“Art Weekend” çərçivəsində “Əcdadlar” sərgisi

post-img

Oktyabrın 30-da İçərişəhərdəki “Q Gallery”də “Əcdadlar” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtda keçirilən “Art Weekend”ə daxil edilən ekspozisiyalardandır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar.

Burada Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.

Sərgidə üç əsərinin nümayiş olunduğunu bildirən Rəşad Ələkbərov hər birinin atalar sözündən ilhamlanaraq ərsəyə gəldiyini, rəsmlərdə onlara olan baxış bucağının əks olunduğunu diqqətə çatdırıb.

Rəssam Fərid Rəsulov əsərlərində yağlı və sulu boyalardan istifadə etdiyini bildirib. İşlərində əcdadlarımızın kultu olan qoyun haqqında danışan rəssam bütün dövrlərdə bu heyvanların bizim yaşam tərzimizin bir hissəsi olduğunu qeyd edib.

Güclü və fərqli bədii ifadələr vasitəsilə “Əcdadlar” ziyarətçiləri yaddaş, ənənə və mədəni irs qatlarından keçən düşüncəyə dəvət edir. Bu sərgi bizi bu davamlı silsilə içindəki yerimiz barədə düşünməyə, həmçinin bir gün bizim də gələcək nəsillərin formalaşmasında zəncirin bir halqasına çevriləcəyimizi xatırlamağa çağırır.

“Əcdadlar” sərgisi hər bir fərdin mənsub olduğu nəsillər zəncirindəki yerini dərk etməyə, gələcək nəsillərin formalaşmasında da iz buraxacağımızı xatırlamağa çağırır. Eyni zamanda, sərgi məkanın – yəni, torpağın – təkcə həyat beşiyi deyil, həm də sükutla əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu vurğulayır.

 



Sosial həyat