Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun (1925–1963) 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” adlı sərginin açılış mərasimi keçirilib.
XQ xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində keçirilən sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 91 əsər – rəngkarlıq və qrafika nümunələri, o cümlədən kitab illüstrasiyaları və eskizlər nümayiş etdirilib. Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı İncəsənət Mərkəzi (“Yeni Gallery”) və şəxsi kolleksiyalardan toplanmış əsərləri əhatə edən sərgidə ilk dəfə olaraq Tofiq Cavadovun yaratdığı bədii irs vahid məkan daxilində bir araya gətirilib.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, təsviri incəsənət üzrə tədqiqatçı, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək Tofiq Cavadovun qısa, lakin məhsuldar ömründə bədii ideyalarla zəngin bir miras qoyduğunu vurğulayıblar. Çıxışlarında onun 1950–1960-cı illərdə sovet incəsənətinin sərt ideoloji çərçivələrinə baxmayaraq, fərdi yaradıcılıq azadlığını qoruyub saxlayan nadir sənətkarlardan biri kimi tanındığını qeyd ediblər. Rəssamın zəngin yaradıcılığında insanın mənəvi aləmi, azadlıq duyğusu və daxili dramatizm əsas yer tutduğundan, əsərlərində rəng və formaların daxili enerjisi, sükutun poetik ifadəsi vasitəsilə insan və zaman münasibətləri fəlsəfi məna qazanmasından danışılıb.
Tofiq Cavadov Abşeron rəngkarlıq məktəbinin ən poetik təmsilçilərindən sayılır. Rəssam üçün Abşeron yalnız məkan deyil, həm də sənət dünyasının mərkəzidir. Onun bu mövzuya həsr olunmuş “Buzovnada küçə”, “Kənd mənzərəsi” və digər əsərləri Abşeronun ruhunu, koloritini, rəng harmoniyasını poetik dillə təcəssüm etdirir. Müəllifin sərgidə yer alan “Sənaye mənzərəsi”, “Neftçilər”, “Çənlər”, kimi tabloları, “Zavod” silsiləsi sənaye motivlərini insan duyğuları ilə birləşdirərək neft şəhərinin ruhunu canlandırır.
Rəsamın əsərləri “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalının su fəlsəfəsi ilə ahəngdar şəkildə səsləşir. Çünki, Xəzər Cavadovun yaradıcılığında əsas ilham mənbələrindən biridir. Bu tablolarda Xəzərin coşqun dalğaları, dənizdə fədakarlıqla çalışan neftçilərin həyat və zəhmət hekayəsi, insan və təbiət arasındakı fəlsəfi və poetik münasibət əks olunub.
Sərginin əsas yeniliklərindən biri rəssamın kitab qrafikası sahəsindəki işlərinin interaktiv multimedia formatında – sensor ekran vasitəsilə təqdim olunmasıdır. Bu təqdimat tamaşaçılara Cavadovun yaradıcılıq diapazonunu daha geniş müstəvidə dərk etmək imkanı yaradıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgi ərəfəsində rəssamın sənət irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıb. Muzey Tofiq Cavadovun “Bakıda küçə” adlı rəngkarlıq əsərini və “Analıq” adlı qrafik işini öz kolleksiyasına daxil edib, Dövlət Rəsm Qalereyasının kolleksiyasına aid “Tökmə sexi” tablosunun bərpasını həyata keçirib.
“Yarımçıq qalmış ömür” sərgisi yalnız bir rəssamın həyat və yaradıcılıq yoluna deyil, həm də azad düşüncənin sənətdəki ifadəsinə dərin baxışı təqdim edib. Bu sərgi sənətkarın avanqard təfəkkürünü, bədii axtarışlarını və ruhi aləmini daha yaxından tanımaq üçün unikal fürsət yaradır.
Sərgi 30 noyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.


 
                                












 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                .jpeg) 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    