Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa minilliklərin sirlərini özündə daşıyan arxeoloji tapıntıları ilə bəşər tarixini işıqlandıran ən mühüm mərkəzlərdən biridir. Burada yerləşən “Taş Tepeler” (Daş Təpələr) bölgəsi - Göbəklitəpə və Karahantəpə kimi dünyanın ən qədim Neolit yaşayış məskənlərini özündə birləşdirir. Bu nadir tapıntılar sayəsində insanlıq tarixinin başlanğıcına dair baxışımız tamamilə dəyişir.
Regionun parlayan ulduzlarından biri olan Karahantəpə bu il yenidən dünya arxeologiyasının diqqət mərkəzinə çevrilib. Son qazıntılar zamanı burada insan üzü təsvir edilmiş T formalı sütun aşkar olunub – bu, Neolit dövründə insan fiqurunun ən erkən və birbaşa təsvirlərindən biridir.
İndiyədək Göbəklitəpədə tapılan T formalı sütunlarda yalnız qollar və əllər oyulmuşdu. Bu yeni tapıntı isə insanın üz ifadəsini daşa köçürməsi baxımından tarixdə ilk nümunə sayılır. Sütunun yuxarı hissəsində işlənmiş üz təsviri – iti xətlər, dərin göz oyuqları və enli, yastı burun – Karahantəpədə tapılmış digər insan heykəllərinin üslubuna bənzəyir və o dövrün estetik düşüncəsini əks etdirir.
Bu ilin əvvəlində Karahantəpədə daha bir unikal artefakt tapılıb - dünyanın ən qədim üçölçülü mifoloji kompozisiyası. Arxeoloqlar qırmızı torpaqla örtülmüş, müəyyən ardıcıllıqla düzülmüş obyektlər aşkar ediblər. Bu tapıntı bir növ üçölçülü hekayə kimi insanın mifoloji təfəkkürünü əks etdirir və “Neolit dövrünün əsrin kəşfi” adlandırılır.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Göbəklitəpə insanlıq tarixini dəyişdirən ən mühüm arxeoloji məkanlardan biridir. Burada tapılan nəhəng T formalı sütunlar, natural ölçülü, boyalı vəhşi donuz heykəli və divar içərisində yerləşdirilmiş insan fiquru qədim insanların inanc dünyasından xəbər verir.
Bu məkanı ziyarət etmək, sanki on min illər əvvələ - insanın ilk yaradıcı addımlarına səyahət etmək kimidir. Elə buna görə də hər il yüz minlərlə turist buraya axışır. Yalnız bu ilin ilk səkkiz ayında Göbəklitəpə 497 mindən çox ziyarətçi qəbul edib və Türkiyənin ən çox maraq doğuran arxeoloji məkanlarından birinə çevrilib.
Neolit dövrü irsini dərindən anlamaq istəyənlər üçün Şanlıurfa Muzeyi ideal dayanacaqdır. Türkiyənin ən böyük muzey kompleksi olan bu mərkəz qədim dövrlərdən bu günə qədər insanlıq tarixinin ardıcıl izlərini təqdim edir. Muzeyin yanında yerləşən Haleplibahçe Mozaika Muzeyi isə yerində qorunaraq nümayiş etdirilən nadir mozaikaları ilə diqqət çəkir.
“Açıq səma altında muzey” adlanan Şanlıurfa yalnız Neolit irsi ilə deyil, həm də zəngin mədəni irsi ilə seçilir. Balıqlıgöl, Harranın qübbəli evləri, qədim məscidlər və tarixi məhəllələr şəhəri sanki canlı tarix kitabına çevirir.
2025-ci ilin qazıntı mövsümü bölgədəki on arxeoloji sahədə davam edir. Bu ərazilərdə tapılan üçölçülü heykəllər, daş qablar, muncuqlar və simvolik relyeflər insan yaradıcılığının ilkin səhifələrini göz önünə sərir. Hər bir tapıntı bəşər sivilizasiyasının doğuluşuna açılan pəncərədir.
N.ADİLQIZI
XQ


 
                                 
                                                                 
                                                                .jpg) 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                    