Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin deyilir: “Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.
Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.