Gəncə: Nizami Gəncəvinin hikmətinə uyğun elmi məclis

post-img

Gəncənin qədim elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu toplantı həm AMEA-nın 80 illik yubileyinə, həm də Nizami Gəncəvinin irsindən gələn elmin, düşüncənin və mənəvi zənginliyin davamına həsr olunub.

Bölmənin sədri, akademik Fuad Əliyev iclasda çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn vəzifələr barədə danışıb. O qeyd edib ki, dövlət başçısının bu qərarı elmin, düşüncənin və yaradıcılığın dəyərləndirilməsinə verilən böyük önəmin təzahürüdür.

Akademik bildirib ki, bu əlamətdar yubiley münasibətilə monoqrafiyalar, elmi konfranslar, sərgilər, eləcə də sənədli filmlər hazırlanır. O, həmçinin “Gəncənin görkəmli elm və incəsənət xadimləri” adlı yeni kitabın siqnal nüsxəsini təqdim edib və onun ərsəyə gəlməsində əməyi olan əməkdaşlara təşəkkürünü bildirib.

Toplantıda Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyevaya filologiya üzrə fəlsəfə doktoru elmi adının verilməsi diplomu təqdim olunub. Akademik Fuad Əliyev onu kollektiv adından təbrik edib və elmi fəaliyyətində uğurlar arzulayıb.

Bölmənin əməkdaşları Zakir Muradov və Vüsal Eminbəyli də AMEA Prezidentinin imzaladığı fəxri fərmanlarla təltif olunublar.

Sədr müavini, dosent Əlimuxtar Muxtarov isə Türkiyənin Ərzurum şəhərində keçirilən “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” adlı beynəlxalq simpoziumda iştirakı haqqında məlumat verib. O, Atatürk Universitetində oxuduğu “Nizami Gəncəvi və Gəncə” mövzusunda məruzəsindən danışaraq, Nizaminin hikmətinin türk dünyasının ortaq fəlsəfi yaddaşını birləşdirdiyini vurğulayıb.

Toplantı , Nizaminin bir kəlamının təcəssümü kimi qiymətləndirilib: “Elm nurdur, onu yayanlar qaranlığı işıqlandırır.”

Gəncə elmi mühiti bu nuru qorumağa, gələcək nəsillərə ötürməkdə davam edir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri











Elm