Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilər orada özlərini narahat hiss edirlər. Ermənistandan gələn maraqlı xəbərlərin içində bu məlumat diqqətimizi çəkdi. Belə məlum olur ki, rəsmi İrəvanın ev-eşik, iş-güc, hər cür təminat vəd etdiyi Qarabağ erməniləri ilə orada “ikinci sort” vətəndaşlar kimi davranırlar. Hayastanda “gəlmələr”in hüquqları addımbaşı pozulurmuş. Misal üçün, müxtəlif səbəblərə görə həbs olunan Qarabağ ermənisi azadlığa çıxdıqdan sonra istirahət və xidmət obyektlərinə buraxılmır, onun böyük mağazalara baş çəkməsi qadağandır. Onun keçmiş işçiləri və eyni cinayət işində iştirak edən şəxslərlə ünsiyyəti də qadağan edilib.
David Sarkisyan adlı separatçının başına gətirilənlər isə bir çox baxımdan daha maraqlı hekayətdir. Buradaca oxuculara xatırladaq ki, Sarkisyan Qarabağ separatçılarının “seçkilər” adlandırdığı şounun nəticəsində Xankəndinin “meri” olub. Şounun nümayişi 2019-cu il sent yabrın 8-də baş tutub. Dünyanın heç bir ölkəsinin legitimliyini tanımadığı həmin “seçkilər”ə görə Sarkisyan Ermənistanda heç kimdir. Amma, mer “postunda” olarkən Azərbaycanın Xankəndini “blokadaya alması” barədə feyk-xəbərləri aktiv şəkildə yayanlardan biri olub. Daim ərzaq, dərman, benzin çatışmazlığından şikayətlənən bu hay Qarabağdakı separatçı xuntaya dünya ictimaiyyətinin şəfqətini cəlb etməklə məşğul imiş.
İntəhası, yalanın və oğurluğun ömrünün 40 gün olduğunu unudan sarkisyanların iç üzü tezliklə açıldı. Keçən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirindən sonra oradakı ərzaq anbarlarının ağzına qədər ərzaqla dolu olduğu üzə çıxdı. Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşdığı təsdiqlənən Sarkisyanın əsas missiyası yerli erməniləri daim qorxu altında saxlamaq imiş.
Yeri gəlmişkən, Xankəndidəki xunta rejiminin sonuncu lideri Samvel Şahramanyan da Ermənistanda yaxşı günlərini yaşamır. Onu da gözümçıxdıya salıblar. Erməni mediası və bloqerlərinin yazdığına görə, onun İrəvandakı çoxlu daşınmaz əmlakı və mülkləri əlindən alınıb.
Bu da koçaryanların, sarkisyanların, vardanyanların Qarabağ ermənilərinin hesabına əldə etdikləri haram pulların aqibəti. İndi Ermənistan məhkəməsinin, reallıqda olduğu kimi, cinayətkar adlandırdığı D.Sarkisyan da onların qazdıqları quyunun divarlarını cırmaqlamaqdadır. Bu isə o deməkdir ki, Ermənistanda Qarabağ xuntasının keçmiş üzvləri üçün hər şey heç də hamar və rahat deyil. Vaxtaşırı bəyanatlar verən “separatçıbaşı” S.Şahramanyanın da başı üzərinə qara buludlar alıb. z hayları tərəfindən acınacaqlı vəziyyətə salınmış, “ağ qarğa”lara döndərilmiş sarkisyanlar indi layiq olduqları həyatı yaşayırlar. Onların Xankəndidə “hakimiyyətdə” olarkən, Qarabağ ermənilərinin başında hansı “qozları” sındırdıqlarını təsəvvür etmək belə çətindir.
İrəvanın kənardakı “züytutanları” isə Bakıdan əlləri qandallanmış Qarabağ xuntasının liderlərini azad etməyi tələb edir, hətta “Qarabağ ermənilərinin pozulmuş hüquqlarının” bərpası barədə danışmağa cürət edirlər. Ermənistanın maskalı təəssübkeşlərinin cavabını Bakı deyil, statistika verir.
İyunun 1-nə olan məlumata görə, Qarabağı könüllü tərk edən və Ermənistanda məskunlaşan 17 743 erməni hava və quru yolu ilə ölkəni tərk edib. Onlardan cəmi 7 435 nəfəri geri qayıdıb. Deməli, “ana vətənləri”ndə “ağ qarğa”ya çevrilmiş Qarabağ erməniləri Ermənistanda özlərini yiyəsiz və narahat hiss etdiklərinə görə geri qayıtmaq istəmirlər. Təbii ki, rəsmi İrəvan bu barədə susur. Bu faktın özü də onun ikiüzlülüyünə dəlalət edir.
İ.HƏSƏNQALA
XQ