ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Cənubi Koreyanın Pusan şəhərində keçirilən görüş beynəlxalq medianın diqqət mərkəzinə çevrilib. Trampın ikinci prezidentlik müddətində baş tutan bu ilk birbaşa təmas tərəflər arasında ticarət və təhlükəsizlik məsələlərinə dair gərginliyin fonunda keçirilib. Görüşdən sonra Tramp danışıqları “möhtəşəm” adlandıraraq, Çin liderinə “12 baldan 12” qiymət verdiyini bildirib.
Amerika prezidentinin açıqlamasına əsasən, ABŞ Çin mallarına tətbiq edilən tarifləri azaldacaq, qarşılığında isə Çin ABŞ-a fentanil komponentlərinin ixracını dayandırmaq öhdəliyini götürəcək. Eyni zamanda, Pekin Amerika soya paxlasının idxalını bərpa edəcək və nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
Bununla belə, ekspertlər hesab edirlər ki, Trampın bəyan etdiyi “qələbə”, əslində, siyasi jest xarakteri daşıyır. ABŞ lideri seçkiqabağı dövrdə Çinlə münasibətləri stabilləşdirmək və daxildə iqtisadi gərginliyi azaltmaq istəyir. Lakin bu dəfə də fundamental məsələlər – texnoloji məhdudiyyətlər, ticarət balansı və strateji asılılıq mövzuları açıq qalıb. Si Cinpin isə, sadəcə əvvəlki mövqelərə qayıdaraq, heç bir ciddi güzəştə getməyib. Nəticədə Tramp ticarət müharibəsində əsas alət sayılan tarif siyasətini yumşaldıb.
Ukrayna münaqişəsi də müzakirə mövzusu olub. Prezident Tramp bildirib ki, danışıqlarda Ukrayna müharibəsi “əməkdaşlıq kontekstində” müzakirə olunub və tərəflər bu məsələ üzrə “birgə işləmək” barədə razılığa gəliblər. Tayvan məsələsi isə gündəmdə olmayıb. Bu, müşahidəçilərə görə, Vaşinqtonun Pekinlə münasibətləri korlamamaq niyyətindən xəbər verir.
Qlobal medianın reaksiyası müxtəlif olub. Məsələn, The New York Times (ABŞ) yazır ki, Tramp faktiki olaraq Çinlə ticarət müharibəsini uduzub: “ABŞ yalnız iqtisadi deyil, həm də geosiyasi təsirini itirir”. “Sinxua” agentliyi (Çin) isə görüşü “Çin-ABŞ münasibətlərinin nəhəng gəmisinin sabit irəliləməsi” kimi dəyərləndirib və iki ölkənin “tərəfdaş kimi davranmasının tarixi zərurət” olduğunu vurğulayıb. Frankfurter Allgemeine Zeitung (Almaniya) Trampın siyasətini “ideologiya və instinkt arasında tərəddüd edən” xətt kimi xarakterizə edərək, Çin tərəfinin bu qarşıdurmadan güclənərək çıxdığını qeyd edir. The Times (Böyük Britaniya) isə yazır ki, “görüş ticarət müharibəsi qorxularını azaldıb və qlobal bazarlara müəyyən dərəcədə rahatlıq gətirib”.
Bir sözlə, Pusan görüşü göstərdi ki, ABŞ-Çin münasibətləri strateji rəqabət çərçivəsində davam etsə də, tərəflər açıq qarşıdurmadan qaçmağa çalışırlar. Görüşün əsas nəticəsi odur ki, ABŞ və Çin rəqabəti ideoloji deyil, iqtisadi və texnoloji üstünlük uğrunda mübarizə mərhələsinə keçib. Tərəflər arasındakı “yeni normallıq” - qarşılıqlı asılılıq və məhdud əməkdaşlıq - yaxın illərdə qlobal nizamın formalaşmasına mühüm təsir göstərəcək.
Səbuhi MƏMMƏDOV
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    