Düşmənin 30 ildə möhkəmləndirdiyi istehkamlar, mövqelər 30 gündə məhv edilmişdi
Müharibələri doğuran səbəblər fərqli olsa da, sonu kəndlərin, şəhərlərin viran qalması, ana fəryadı, dağılan evlər, sönən ocaqlar, ölüm, göz yaşıdır. Bütün bunlar isə dünyaya meydan oxuyan işğalçının məqsədinə çatmaq üçün qəddarlıq, zorakılıq və amansızlığı, insan taleyinə biganəliyidir.
Müxtəlif dövrlərdə aparılan savaşlar uzunmüddətli və ya qısamüddətli olub. Uzun çəkən müharibələrdə böyük güclərin ərazi uğrunda mübarizəsi önə çəkilib. Bu müharibələrdə çox zaman hər iki tərəf böyük tələfat verib, genişmiqyaslı dağıntılar olub. Qısa müddətdə başa çatan savaşlar isə əsasən güclü və zəif dövlətlər arasında baş verib. Güclülər düşmənə sarsıdıcı zərbə vurub və qısa müddətdə mütləq qələbə əldə edib. Vətən müharibəsində də qısa bir müddətdə – 44 gün ərzində diplomatiyanın həll edə bilmədiyi münaqişə hərb yolu ilə başa çatdırılaraq ədalətli qələbə qazanılıb.
İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Azərbaycan Ordusu bu savaşda düşmən ordusunu darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü gerçəkləşdirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfəri ilə başa çatdı. Ordumuzun Qarabağ uğrunda müqəddəs yürüşünün hər günündə xalqımıza qələbə müjdəsi verildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdilər və 44 gün ərzində bir dəfə belə geri çəkilmədilər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox” deyərək haqq savaşına çıxmışdılar. Azərbaycanın mərd oğulları 44 gündə bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb tarixində yeni döyüş təcrübəsi yaratdılar.
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən etibarən xalqımıza zəfər müjdəli müraciətlər etdi və qələbə xəbərləri çatdırdı. Ali Baş Komandanın xalqa hər müraciətindən sonra ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü, meydanlara axışaraq əllərində Azərbaycan bayraqları bu uğurları bayram etdi, müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq canından-qanından keçən igidlərimizin əziz ruhu qarşısında baş əydi.
Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq hər kəs Vətən uğrunda könüllüyə çevrildi, “dəmir yumruğ”a dönərək düşmənin başını əzdi. Təəssüf ki, bütün bunlar mənfur düşmənə dərs olmadı. Nəhayət, 2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və Daxili İşlər Nazirliyinin 4 polis əməkdaşının şəhid olması ölkəmizin səbir kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin qarşısının alınması bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq ölkəmizin suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirlərinə başlanıldı.
Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız hərbi obyektləri və infrastrukturu nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış Silahlı Qüvvələrimizin arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə, ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini, eləcə də zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu nümayiş etdirdi.
Beləliklə, 2023-cü il sentyabrın 20-də 24 saatdan da az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri real nəticə verdi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək düşmənə ağır zərbələr vurdu. Beləliklə, Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Bununla da, həm terrorçu ermənilərə, həm də onların havadarlarına yerləri göstərildi və Azərbaycan dövlətinin bütün ərazisində suverenliyimiz tam bərpa edildi.
Döyüşdə oğulları şəhid olan ana-ataların beli bükülmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər. Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri “ölsək belə, yurdumuzu tərk etmərik” söylədilər.
Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. Bu ilin sonunadək 140 min keçmiş məcburi köçkünün öz doğma ocağına dönməsi nəzərdə tutulub.
Nurəngiz ADİLQIZI
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    