Azərbaycan dövlətinin “yaşıl” iqtisadiyyata keçid strategiyası

post-img

Prezident İlham Əliyevin qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə ciddi yanaşmasının, karbon emissiyala­rının mümkün qədər azaldılması ilə əlaqədar strateji planların hazırlan­ması və gerçəkləşdirilməsinin nəti­cəsidir ki, Azərbaycanda bu il daha bir əhəmiyyətli tədbirin – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsi qəra­ra alınıb. 

Prezident İlham Əliyev COP29-un respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza at­ması, eyni zamanda, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Dövlətimizin başçısı deyib: “Biz buna la­yiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. 

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nü­fuzunu daha da möhkəmləndirəcək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfəsini artıracaq. Eyni zaman­da, ölkələri bir araya gətirməklə ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdidlərin aradan qaldırılması istiqamə­tində qərarların qəbulunu şərtləndirəcək. 

Bütün bu qeyd edilənlər barədə 50-yə yaxın ölkədən 150-dən çox xarici qona­ğın, o cümlədən 30-a yaxın ölkənin infor­masiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı 2-ci Şuşa Qlobal Media Forumunda ətrafl məlumat verilib, geniş fikir və təcrübə mübadiləsi aparılıb. Ən başlıcası isə Prezident İlham Əliyev tərəfindən COP29-un respub­likamızda reallaşması ilə bağlı suallar cavablandırılıb. Dövlətimizin başçısının verilən suallara cavabından, ilk növbə­də, bir məqam aydın nəzərə çarpır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən COP28-də ol­duğu kimi, COP29-a ciddi hazırlaşıldığı bir vaxtda Qərb mediasının bu nüfuzlu, taleyüklü tədbiri mənfi, qərəzli işıqlandır­ması, bu neqativ prosesin indi də davam etdirilməsi fikrinə ölkə rəhbərinin müna­sibəti diqqət çəkir: “Bizim namizədliyimiz və evsahibliyimizlə bağlı qərar verildik­dən sonra – növbəti həftə Qərb media­sında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət baş­çılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əl­bəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittiham­lar olacaqdır”. 

Bəs BƏƏ, eləcə də Azərbaycan COP-a evsahibliyi etməkdə hansı “gü­nahlarına” görə ittiham edilirlər? Bu qərəzin arxasında hansı səbəblər daya­nır? Prezident İlham Əliyev bütün bunlar barədə verilən sualı əhatəli cavablandır­dı. Dövlətimizin başçısı BƏƏ-nin, eləcə də Azərbaycanın, əsasən, neft və qazla zəngin olan ölkələr olduğu üçün Qərb mediasının hücumlarına məruz qaldığını bildirdi. 

Bəli, Azərbaycanın COP29-a evsa­hibliyi etmək etimadı göstərildiyi ilk gün­dən Prezident İlham Əliyevin vurğuladı­ğı kimi, ölkəmiz çox təəccüblü bir halla üzləşdi, respublikamıza qarşı çox geniş və koordinasiyalı media prosesi başladı. Dövlət başçısının da etiraf etdiyi kimi, Azərbaycan ilk vaxtlar buna hazır deyil­di. Düzdür, müxtəlif səviyyəli tədbirlərdə “respublikamızın zəngin neft-qaz ölkəsi olması heç də onun günahı deyil”, – deyə bildirilirdi. Əlbəttə, Azərbaycanın fəaliy­yətinin bu səbəbə görə mənfi qiymətlən­dirilməsi, əslində, qərəzdən, məsələyə qeyri-obyektiv yanaşmadan başqa bir şey deyildi. Qərb mediası ölkəmizə qar­şı qərəzli bir münasibət sərgiləmək əvə­zinə, Azərbaycan həqiqətlərini işıqlan­dırmağa üstünlük verməli idi. Məsələn, Azərbaycanın müstəqillik əldə etdiyi qısa bir zaman məsafəsində nail olduğu so­sial-iqtisadi uğurlara hansı yollarla çat­ması, iqtisadiyyatı necə şaxələndirməsi, işsizliyin öhdəsindən necə gəlməsi, yox­sulluğu necə azaltması səbəblərini təhlil edib obyektiv fikirləri diqqətə çatdırmalı idi. 

Bu mövzuda danışan Prezident İlham Əliyev toplantı iştirakçılarına xatırlatdı ki, hazırda Azərbaycanın sosial-iqtisadi göstəriciləri inkişaf edən ölkələrin səviy­yəsindədir, yoxsulluq 5 faiz həddindədir. Qazıntı yanacaq növlərindən əldə etdilən gəlirlər çox şəffaf şəkildə, məsuliyyətli, ədalətli paylanılır: “Buna baxmayaraq, it­tihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük his­səsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gün­dəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücum­ların sayı artacaqdır”.

