Milli Kitabxanada kitab təqdimatı

post-img

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Elvin İlqaroğlunun “Sən qəribə adamsan” kitabının təqdimatı keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat Milli Kitabxananın və “Azərbaycan gənclərinin inkişaf hərəkatı” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə “Kitabın sirri” layihəsi çərçivəsində təşkil olunub.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov kitabxananın 2006-cı ildən gənclərlə çox sıx əlaqədə işlədiyini deyib: “2006-2010-cu illərdə Milli Kitabxanada “Gənc ədiblər dərnəyi” fəaliyyət göstərirdi. Bu gün üzdə olan gənc yazarlar Milli Kitabxanada fəaliyyət göstərmiş həmin dərnəyin yetirmələridir. Həmçinin hazırda Milli Kitabxananın oxucularının 80 faizindən çoxunu gənclər təşkil edir. Ona görə də kitabxananın ən böyük qayəsi gənclərə dəstək olmaq, onları Azərbaycan xalqına təqdim etmək və yaradıcılığını təbliğ etməkdir”.

K.Tahirov gənc yazarı təbrik edib, yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən ictimai birliyin sədri Miri Mirəliyev mərasimin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib və bu kimi tədbirlərin poeziyanı, incəsənəti sevənlər üçün faydalı olduğunu qeyd edib.

Sonda “Sən qəribə adamsan” kitabının imza mərasimi keçirilib.

Rizvan FİKRƏTOĞLU
XQ



Elm