Cari ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib.
Dövlət Vergi Xidmətindən redaksiyamıza bildirilib ki, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 5 milyard 875 milyon manata yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13 faiz olub. Ödənilən vergilərin 70,9 faizi qeyri-neft-qaz sektorunun, 29,1 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bu müsbət göstəricilərin əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Azərbaycan iqtisadiyyatın bütün sahələrində, eləcə də sənayenin inkişafında böyük uğurlar əldə edir. Bu gün iqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal obyektlərinin, sənaye parklarının yaradılması da intensiv xarakter daşıyır.
Qeyri-neft-qaz sektorunda nəzərə çarpan müsbət dinamika həm də ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların geniş cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.
Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və mövcud sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və bu sahəyə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.
Qeyri-neft sənayesinin inkişafı Azərbaycanın karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
Son illərdə respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırır, ixrac imkanlarını genişləndirir. Eyni zamanda, Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin mövcudluğu, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlərin dərinləşdirilməsi qeyri-neft sənayesinin inkişafını şərtləndirir.
Sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bax, bu cür əlverişli mühitin məhsuludur. Bu müəssisələrdə sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Həmin parklarda rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır.
Sənaye məhəllələrində tam infrastrukturla təmin edilmiş torpaq sahələri, həm də hazır tiklilər sahibkarlara uzunmüddətli icarəyə verilir. Dövlət aqroparklarında zəruri infrastrukturla təmin edilmiş torpaq sahələri sahibkarlara uzunmüddətli icarəyə verilir, özəl aqroparklarda isə infrastrukturun təmin edilməsi ilə bağlı tədbirlər görülür.
Yazının əvvəlində vurğulanan müsbət göstəricilərin əldə olunmasında bir sıra digər amillər də mühüm rol oynayır. Belə ki, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, həmçinin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən layihələr və qlobal miqyaslı təşəbbüslər qeyri-neft-qaz ixracının artımını sürətləndirir. Bundan başqa, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin müasirləşdirilməsi daşımaların həcminə müsbət təsir göstərir.
Ölkə rəhbərinin tapşırığı ilə qeyri-neft-qaz sektorunda istehsal olunan məhsulların xaricə, o cümlədən, qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər də ardıcıl həyata keçirilir, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər getdikcə gücləndirilir. Bu, ilk növbədə, investorlar üçün mühüm önəm daşıyan investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması layihələrində özünü qabarıq büruzə verir.
Beləliklə, qeyd edə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə qeyri-neft-qaz sektoru üzrə ixracın həcmi və dəyəri artıb. İqtisadiyyatın diversifikasiyası nəticəsində bu sahəyə aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə respublikamızın tədiyyə balansına müsbət təsir göstərərək, makroiqtisadi və maliyyə sabitliyini daha da möhkəmləndirib.