Növbədənkənar parlament seçkilərinin ən böyük özəlliyi Azərbaycanın bütün ərazilərində keçirilməsidir

post-img

Müsahibimiz Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarovadır

– Arifə xanım, Prezident İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın ilk gününə təyin edilmiş növbədənkənar parlament seçkilərin­də deputat mandatı uğrunda mübarizə gündən-günə güclənir. Hazırda seçki prosesi hansı mərhələdədir? 

– Seçki kampaniyası namizədliyin irəli sürülməsi, təsdiq olunması, qeydə alınma­sı, təşviqat və təbliğat dövrü, seçki günü və səsvermənin nəticələrinin dərc olun­ması kimi mühüm mərhələlərdən ibarətdir. Azərbaycan Respublikasının Milli Məcli­sinə növbədənkənar seçkilərlə əlaqədar hazırda gərgin mərhələyə qədəm qoymu­şuq. İndiki vaxtda seçki prosesinin ilkin və önəmli mərhələlərindən birində – həm namizədliyin irəli sürülməsi, həm də na­mizədliyin qeydə alınması prosesindəyik. 

Passiv seçki hüququ olan və özünü Milli Məclisin depuatatı görmək istəyən hər bir vətəndaş mövcud olan 125 seç­ki dairəsi üzrə öz namizədliyini irəli sürə bilər. Əlbəttə ki, vətəndaşlarımızın seç­mək və seçilmək hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunub. Seçki Məcəlləsinin tələbinə görə, namizədliyin irəli sürülməsi 4 subyekt tərəfindən həyata keçirilir: özü təşəbbüs göstərən namizəd, seçicilərin təşəbbüs qrupu, siyasi partiya və siyasi partiyala­rın bloku. Yeri gəlmişkən, növbədənkənar seçkilərdə diqqət çəkən məqamlardan biri də siyasi partiyaların prosesə çox fəal qo­şulmalarıdır. Bu vaxta qədər ölkə üzrə 22 siyasi partiya səlahiyyətli nümayəndələrini Mərkəzi Seçki Komissiyasında qeydiyyat­dan keçirib. 

MSK-nın əsas istiqamətverici sənədlə­rindən biri də seçkilərin hazırlanıb keçiril­məsi ilə əlaqədar Təqvim planıdır. Təqvim planında seçki prosesi boyunca həyata keçiriləcək bütün seçki hərəkətləri, bunla­rı həyata keçirəcək subyektlərin dairələri qanunvericiliyin tələbləri əsas götürül­məklə işlənib hazırlanmış və bütün seç­ki dairələrinə çatdırılıb. Təqvim planına əsasən, deputatlığa namizədliyin qeydə alınması üçün sənədlərin təqdim edilməsi iyulun 13-dən başlayıb və avqustun 2-si saat 18-00 dək davam edəcək. Qanun­vericilikdə namizədliyin irəli sürülməsinin son müddəti göstərilməyib. Amma qey­də alınmanın son müddəti konkret vaxtla müəyyən edilib. Artıq namizədlər arasın­da elələri var ki, tələb olunan imzaları toplayaraq sənədləri aidiyyəti dairə seçki komissiyasına təqdim ediblər. Seçki Mə­cəlləsinin tələbinə görə, namizəd qeydə alınması üçün imza vərəqlərini və onlara əlavə edilmiş digər zəruri seçki sənədlərini dairə seçki komissiyalarına qaytarmalıdır. Məlum olduğu kimi, hər bir namizəd ən azı 450 etibarlı imzanı dairə seçki komis­siyasna təqdim etməlidir. Bu sənədlər vax­tında və lazımı qaydada qaytarılmadıqda, dairə seçki komissiyası həmin şəxsə və ya siyasi partiyalar blokunun nümayən­dəsinə sənədlərin qaydaya salınmasını təklif edir. Seçki Məcəlləsinin tələblərinə görə, qeydiyyatla bağlı təqdim edilmiş sənədlərə dairə seçki komissiyalarında 7 gün müddətində baxılır. Təqdim edilmiş bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilibsə, həmin şəxsin namizədliyi qeydə alınır. 

– Bəzən elə hallar olur ki, namizəd­liyi qeydə alınmayanlar, guya, onlara qarşı haqsızlıq olduğunu və ya süni ən­gəllər yaradıldığını iddia edirlər. Seçki təcrübənizdə belə hallarla rastlaşmısı­nızmı?

– Namizədliyin qeydə alınması pro­sesində süni əngəl ola bilməz. Əksinə, Mərkəzi Seçki Komissiyası namizədli­yini irəli sürmüş şəxslərə hər cür şərait yaradıb. Seçki Məcəlləsi ilə namizəd­lliyini irəli sürmüş şəxslərə tələb olu­nan sənədləri və imza toplanması üçün kifayət qədər vaxt verilib. Həmin vaxt ərzində namizədlər tələb olunan imza­ları və digər zəruri seçki sənədlərini, yəni irəli sürülmüş namizədin müdafiə­si üçün toplanmış seçici imzaları olan imza vərəqələrini, seçici imzaları top­lanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdir­diyi formada tərtib edilmiş protokolun 2 nüsxəsini, namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər ol­muşdursa bu barədə bildirişi, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatı, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlu­matı, namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə) avqustun 2-si saat 18.00-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir. 

Qeyd etmək istərdim ki, zəruri sənəd­lərdən biri də namizədin öz əmlakı barə­sində düzgün məlumat verməsidir. Buraya şəxsə məxsus olan əmlakla yanaşı, eyni zamanda, birgə nikah dövründə malik ol­duğu, lakin həyat yoldaşının adına rəs­miləşdirilmiş əmlak barəsində də məlumat daxildir. Bundan başqa namizəd paylı və ya birgə mülkiyyətə sahibdirsə bu barədə mütləq dairə seçki komissiyalarına düz­gün məlumat verməlidir. 

Onu da qeyd edim ki, namizəd tərə­findən təqdim edilən bütün məlumatların düzgünlüyü müvafiq dövlət qurumları­nın mütəxəssislərinin də daxil olduğu işçi qrupu tərəfindən yoxlanılır. Ona görə də məlumatlar təqdim olunarkən Seçki Mə­cəlləsinin tələblərinə ciddi riayət olunma­lıdır. Digər məsələlərdən biri də namizə­din illik gəliri barədə məlumatın təqdim edilməsidir. Namizədin illik gəliri dedikdə ölkə Prezidentinin seçkilərin təyin edilməsi haqqında sərəncamı dərc edildiyi gündən əvvəlki bir il ərzində olan gəlir nəzərdə tu­tulur. Namizədin ali təhsili olmadığı halda, özünü ali təhsilli kimi təqdim etməsinə eh­tiyac yoxdur. Çünki qanunvericilikdə Mil­li Məclisin deputatı olmaq üçün ali təhsil tələbi nəzərdə tutulmayıb. 

Zəruri seçki sənədləri təqdim edilmə­dikdə həmin namizədin qeydə alınmama­sı barədə dairə seçki komissiyası tərə­findən qərar qəbul edilə bilər. Bu halda dairə seçki komissiyası namizədin qeydə alınmasından imtina edərsə, mütləq im­tinanın əsası qərarda göstərilməlidir. Na­mizəd imtina barədə qərardan razı qalma­dığı halda onun həmin qərardan qanunla müəyyən edilmiş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasına şikayət et­mək hüququ var. Ona görə də namizəd­liyin qeydə alınmasından imtina barədə dairə seçki komissiyasının qərarı qanuni və əsaslı olmalıdır. 

Fürsətdən istifadə edib qəzetiniz va­sitəsilə dairə seçki komissiyalarının diqqə­tinə çatdırmaq istəyirəm ki, seçki komis­siyasının bütün qərarları qanunvericiliyin tələblərinə uyğun olmalı və əsaslandı­rılmalıdır. Qeyd edim ki, Seçki Məcəllə­sinin tələbinə uyğun olaraq hər bir dairə seçki komissiyasının nəzdində aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət işçi qrupu fəaliyyət göstərir. Həmin mütəxəssislər öz fəaliyyət istiqamətlərinə uyğun olaraq namizədin qeydə alınması üçün təqdim edilmiş zəruri seçki sənədlə­rini yoxlayır və müvafiq rəy tərtib edirlər. Namizədin qeydə alınıb-alınmamsı məhz həmin rəy əsasında həyata keçirilir. 

- Vətəndaşların seçki hüquqlarının pozulmasının qarşısının alınması qa­nunvericilikdə necə tənzimlənir?

-Vətəndaşların seçki hüququnun təmi­natı Seçki Məcəlləsində öz əksini tapıb. Bu, birbaşa seçki komissiyalarının üzərinə qoyulmuş vəzifədir. Eyni zamanda, qanun­vericilik bu hüquqların həyta keçirilməsinin məhkəmə yolu ilə təminatını da nəzərdə tutur. Seçki subyektləri seçki prosesinin istənilən mərhələsində seçki hüququları­nın pozulduğunu güman edərsə, müvafiq seçki komissiyasına müraciət edə bilər. Bu hüquqa seçici, namizəd, qeydə alın­mış namizəd, siyasi partiya və siyasi parti­yalar blokunun səlahiyyətli nümayəndəsi, müşahidəçi, vəkil edilmiş şəxs malikdirlər. Qanunvericiliyə görə, məntəqə seçki ko­missiyalarının qərar, hərəkət və hərəkət­sizliyindən müvafiq dairə seçki komissi­yasına, dairə seçki komissiyasının qərar, hərəkət və hərəkətsizliyindən Mərkəzi Seçki Komissiyasına, sonuncunun qəra­rından, hərəkət və hərəkətsizliyindən isə müvafiq apellyasiya məhkəməsinə şi­kayət etmək olar. Seçki subyektləri hətta Ali Məhkəməyə qədər müraciət edə bilər­lər. Şikayətlər isə seçki prosesinin müxtəlif mərhələlərinə aid ola bilər. Bu, namizəd­liyin irəli sürülməsindən başlarayaq, son mərhələni də əhatə edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, əgər vətəndaş hesab edirsə ki, onun seçki hüququ pozulur, bu halda həmin şəxsin seçki komissiyalarına müraciət etmək hüququ var. 