Yeri gəlmişkən, Qərb mediasında bu mövzuya – COP29-a qərəzli yanaşma ədalətsiz və ikili standartlara əsaslana­raq işıqlandırılır. Bu fikrin təsdiqi olaraq bir məqamı xatırlatmaq istərdik. Belə ki, dövlətimizin başçısının müəyyən suala cavabında vurğuladığı kimi, COP tədbi­rinin biri Qlazqoda – Böyük Britaniyanın neft hasil etdiyi bir bölgədə keçirilib və heç kəs o zaman bu ölkəni ittiham etmə­yib. Halbuki həmin coğrafiya dünyada neft və qazı ilə tanınıb. 

Bəli, Qərb mediası COP kimi belə bir nüfuzlu tədbirə qərəzlə yanaşmaq əvəzinə, onun əhəmiyyəti, dünya əhali­si üçün taleyüklü olması barədə yazılar verməlidir. Qlobal miqyasda son illər ciddi narahatlıq yaradan istiləşməyə, iq­lim dəyişkənliyinə və bu hadisələrə qar­şı mübarizəyə həsr olunan materiallar diqqətdə saxlanılmalıdır. 

Prezident İlham Əliyev COP29-u dünyada, beynəlxalq arenada bir nömrə­li konfrans kimi qiymətləndirdi. Eyni za­manda, bu nüfuzlu tədbirin ilk dəfədir ki, postsovet məkanında keçirildiyini, Azər­baycan üçün misilsiz bir şans olduğunu, həmçinin bu toplantı ilə respublikamızın ən yüksək liqaya yüksəldiyini bildirdi: “Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər quru­ruq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatı­na sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik və sədrlik müddətimiz də uzadıldı. Sədrliyi­miz dövründə biz böyük nüfuz qazandıq”.

Dövlətimizin başçısı fikirlərinə əlavə edərək xatırlatdı ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı (Aİ) dövlətləri ilə, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb. Res­publikamız İslam Əməkdaşlıq Təşkilatı­na, “OPEC Plus” formatına üzv seçilib. 

Yeri gəlmişkən, bu məsələ ilə əlaqə­dar Şuşa Qlobal Media Forumunda səs­ləndirilən bir fikri də xatırlatmaq istərdik. Tədbirdə bildirildi ki, Qərbin dünyanın hə­yatına təsir göstərmək istəyinə və dekar­bonizasiya ilə bağlı iddialarına baxma­yaraq neft-qaz öz aktuallığını bu gün də saxlayır. Məsələn, ABŞ-da bu məsələyə 100 milyardlarla dollar xərclənir. Həmçi­nin ötən il Birləşmiş Ştatlar tarixində ilk dəfə olaraq neft-qaz sahəsində ən böyük hasilata nail olunub. Amma buna baxma­yaraq ABŞ, eləcə də Azərbaycan “yaşıl enerji” məsələsinə sadiqdir.

Artıq Azərbaycan inkişafda olan kiçik ada ölkələri ilə də əməkdaşlıq edir. Bu ölkələrlə münasibətlərin getdikcə geniş­ləndirilməsi diqqət mərkəzində saxlanı­lır. Respublikamızın bu məsələ ilə bağlı COP29 çərçivəsində ittifaq ölkələrinin də qoşulacağı tədbir keçiriləcəyi gözlənilir. 

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ittifaq ölkələri ilə birgə fond yaradılacağını və bu yeni qurumla inki­şafda olan kiçik ada ölkələrinə kömək ediləcəyini qarşıya mühüm vəzifə kimi qoyur. Çünki indiki qlobal vəziyyət onların mövcudluğuna təhlükədir. Respublika­mız bu gün həm də BƏƏ-nin COP28-in ev sahibi kimi təcrübəsindən istifadə ediləcəyinə, bu təcrübəyə əsaslanılaraq fəaliyyət göstəriləcəyinə xüsusi önəm ve­rildiyini bildirir. 

Yeri gəlmişkən, dövlət başçısının Azərbaycanın ittifaq ölkələri ilə birgə fond yaradılması təşəbbüsü hazırda inkişafda olan kiçik ada ölkələri tərəfindən yüksək dəyərləndirilir. İqlim Maliyyəsi Fondu (Cli­mate Finance Action Fund) adlandırılan bu qurumun təşkili, əslində, respubli­kamızın təşəbbüsüdür. Belə bir maliy­yə mexanizminin qurulmasında əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Ekspertlər bildirirlər ki, bu fondun fəaliyyəti üçün hələlik qrant əsaslı 1 milyard dollar vəsait toplanılma­sı zəruridir. 

