrar emal sənayesinin inkişafı təkcə kənd təsərrüfatının deyil, bütövlükdə qeyri-neft iqtisadiyyatının inkişafına töhfə verən əsas amillərdən biridir.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında ixrac bazarlarının gələcək perspektivlərinin təhlili ilə bağlı məsələ xüsusi yer tutur. Çünki bu gün Azərbaycan kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsini uzun illər ərzində formalaşmış ənənəvi bazarlara ixrac edir. Lakin qlobal iqtisadi proseslər bir sıra ölkələrin daxili ərzaq istehsalını artırmağa çalışdığını və idxaldan asılılığı azaltmaq siyasətinə üstünlük verdiyini göstərir.

Mütəxəssislər bu səbəbə əsaslanaraq bildirirlər ki, hər bir məhsul üzrə bazarların gələcək tələbat potensialı, rəqabət mühiti və qiymət dinamikası ayrıca araşdırılmalıdır. Strateji planlaşdırma yalnız mövcud bazarlara əsaslanmamalı, alternativ istiqamətləri də əhatə etməlidir. Bazarların diversifikasiyası da ixrac risklərini azaldır və xarici iqtisadi şoklara qarşı dayanıqlılığı artırır. Yeni bazarlara çıxış isə məhsul çeşidinin genişləndirilməsi və keyfiyyət standartlarının yüksəldilməsi ilə birbaşa bağlıdır.

Qlobal bazarlarda uğur qazanmaq üçün artıq məhsulun keyfiyyətli olması kifayət etmir. Müasir istehlakçı məhsulun mənşəyinə, istehsal standartlarına, ekoloji xüsusiyyətlərinə, qablaşdırılmasına və brend reputasiyasına da xüsusi diqqət yetirir.

Bu baxımdan “Made in Azerbaijan” brendinin aqrar məhsullar üzrə daha sistemli təşviqi mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, Azərbaycan məhsullarının beynəlxalq sərgilərdə, ticarət missiyalarında və xarici bazarlarında daha geniş tanıdılması zəruri məsələlərdən biridir. Bu sahədə brendləşmə məhsulun bazarda fərqlənməsinə, daha yüksək qiymət seqmentində mövqe tutmasına və istehlakçı etimadının formalaşmasına xidmət edir. Bu isə öz növbəsində ixrac gəlirlərinin artmasına imkan yaradır.

Xatırladaq ki, “Made in Azerbaijan” Azərbaycanın məhsullarının beynəlxalq bazarda tanıdılması və ixracının təşviqi məqsədilə yaradılmış milli brenddir. Bu təşəbbüs Prezident İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin tərkib hissəsi olaraq həyata keçirilir və ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxışını asanlaşdırmağa, Azərbaycanın ixrac potensialını artırmağa xidmət edir.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Azərbaycanın aqrar ixrac strategiyasının yeni mərhələsində 3 əsas istiqamət – bazarların diversifikasiyası, əlavə dəyərin artırılması və logistika imkanlarının genişləndirilməsi ön plana çıxır. Bununla yanaşı, fermerlərin maarifləndirilməsi, sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi də vacib vəzifələr sırasındadır. Çünki müasir dünya bazarlarında uğur qazanmaq üçün məhsulun yetişdirilməsi ilə yanaşı, onun beynəlxalq standartlara uyğun hazırlanması və təqdim olunması da əsas şərtlərdəndir.

Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən yanaşmalar göstərir ki, Azərbaycan aqrar siyasətində yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas xüsusiyyəti yalnız istehsalın artırılması deyil, həm də istehsalın bazar və ixracyönümlü, eləcə də yüksək əlavə dəyər yaradan model əsasında təşkil edilməsidir.

Yeni inkişaf fəlsəfəsinin mərkəzində torpaq resurslarından səmərəli istifadə, çevik subsidiya siyasəti, emal sənayesinin inkişafı, logistika imkanlarının genişləndirilməsi, bazarların diversifikasiyası və “Made in Azerbaijan” brendinin gücləndirilməsi dayanır.

Nəticə etibarilə qarşıya qoyulan hədəf isə, sadəcə, daha çox məhsul ixrac etmək deyil. Burada əsas məqsəd daha rəqabətli, daha yüksək əlavə dəyər yaradan, dayanıqlı və gəlirli aqrar ixrac modeli formalaşdırmaqdır. Məhz bu yanaşma kənd təsərrüfatının uzunmüddətli inkişafını gerçəkləşdirməklə yanaşı, qeyri-neft iqtisadiyyatının, ölkənin beynəlxalq iqtisadi mövqelərinin daha da güclənməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat