Ümummilli tribunanın şərəfi və məsuliyyəti

post-img

22 İyul Milli Mətbuat Günü hər il olduğu kimi, milli jurnalistikamızın ərsəyə gəlməsinin 149-cu ildönümündə də ölkənin hər yerində ümumxalq sevgi-sayğısı və qədirbilənliyi ilə qeyd edilir.

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi, Audiovizual və Mətbuat  şuralaralarının paytaxtda keçirdiyi təntənəli mərasimdə əsryarım əvvəl böyük maarifçi ziyalı və xalq xadimi Həsən bəy Zərdabinin yurdsevərlik səyləri ilə ölkəmizdə milli mətbuatın yaranması sivil inkişaf tariximizin önəmli hadisəsi kimi dəyərləndirildi. Toplantıda milli oyanış və istiqlal mübarizəmizin ümumxalq tribunası olmuş milli mətbuatımızın 1 əsrdə 2 dəfə dövlət müstəqilliyimizin bərpa edilməsində misilsiz rolu öyünclə yad edildi. 

Çıxışlarda və həmkarlarımızın masaətrafı söhbətlərində müstəqillik dövründə azad, demokratik jurnalistikamızın tarixi yüksəliş prosesinə, Ermənistanın işğalçılıq siyasətinin dəf edilməsinə, ərazi bütövlüyümüzün bərpa edilməsinə verdiyi davamlı informasiya dəstəyi, dördüncü hakimiyyət missiyasının bundan sonra da çevik və peşəkarcasına gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr diqqət mərkəzində oldu. lkəmizin media qurumlarının təmsilçilərindən “Xalq qəzeti” və “Xalq TV” üçün aldığımız ayaqüstü müsahibələri təqdim edirik:

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu:

– Bu gün milli jurnalistikamızın qarşılayıb yola saldığımız 149-cu ildönümü çox şərəfli, tarixi bir yoldur. Həsən bəy Zərdabi yalnız “Əkinçi” qəzetini yaratmadı. O, həm də elə bir məşəl yandırdı ki, biz onun bu gün işığına toplaşmışıq. Milli mətbuatımız XIX əsrin sonu, XX əsrin əvvəllərində elə bir yol qət etdi ki, Azərbaycan Cümhuriyyətinin yaradılması ideyalarını ortaya qoydu. Ədəbiyyatşünaslarımız, publisistlərimiz, cümhuriyyəti yaradan qurucu babalarımız məhz o mətbuatdan boy göstərdilər, milli idealımızın şinelindən çıxdılar. Dövlətçiliyimizin təməl prinsipləri də məhz milli mətbuatımızın ilk nəşri “Əkinçi”nin səhifələrində qoyuldu. Sovet dönəmində belə jurnalistikamız milli inkişaf və ümumi tərəqqiyə xidmət etdi – “Əkinçi” nin ideyaları, qarşısına qoyduğu vəzifələr davamlı olaraq gerçəkləşdirildi.

Böyük ədiblərimizin, böyük kişilərin qoyduğu yoldan əsla dönmədik. Milli mənliyimiz, milli məfkurəmiz o insanların yazdıqları hər bir sətirdə qətrə-qətrə xalqımızın iliyinə, qanına işlədi. Nəhəng əsərlər bu ideyalardan yoğruldu. Baxın, bizim günlərdə Vətən savaşında qəhrəmanlıq göstərən övladlarımız o əqidədən, məsləkdən tərbiyə aldılar. Birinci və İkinci Qarabağ müharibəsində işğalçı düşmənlərimizin qarşısına çıxaraq şərlə döyüşən oğullar həmin şanlı tariximizi – “Əkinçi”ni ərsəyə gətirən, bütün varlığı ilə yurda sahib çıxan ziyalıların cəngavər nəvə-nəticələridirlər. 

Vətən müharibəsində Azərbaycan mediası da sona qədər döyüşdü və Zəfərimizə söz dəstəyi verdi. Azərbaycan jurnalistikası döyüşkənliyini bütün dünyaya nümayiş etdirdi.   Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi günlərindəki çıxışları, çoxsaylı müsahibə və açıqlamaları tələbə jurnalistlərimiz üçün dərs vəsaitidir. tən il mayın 10-da cənab Prezident Şuşadan çıxış edərkən dedi ki, Zəfərimiz çiyinlərimiz üzərinə böyük bir məsuliyyət qoyub. Biz bu zəfərimizə layiq olmalıyıq. 

Böyük Həsən bəyin istəyi sivil və  yurdsevər xalqın, ölkəsinə sahib çıxan insanların mətbuatını yaratmaq idi. Bu gün biz hamılıqla müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını və milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qəbrini ziyarət etdik, onlara sonsuz ehtiramımızı, vəsiyyətlərinə sədaqətimizi sərgilədik. Bu böyük millət fədailərinin ruhu hər zaman başımız üzərindədir və bizi yeni uğurlara yönəldir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Rauf  Arifoğlu:

– 149 rəqəminin özü bir qürur mənbəyidir. Bu, Azərbaycan mediası nın qaynağının haralara gedib çıxmasının, möhtəşəm tarixə bağlılığının göstəricisidir. Bu, müstəmləkə şəraitində xalqımızın milli varlığını yaşatmasının, özünütəsdiq mübarizəsinin uğurudur.  İkincisi, Azərbaycan ziyalılarının əsryarım əvvəl cəhalətə və ümumi geriliyə qarşı aydınlatma cəhdlərinin baş tutmasıdır. Biz Həsən bəy, Mirzə Cəlil, Üzeyir bəy kimi xalq və dövlət mətbuatı yaratmış kişilərin çörəyini yeyirik. Sözün obrazlı mənasında onların yolunu davam etdiririk. Onlar Azərbaycanımız üçün məfkurə, milli ideal əkdilər, ictimai söz səpdilər.

Biz zəngin və şərəfli bir bağın məhsullarıyıq. Biz bu gün söz əkmə peşəsini qürurla yerinə yetiririk. Bugünkü jurnalistikamız dünyanın ən müasir texnologiyalı mediası ilə klassik mətbuatın vəhdətini təşkil edir. Biz keçmiş ənənələrimizə sadiq qalaraq, media dünyamızı zənginləşdiririk. Azərbaycan mediası Qafqazın öndə gedən demokratik, söz azadlığına yiyələnmiş ictimai-siyasi və mədəni-məfkurəvi fəaliyyət sferasıdır.

lməz Həsən bəy Zərdabi xoşbəxtdir ki, onun qoyduğu yolla – xalqı tərəqqiyə yönəltmək istiqamətində gedirik. Milli mətbuatımızı yaradıb yaşadanlar bugün ruhən bizimlədir. Bu,  hər bir söz adamının xoşbəxtlik yaşantısıdır. Azərbaycan jurnalistlərini milli mətbuatımızın doğuluş günü, peşə bayramına çevrilmiş tarix münasibətilə təbrik edirəm. Bu təntənə təkcə bizim yox, həm də oxucularımızın bayramıdır. Deməli, bütün xalqın bayramıdır. 22 iyul sözün, qələmin bayramıdır!

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov:

– Bu günlər bizim ikiqat bayramımızdır. İdman jurnalistləri Azərbaycan övladlarının Olimpiadada qazanacağı uğurları səbrsizliklə gözləyirlər. Biz sizin “Xalq qəzeti” ilə yaxından əməkdaşlıq edirik. Qəzetinizin səhifələrində idmanla bağlı yüksək səviyyədə yazılar hazırlanır, qələbə soraqlı informasiyalar oxucuların diqqətinə çatdırılır. Bu özü də bir uğurdur. Mətbuat səhifələrində bədən tərbiyəsi və idmanın təbliğ olunması xalqın səviyyəsinin, inkişafının göstəricisidir. 

Bu gün Azərbaycanın idman jurnalistləri Avropa media məkanında uğurla çıxış edirlər. Mən deyərdim ki, bu da “Əkinçi” nin bizə miras qalan mədəni dünya ilə əlaqələr qurmaq və bu siyasəti həyata keçirmək missiyasıdır.

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfael Becanov:

– Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçərək sivil, modern mediaya çevrilib. Ona görə də bu gün biz mətbuatımızın tarixindən qürurla danışırıq və öyünürük. Azad, müstəqil medianın nümayəndəsi kimi ölkədə yaradılan demokratik şəraitdən çox razıyam. Çətinliklərlə üzləşsək də, dövlət hər zaman köməyimizə çatıb, borclarımız silinib. Jurnalistlər dövlətin bizə yaratdığı şansdan yararlanaraq xalqa xidmətini davam etdirir. Azad medianın inkişafı üçün müstəqillik dövründə mükəmməl hüquqi baza yaradılıb. Senzuranın ləğv olunması ta rixi nailiyyətdir və istədiyimiz mövzunu işıqlandıra bilirik. Həsən bəy Zərdabinin ruhu bütün bunlardan şaddır. Biz isə onun əkdiyi qocaman ağacın cavan pöhrələriyik. Bu ilin əvvəllərində Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə yeni bir dövrün başlanmasını qeyd etdi. Və bu yeni dövrdə Azərbaycan Media nümayəndələrinin də üzərinə böyük məsuliyyət düşür.

Müstəqil Azərbaycanda söz, qələm sahibi olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu məsuliyyət özünü vətəninə və xalqına borclu bilmək, həqiqətə sadiq qalmaqdır. Bu bayram günündə bütün həmkarlarımı təbrik edirəm. “Əkinçi”nin 1 əsrlik davamçısı – 105 yaşlı qocaman “Xalq qəzeti”nin kollektivinə yeniləşmə yolunda növbəti yaradıcılıq uğurları arzulayıram.

Türküstan Media Qrupunun rəhbəri Aqil Camal:

– Biz Türk dünyasının birliyi və əzəməti naminə mətbuatda öz sözümüzü deyirik. Bu gün bütün dünya Türk dünyasının birliyini görür. Biz bu birliyin, tarixi qovuşmanın önündəyik. Elə buna görə də dövlətimizin apardığı siyasəti öz yazılarımızda ətraflı işıqlandırmaqla  ümumtürk birliyinə xidmətimizi həvəslə davam etdiririk. Bizim media qrupumuzun hər bir üzvü Azərbaycan mediasının fədakar nümayəndələridir. Çünki məsləkimiz türkün gücü, əyilməzliyi, dönməzliyi və sədaqəti anlamını bütün dünyaya çatdırmaqdır. 

Əlbəttə, qələmimizin gücünə, ölkəmizdə yaradılan söz azadlığına güvənərək qarşımıza qoyduğumuz amala çatmaq uğrunda gördüyümüz işin uğurla nəticələnəcəyinə inanırıq. Turan elləri, Türk dünyası bizim sədaqətli oxucularımızdır.  Milli jurnalistika  günündə “Xalq qəzeti” nin yaradıcı heyətinə daim “Əkinçi” qəzetinin tarixi davamçısı missiyasını gerçəkləşdirməkdə uğur diləyirik. Milli mediamızın tarixi təcrübəsi və ənənələri qəzetinizdə yaşayaraq bugünümüzə çatıb. Mediamızın böyük Turan naminə mübarizənin də önündə getməsindən qürur duyur, güc alırıq.

Kəmalə ABDİNOVA 

Elşən AĞALAR (foto)

XQ

 

 

 











Müsahibə