Avropada yaşayan azərbaycanlılar

post-img

Bakıda Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının yığıncağı keçirilib.

Tədbirdə Avropada yaşayan Azərbaycan Diaspor Təşkilatının nümayəndələri, ölkəmizdəki qeyri-hökümət təşkilatının rəhbərləri və media təmsilçiləri iştirak ediblər.

Tədbir Zəfərimizin 5 illik yubiley ilində Azərbaycanın səsini Avro-Atlantik məkanında ucaldan Beynəlxalq Tərəfdaşlıq Platformasının fəaliyyətinə həsr olunub. 

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov giriş nitqində qeyd etdi ki, 25 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin və Avropa İttifaqı yanında Nümayəndəliyində təsis edilən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) son dövrlərdə BMT, Avropa Parlamenti, UNESCO, ATƏT-in Varşava ofisi, Cenevrə və digər Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. EAPCA – Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən transmilli lobbiçilik və tərəfdaşlıq platformasıdır. EAPCA-nın baş katibi Sahil Qasımov bildirdi ki, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edən Müvəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr hər zaman bizim dayağımız olub: 

-Biz güclü liderimizə güvənərək Avropada Azərbaycanın mənafeyini müdafiə edirik. Avropada yaşayan və işləyən azərbaycanlıların üzərinə çox böyük lobbiçilik məsuliyyəti düşür. Tək Niderland kimi bir ölkədə 12 erməni kilsəsi onların lobbi təşkilatları tərəfindən yüksək səviyyədə maliyyələşdirilərək Azərbaycan əleyhinə təbliğatlarını genişləndirməkdə davam edirlər. İnanın ki, BMT və UNESCO tribunalarından etiraz çıxışları etməyimə baxmayaraq, Niderland Senatı dəfələrlə Azərbaycana qarşı qərəzli mövqelərini nümayiş etdiriblər. İş o yerə çatdı ki, mən humanizm prinsiplərini nəzərə alaraq Niderland kralına məktub yazdım və ona bildirdim ki, bir kral kimi ədalət naminə qərar versin. Qısa vaxtdan sonra krallıqdan məktubuma cavab aldım. Aldığım sənəddə qeyd olunurdu ki, kral özü şəxsən bu mühüm məsələ ilə məşğul olacaq.

Tədbirdə  Milli Məclisin deputatı, siyasi şərhçi Elman Nəsirov, Milli Məclisin deputatı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Əməkdar jurnalistlər Azər Həsrət, Rauf Arifoğlu və başqaları çıxış edərək bildirdilər ki, dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir. 

Bu gün bütün dünyada Azərbaycanın Zəfərini və reallıqları qəbul etməyən erməni havadarlarına cavab vermək üçün mətbuatımızın üzərinə çox böyük məsuliyyət düşür.  

Sonda EAPCA-nın baş katibi Sahil Qasımov media nümayəndələrini təmsil etdiyi təşkilatı adından mükafatlarla təltif etdi və jurnalistlərə EAPCA-ya dəstək olduqlarına görə təşəkkür etib. Xatirə fotoları çəkilib.

Beynəlxalq Diaspor Təşkilatının sədri İsmayıl Ağayev: - Bu il biz Avropanın bir çox ölkələrində, xüsusilə, Çexiya, Macarıstan və Avstriyada Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq üçün tədbirlər keçirmişik. Zəngəzur Dəhlizinin beynəlxalq müstəvidə bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsi naminə görülən dövlət tədbirlərinin əhəmiyyətindən bəhs etmişik. Qərbi Azərbaycana Qayıdış konsepsiyası ilə bağlı da qarşıda duran hədəflərdən söhbət açmışıq. Günlərlə Avropa mediasında Azərbaycan həqiqətlərinin nəşr olunmasına çalışmışıq və buna nail olmuşuq. Çünki dünya gördü ki, Azərbaycan 44 gündə dövləti, xalqı və ordusu ilə birgə işğal altında qalan torpaqlarını xilas etdi. Hara gediriksə tarixi qələbəmizin köklərini təfsilatı ilə geniş ictimaiyyətə, xüsusilə tərəqqipərvər ziyalılara çatdırmağa çalışmışıq.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli: - Azərbaycanın tanıtımına xidmət edən bütün təşəbbüslər dəsəklənməlidir. Bu məqsədlə, yeni yaranmış qurumların gödüyü bütün işlər lazımi şəkildə dəyərləndirilməlidir. Son illər Azəbaycan çox ciddi bir dönəmə daxil olub. Bilirsiz ki, bir təəfdən Avrasiya məkanında, digər tərəfdən isə Asiya regionunda mövqeyimizi gücləndiririk. Daha sonra tarixi ipək yolunun genişləndirilməsi, Zəngəzur dəhlizi vasitəsilə dünya ölkələrinin Avropaya ineqrasiyası baxımından da Azəbaycan ciddi coğafi məkanda yerləşir. Rəhbərlik ediyim təşkilatla birgə  davamlı olaraq Qərbi Azərbaycana Qayıdış konsepsiyası üzərində işləyirik. Prezident İlham Əliyevin də siyasi sferada bu mövzu ilə bağlı çox ciddi tapşırıqları var. Hesab edirəm ki, bu konsepsiyanın dünyanın bütün ölkələrində təmsil olunması naminə Avro-Atlantik regional təşkilatla əməkdaşlığımızda da maraqlı olmalıyıq. 

Fidan SALMANOVA
Kəmalə ABDİNOVA
XQ













Sosial həyat