Almaniya kansleri: Türkiyəni Avropa İttifaqında görmək istəyirik

post-img

Almaniya Kansleri Merz Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Ankara Berlini maraqlandıran bütün xarici siyasət və təhlükəsizlik məsələlərində son dərəcə mühüm rol oynayır.

Merz qeyd edib ki, Berlin təhlükəsizlik siyasəti sahəsində Türkiyə ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Ankaraya ilk səfəri ilə müəyyən mesaj vermək istədiyini də əlavə edən Merz deyib: “Gəlin əlaqələrimizin bizə təqdim etdiyi böyük potensialdan qarşıdakı illərdə daha da yaxşı istifadə edək. Sadəcə olaraq, bunu etməliyik”.

Kansler “böyük güc siyasətinin həlledici rol oynayacağı” yeni geosiyasi prosesə daxil olduqlarını söyləyərək davam edib: “Almanlar, avropalılar olaraq strateji tərəfdaşlığımızı inkişaf etdirməliyik, Türkiyə isə kənarda qala bilməz və qalmamalıdır”.

Türkiyənin Aİ-yə daxil olması perspektivinə toxunan Merz bildirib: “Federal hökumət Türkiyəni Aİ-də görmək istəyir. Biz Türkiyəni Aİ-yə yaxın görürük və onun bu istiqamətdə hərəkətini davam etdirməsini istəyirik”.

P.Əmircanov
XQ

Dünya