Sözügedən fond çoxtərəfli bir maliy­yə mexanizmi kimi fəaliyyət göstərəcək. Çoxtərəfli maliyyə təşkilatları onun fəaliy­yətinə nəzarət edəcək. Bakı isə fondun katibliyinə evsahibliyini həyata keçirəcək. 

Mütəxəssislərin fikrincə, fondun yara­dılmasından əsas məqsəd kiçik ada döv­lətlərinə təbii fəlakətlər zamanı yardım etməkdir. Ayrılacaq vəsaitin 50 faizinin iqlim fəaliyyətinə, “yaşıl enerji” texnologi­yalarına yönəldilməsi, investisiyalardan gələn gəlirlərin 20 faizinin isə “2R2F” ad­landırılan maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə istiqamət­ləndiriləcəyi nəzərdə tutulur. 

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidini qəbul edərkən də bu barədə fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı ölkəmizin “yaşıl ke­çid” siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışaraq inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbayca­nın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması is­tiqamətində iş aparıldığını xatırladıb. 

Qeyd edək ki, iqlimlə bağlı Azərbay­canın belə bir təşəbbüsü qlobal maliyyə institutları, eləcə də inkişafda olan kiçik ada ölkələri tərəfindən dəstəklənir, bu­nunla da respublikamızın yaşamaq üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətinə müsbət mesaj­lar verilir. 

Bir sözlə, yeni yaradılacaq fond is­tiləşməni 1,5°C-yə qədər saxlamaq üçün dəstəyə ehtiyacı duyulan inkişaf etməkdə olan ada ölkələrində iqlim layihələrini ma­liyyələşdirəcək. 

Yeri gəlmişkən, bu gün inkişafda olan ölkələrdə iqlim dəyişikliyinin yarat­dığı fəsadlara qarşı daha çox həssaslıq nəzərə çarpır. Bu məqsədlə 2009-cu ildə Danimarkada reallaşan COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan inkişafda olan kiçik ada ölkələrində iqlim dəyişmələri ilə bağ­lı problemlərin həlli məqsədilə hər il 100 milyard dollar məbləğində vəsait səfər­bər etməyi öhdələrinə götürmüşdülər. Hazırda isə qlobal olaraq, təxminən, 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcuddur. Bu gün onların fəaliyyəti ef­fektiv şəkildə əlaqələndirilmir. Çərçivə Konvensiyasının çətiri altında olan və­saitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və proqramlara, ümumilikdə, 3-4 milyard dollar ödədiyi bildirilib. 

Azərbaycanın COP29-da sədrliyi ən mühüm mövzuya – iqlimin maliyyələşdi­rilməsinə həsr olunub. İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondu tərəfindən sənaye güclərinin inkişaf etməkdə olan ölkələrə yardım göstərməsinə imkan ya­ratmaq üçün kompensasiya mexanizmi təqdim edilib. Bununla belə, adıçəkilən fond indiyədək cəmi 429 milyon ABŞ dol­ları toplayıb ki, bu da həmin ölkələrə dəy­miş zərərdən xeyli az olub. Buna görə də ekspertlər tərəfindən Bakıda keçiriləcək COP29-a iqlim maliyyəsinin ədalətli bö­lüşdürülməsi platforması kimi yanaşılıb.

“Yalan məlumatların ifşası: Dezinfor­masiyaya qarşı mübarizə” mövzusun­da 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycanın bərpaolunan enerji sahə­sində böyük nailiyyətlərə imza atma­sı, ölkəmizdə ən böyük Günəş Elektrik Stansiyasının – 230 meqavat gücündə stansiyanın istifadəyə verilməsi, hazırda isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyasında işlərin yekunlaşma mər­hələsində olması, habelə tezliklə 240 meqavatlıq Günəş Elektrik Stansiyası­nın açılışının gerçəkləşəcəyi ilə bağlı məsələlər diqqətə çatdırılıb. 

Bildirildi ki, birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçün­cüsünün isə BP tərəfindən inşa ediləcəyi nəzərdə tutulur. 

Adları çəkilən şirkətlər dünyanın apa­rıcı enerji qurumlarıdır. Bununla yanaşı, ötən ay Bakıda 3 günəş və külək elekt­rik stansiyasının təməli qoyulub, ümumi həcm isə bir qiqavatdır. Bu gün Azərbay­canda bu sahədə çox böyük işlər görülür. 

Ölkəmizin həm texniki, həm də iqti­sadi baxımdan zəngin “yaşıl enerji” po­tensialı var. Belə ki, dənizdə külək ener­jisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamaları­na görə, iqtisadi baxımdan quruda günəş və külək stansiyalarının potensialı göstə­rir ki, Azərbaycan çox böyük həcmdə–27 qiqavat gücündə bərpaolunan enerji is­tehsal edə bilər.

