İngilis dilində Zəndəgurun tarixi haqqında kitab təqdim olunub

post-img

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəngəzurun tarixi arxiv sənədlərinin fonunda etnoqrafik və geosiyasi reallıqları” layihəsi nəticəsində “Historical and ethnographic panorama of Zangezur on the archive documents background” kitabı və Zəngəzur tarixi haqqında videoçarx ərsəyə gəlib.

Dalğa Plazada Strateji Kommunikasiyalar Mərkəzinin iclas zalında keçirilən təqdimatda kitabın müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova Zəngəzurun tarixi və etnoqrafik mənzərəsinin ingilis dilində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilmiş arxiv sənədlərinin əsasında işıqlandırılan faktlar Qərb siyasi və akademik dairələri üçün təkzibolunmaz elmi baza mənbəyidir. Müəllif maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə, kitabın hazırlanmasında əməyi olan redaktor-məsləhətçi, arxiv işinin bilicisi Rəzzaq Xansuvarova və tərcüməçi Məmməd Nəcəfzadəyə təşəkkürünü bildirib. 

Kitabda çoxlu unikal faktlar yer alıb. Onlardan öncülü Zəngəzurun ilkin inzibati dəyişikliklərınin göstərilməsi, türk mənşəli tayfaların, minbaşılıqların təsviri, köçürülmüş ermənilərin azərbaycanlılara qarşı əsassız məhkəmə iddiaları, Comərdli kəndi və Sisian mahalı haqqında maraqlı məlumatlar, 1832 və 1873-cü illərdə ermənilərin Zəngəzura köçürülməsi barədə müfəssəl cədvəldir. Əzəli yurdumuz Zəngəzurda məskən salan azərbaycanlı yarımköçəri və oturaq tayfalar ilk dəfə olaraq bu kitabda işıqlandırılıb. Burada məskunlaşma ilə bağlı müxtəlif illərdə aparılan statistik nəticələr müqayisəli şəkildə təqdim olunub. 

Nüfuzlu alimlərin, QHT nümayəndələrinin, media mənsublarının, ictimai fəalların, tələbə gənclərin iştirak etdiyi təqdimatda tarixçi alimlərdən Firdovsiyyə Əhmədova, Cəbi Bəhramov, görkəmli jurnalist, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov, tədqiqatçılar Əli Abdullayev, Bəxtiyar Həsənov, vətəndaş cəmiyyətinin fəalları Rauf Zeyni, Bahar Qasımova, İradə Rizazadə Şərqi Zəngəzur İqtisadi Zonasının yaradılmasının müstəsna əhəmiyyətini, Qərbi Azərbaycan İcmasının formalaşmasının əzəli, dədə-baba torpaqlarımıza, Zəngəzura qayıdışa ümidləri artırdığını bir daha diqqətə çəkərək mövzunun aktuallğı, tarixi sənədlərin araşdırılmasının və ingilis dilində işıqlandırılmasının vacibliyi, kitabın xarici ölkələrdə yayılmasının  əhəmiyyəti haqqında danışıblar. 

Sonda videoçarx nümayiş olunub.

Anar ƏLİ

XQ

 





Elm