İsrail ordusu Qəzza sektorunu müvəqqəti tərk edə bilər

post-img

İsrail Fələstinin HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasını əldən qaçırmamaq üçün qoşunlarını müvəqqəti olaraq Qəzza sektorundan çıxara bilər.

AZƏRTAC xəbər verir ki, “The Jerusalem Post” nəşri bu barədə İsrail ordusundakı yüksəkrütbəli şəxslərə istinadla məlumat yayıb.

Məlumata görə, bu, HƏMAS-ın əlindəki 18-33 girovun azad edilməsinə səbəb ola bilər. Yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu Vaşinqtona üç günlük səfəri zamanı ABŞ rəsmiləri ilə razılaşmanın şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, iyul ayında İsrail və HƏMAS vasitəçilər vasitəsilə girovların azad edilməsi müqabilində Qəzza sektorunda atəşkəs danışıqlarını bərpa edib.

ABŞ Prezidenti Cozef Baydenin İsrail adından Qəzzada münaqişənin həlli ilə bağlı yeni planını açıqlamasından sonra danışıqlar prosesi bir aydan çoxdur ki, dalana dirənib. Son iki həftə ərzində Doha və Qahirədə İsrail və vasitəçi ölkələrin nümayəndələri arasında bir neçə görüş keçirilsə də, konkret irəliləyiş əldə olunmayıb.

İsrail tərəfinin məlumatına görə, HƏMAS hərəkatının əlində hələ də 120 girov qalır ki, onların da 40-dan çoxunun öldüyü güman edilir. İndiyədək müxtəlif əməliyyatlar və humanitar səylər nəticəsində 135 yəhudi əsir Qəzza sektorundan ölü və ya sağ çıxarılıb.

Dünya