Bütün bunlarla bağlı dövlətimizin başçısı Şuşa Qlobal Media Forumunda dedi: “Hazırda biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət Xəzər də­nizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uza­nacaq elektrik kabel layihəsindən gedir. Orada da potensial dörd qiqavatdır. Biz “Acwa Power” şirkəti ilə saziş imzalamı­şıq ki, istehsal edilən bərpaolunan ener­jinin saxlanma şəraiti olmalıdır, imkanlar olmalıdır. Çünki bu, ən böyük problemdir. Siz bunu istehsal edə bilərsiniz, ancaq bir növ nəhəng bir batareya şəklində inşa ediləcək bu layihə. Ona görə də biz oraya həm sərmayə cəlb edirik və bu işə öz sər­mayəmizi də yatırırıq. Bununla yanaşı, bu, bizə imkan verəcək ki, təbii qaza qə­naət edək. Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəf­dən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çün­ki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur”.

Xəzər dənizindəki külək enerji stansi­yalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən danışarkən qeyd edək ki, son vaxtlar res­publikamızda “yaşıl enerji”nin ixrac po­tensialının gücləndirilməsi ilə bağlı ciddi layihələr icra edilib. Məsələn, Azərbay­can, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan dördtərəfli müqavilə­nin gerçəkləşdirilməsi ilə əlaqədar geniş­miqyaslı işlər görülüb, keçirilən tenderin nəticəsində artıq qalib şirkətlə müqavilə imzalanıb. 

Qara dənizin dibi ilə yaradılacaq “yaşıl dəhliz” layihəsi öz aktuallığını get­dikcə artırır. Layihəyə beynəlxalq maliy­yə dəstəyinin gücləndirilməsi də məhz bundan qaynaqlanır. Bugünlərdə Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpaolunan enerji mənbələ­ri proqramı (ESPIRE) vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə proqramın birinci mərhələsinin maliy­yələşdirilməsi üçün 35 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib. Bu barə­də Dünya Bankı məlumat yayıb. 

Xatırladaq ki, ESPIRE proqramı Qara dəniz sualtı kabel layihəsinin inkişafı üçün Gürcüstanın institusional imkanları­nın yaxşılaşdırılması, yerli elektrik ötürmə sistemininin möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Cənub-Şərqi Av­ropa arasında birbaşa enerji əlaqəsinin qurulmasını hədəfləyən 500 milyon ABŞ dolları dəyərində potensial maliyyələş­dirmə paketi ilə birlikdə üç mərhələdən ibarətdir. Sözügedən proqram təyinat nöqtələri Gürcüstan və Rumıniyada ol­maqla Qara dəniz boyunca paralel sualtı kabel elektrik ötürmə xətləri və fiber optik kabelin çəkilməsini hədəfləyən Qara də­niz sualtı kabel layihəsinin (BSSC) hazır­lığının növbəti mərhələlərini dəstəkləmək üçün nəzərdə tutulub. 

Yeri gəlmişkən, dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə ke­çidin sürətləndirilməsi ilə əlaqədar neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr belə, enerji siyasətində müəyyən dəyişikliklərə başlayıblar. Bu­nun nəticəsidir ki, hazırda dünyada enerji istehlakının 20 faizə yaxını bərpaolunan enerji mənbələrinin payına düşür. Hətta bir sıra ölkələr 2035-2050-ci ilə qədər mədən yanacaqlarından tamamilə imti­na etməyi və “yaşıl enerji”dən istifadəyə keçməyi planlaşdırırlar.

Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilmə­si nəzərdə tutulan sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində isteh­sal olunan “yaşıl enerji”nin Azərbaycan­dan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıni­ya və Macarıstana, daha sonra isə Avro­pa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib. 

Qara dənizin dibi ilə çəkiləcək 4 qiqa­vat gücündə və 1195 kilometr uzunluğun­da olan kabel ölkəmizdə istehsal edilən “yaşıl enerji”nin Avropaya ixracına imkan yaradacaq. Beləliklə, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dol­ğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Ötən il, həmçinin “yaşıl enerji” ilə bağ­lı ilk Yaşıl Enerji Məşvərət Şurası keçiri­lib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Yaşıl Enerji Zonasının ya­radılması ilə bağlı tədbirlər reallaşdırılıb. Naxçıvandan Türkiyəyə elektrik enerjisi­nin ixracı istiqamətində də çox ciddi la­yihələrin icrasına başlanılıb.

Vaqif BAYRAMOV
XQ

Ekologiya