Seçki Məcəlləsinin tələblərinə görə, seçki komissiyalarına daxil olmuş müra­ciətlər komissiyaların nəzdində yaradl­mış ekspert qrupları tərəfindən araşdırılır. Mərkəzi Seçki Komissiyasının nəzdində 9, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupu forma­laşdırılıb. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qru­punun üzvləri peşəkar hüquqşünaslardan ibarətdir. Əgər vətəndaş seçki dairəsinin qərarından MSK-ya rəsmi şikayət edər­sə, həmin ərizə ekspert qrupunun üzvləri tərəfindən araşdırılır və 3 gün müddətin­də baxılır. Əgər səsvermə gününə 3 gün­dən az müddət qalıbsa, müraciətə 2 gün ərzində baxılmaldır. Səsvermə günü və ondan sonrakı gün daxil olan şikayətlər isə dərhal araşdırılır.

– Seçkilərdə şəffaflığın və aşkarlı­ğın təmin olunmasında müşahidəçilə­rin rolu böyükdür. Kimlər seçkiləri mü­şahidə edə bilərlər? 

– Tamamilə haqlısınız, seçki prose­sində aşkarlığın və şəffaflğın təmin edil­məsində müşahidəçilərin böyük rolu var. Dünya seçki praktikasında da seçkilərin şəffaflığının təmin olunmasında müşahi­dəçilik institutunun önəmi xüsusi vurğula­nır. Seçki Məcəlləsinə görə seçki komis­siyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsver­mə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunla­rı haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki ko­missiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna ol­maqla) surətlərini almaq, seçki komissiya­larında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər. Aktiv seçki hüququ olan, qa­nunla müəyyən edilmiş qaydada 18 yaşı tamam olmuş Azərbyacan Respublikası­nın vətəndaşları, məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətsizliyi elan edilmiş şəxslər istisna olmaqla, bütün vətəndaşlarmızın müşahidə aparmaq hüququ var. Vətəndaş öz təşəbbüsü ilə də bu hüququ əldə edə bilər. 

Ölkə üzrə bütün seçki dairələrində müşahidə aparılması üçün aktiv seçki hüququna malik Azərbaycan vətəndaş­ları, öz təşəbbüsü ilə, qeydə alınmış na­mizədin, siyasi partiyanın, siyasi partiya­lar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, bey­nəlxalq müşahidəçilər ərizələrini seçkilə­rin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni 2024-cü il avqustun 22-dək Mərkəzi Seçki Komissiyasına təqdim edə bilərlər. 

Seçki dairəsinin ərazisində müşa­hidə aparmaq niyətində olan subyektlər isə ərizələrini seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olun­duğu gündən başlayaraq seçkilərin keçi­rilməsinə 5 gün qalanadək, yəni avqustun 27-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edə bilərlər. Qeyd edim ki, bu müşahidəçilər səsver­mə günü müşahidə aparmaq hüququnu yalnız həmin seçki dairəsinin ərazisində həyata keçirirlər. Bu müşahidəçilərin digər seçki dairəsinin dislokasiyasında müşahi­də aparmaq hüququ yoxdur. 

Beynəlxalq müşahidəçilərə gəlincə, bildiyiniz kimi Azərbaycanda keçirilən seç­kilər daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Hər dəfə ölkəmizdə seç­ki keçiriləndə çoxlu sayda beynəlxalq mü­şahidəçi həmin seçkilərin gedişini izləyib və öz təəssüratlarını bölüşüblər. Seçkiləri müşhahidə etmək istəyən beynəlxalq təş­kilatlar müşahidə aparmaq üçün MSK-ya müraciət edib akkreditasiyadan keçdikdən sonra xüsusi lövhəciklərlə təmin edilir və seçki prosesini sərbəst izləyirlər. Ölkəmiz­də keçirilən seçkilərdə qanunvericiliyin tələblərinə əsasən beynəlxalq müşahidə­çilərlə yerli müşahidəçilər eyni hüquq və vəzifələrə malikdirlər. 

– Növbədənkənar seçkilərin önəmli xüsusiyyətlərindən biri də respublika­mızın bütün ərazisində keçirilməsidir...

– Seçkilərin bütün ərazilərimizdə ke­çirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. Bu ilin əvvəlində növbədənkənar Prezident seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsinə hamımız qürurla şahidlik etdik. İndi isə parlament seçkilə­rinin də bütün ərazilərimizdə keçirilməsi­nin sevincini yaşayırıq. Uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları böl­gələrdə deyil, öz ata-baba yurdlarında səs verəcəklər. Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayı­dış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərirəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb. Bütün bu sadaladığımız məqamlara əsasən, deyə bilərik ki, növ­bədənkənar parlament seçkiləri ölkəmizin həyatında əlamətdar ictimai-siyasi ha­disələrdən biridir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV
XQ

Müsahibə