ABŞ-ın “Orta dəhliz”i dəstəkləməsi Ermənistanı əndişələndirir

post-img

Ermənilər yenə narazıdırlar. Amerika Birləşmiş Ştatlarının Ticarət nazirinin köməkçisi Arun Venkatamaranın Bakıda dedikləri hayları heyrətləndirib. Bəs amerikalı qonaq Azərbaycanda olduğu zaman nə deyib ki, Ermənistanda narazılıq yaradıb?Sən demə, cənab Venkatamaran  “Orta dəhliz” barədə dediyi sözlər hayların xətrinə dəyib. Erməniləri narahat edən budur ki, “Orta dəhliz”yolunun bir hissəsi də Zəngəzur dəhlizidir və Ermənistanın mane olmağa çaılışdığı layihə barədə ABŞ rəsmisinin dediyi müsbət fikirlər hayları əndişələndirir.

Erməni mətbuatı yazır ki, ABŞ Ticarət nazirinin köməkçisi İrəvana Bakıdan gəlib. Məlumat verilir ki, Arun Venkataraman Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək və “Ermənistan-Amerika Strateji Dialoqunun sessiyasında ABŞ-ın İrəvan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda kommersiya əməkdaşlığının inkişafında əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayacaq”. Bu qısa xəbərin ardınca erməni mətbuatı yazır ki, amerikalı rəsmi Bakıda olub və orada son dərəcə diqqətçəkən açıqlamalar verib. Ermənistan mətbuatı əlavə edir ki, A.Venkataraman ABŞ-ın “Orta dəhliz”ə dəstəyini açıqlayıb. Haylar xatırladırlar ki, Azərbaycan və Türkiyə artıq “Orta dəhliz” layihəsinin “Bakının Ermənistanın suveren ərazisi hesabına açılmasına can atdığı “Zəngəzur dəhlizi” ilə birbaşa əlaqəsini elan ediblər”. 

Xatırladaq ki, ABŞ-ın Ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə “Orta dəhliz”in əhəmiyyəti barədə önəmli fikirlər açıqlamışdı. Bildirmişdi ki, “ABŞ “Orta dəhliz”in inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, “Orta dəhliz”in tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”. ABŞ-ın, həqiqətən də, “Orta dəhliz”in inkişafını ciddi şəkildə dəstəklədiklərini vurğulayan cənab Venkataraman əlavə etmişdi ki, Birləşmiş Ştatlar yalnız Azərbaycan hökumətinin deyil, bütün regiondakı ölkələrin və tərəfdaşlarının “Orta dəhlizi” aktiv fəaliyyət göstərən bir layihəyə çevirmək üçün göstərdikləri səyləri ciddi şəkildə dəstəkləyir: “Biz anlayırıq ki, “Orta dəhliz”in dayanıqlı və effektiv olması region boyu ticarət axınını gücləndirəcək və “Orta dəhliz” boyu ölkələrin vətəndaşlarının xeyrinə olacaq. Biz Azərbaycanı və region boyu ölkələri müxtəlif layihələrdə və proqramlarda dəstəkləyirik, ancaq, eyni zamanda, ABŞ-ın özəl sektorunun logistika, nəqliyyat, rəqəmsallaşma sahəsində təcrübəsinin gətirilməsinin də “Orta dəhliz”in uğurlu olmasına imkan verəcəyinə inanırıq”.

Göründüyü kimi, ABŞ rəsmisinin sözləri 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları əks etdirir. Yəni, ABŞ da anlayır ki, 30 illik münaqişənin həll olunması regionda yeni iqtisadi əməkdaşlıq və inkişaf persperktivləri açır və belə bir imkanları dəyərləndirmək lazımdır. Ancaq erməni mətbuatı yazır ki, “Azərbaycan “Orta dəhliz”in həyata keçirilməsini birbaşa “Zəngəzur” dəhlizi ilə əlaqələndirdirir və ABŞ-ın Bakıda ifadə olunan “Orta dəhliz”ə dəstəyi qəribə səslənir”. Yəni, erməniləri narazı salan məqam budur ki, ABŞ Ermənistanın “ərazi suverenliyini təhlükə altına salan” layihəni dəstəkləyir. Halbuki layihənin reallaşmasında iştirak edən heç bir ölkə belə bir niyyətdə olmadığını açıqlayıb. Azərbaycan da dəfələrlə vurğulayıb ki, “Orta dəhliz” layihəsi regional inkişafa güclü impuls verəcək. 

Əslində, ABŞ da gözəl anlayır ki, iki qitənin ̶ Avropa və Asiyanın qovşağında əlverişli coğrafi mövqeyi Azərbaycana “Orta dəhliz” kimi beynəlxalq nəqliyyat qovşağında mühüm rol oynamağa imkan verir. Bundan başqa, Azərbaycan son illər nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırıb. Məhz bunun sayəsində ölkəmizdə bütün zəruri infrastruktur obyektləri “Orta dəhliz” çərçivəsində böyük həcmdə yükləri qəbul etməyə hazırdır. 

Aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, yeni yüklərin “Orta dəhliz” üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Strateji tərəşdaşı Avropanın təhlükəzilik tranzit marşrutlarının formalaşmasında maraqlı olan Birləşmiş Ştatlar layihənin geosiyasi və geoiqtisadi tərəflərini dəyərləndirərək, “Orta dəhliz”i Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkilində mühüm qovşaq kimi qiymətləndirir. 

Bu gün mövcud geosiyasi böhran Avrasiya şəbəkəsində yeni dəmir yolu əlaqələrinin yaradılmasını aktuallaşdırır. Mütəxəssislrə də bildirirlər ki, “Orta dəhliz”in inkişafı bütün regionun iqtisadi rifahına böyük təsir göstərəcək, qonşu ölkələrdə sülh və sabitliyə töhfə verəcək, eləcə də Avropaya tədarükün davamlılığını təmin edəcək. Buna görə də, ABŞ-ın “Orta dəhliz” yolunu dəstəkləməsi məntiqəuyğundur. Bu baxımdan postmüharibə dövrünün reallığını qəbul etməyənədək Ermənistan belə bəyanatları hələ çox eşidəcək.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

Siyasət