İşıqforlara yeni nəsil velosiped bölmələri quraşdırıldı

post-img

Paytaxtın 4 kəsişməsində işıqforlara yeni nəsil velosiped bölmələri quraşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir. 

Xəbəri DİN mətbuat xidməti yayıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin, Əbdürrəhim bəy Haqverdiyev və Akademik Şəfaət Mehdiyev küçələrinin, Xətai rayonu, Xocalı prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin və Mehdi Mehdizadə küçəsi ilə İzzət Orucov küçəsinin kəsişməsində olan işıqforlara velosiped bölmələri quraşdırılıb. Bununla da velosiped və kiçik elektrikli nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyi təmin olunub.

Qeyd edək ki, bu vaxta qədər Mərkəz tərəfindən ümumilikdə 42 kəsişmədə olan 103 svetofora velosiped bölmələri quraşdırılıb. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin digər zəruri küçə və prospektlərdə olan işıqforlara quraşdırılması işləri davam etdirilir.

P.Əmircanov
XQ

Sosial həyat