Ədalət, ləyaqət və fəxarət ideallarının bərpası

post-img

Bu dəyərlər Qarabağda gerçəkləşdirilən “Böyük Qayıdış” proqramının özülünü təşkil edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edərkən səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə qurduğu yeni dövlət-fəlsəfi konsepsiyanın ideoloji ifadəsidir. Prezidentin sözlərində “Böyük Qayıdış” tarixi ədalətin bərpası, milli ləyaqətin dirçəldilməsi və dövlətin sosial məsuliyyət modelinin ən real göstəricisidir.

“Böyük Qayıdış” anlayışı Azərbaycanın postmünaqişə dövründə yeni dövlət-fəlsəfi və ideoloji platforma kimi formalaşıb. Bu konsepsiya üç əsas istiqaməti birləşdirir – tarixi ədalətin bərpası, milli kimliyin yenidən qurulması və modern inkişafın yeni paradiqması. Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər göstərir ki, “Böyük Qayıdış” Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin məzmun konsepsiyasıdır.

Əvvəla, bu ideya postmünaqişə ədalətinin reallaşması baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan torpaqların azad edilməsi ilə bərabər, Azərbaycan həmin ərazilərdə sosial ədalətin də bərpasını qarşısına məqsəd qoydu. Burada məqsəd sadəcə torpaqları azad etmək deyil, insanı o torpağa, yəni həyatın mənəvi və mədəni məkanına qaytarmaqdır. Prezidentin “hər bir evin açarı – hər bir ailənin gələcəyi deməkdir” fikri bu konsepsiyanın mərkəzində insan amilinin dayandığını göstərir. İkincisi, “Böyük Qayıdış” milli ləyaqət və dövlətin məsuliyyət fəlsəfəsi üzərində qurulub.

Qayıdış prosesi həm sosial-iqtisadi, həm də mənəvi-siyasi ölçülərdə həyata keçirilir. Dövlətin vətəndaşa qayğısı burada ən yüksək səviyyədə təcəssüm olunur: şəhid ailələrinə mənzillərin verilməsi, müasir infrastrukturun yaradılması, təhlükəsizlik və rifahın təmin edilməsi – bütün bunlar sosial məsuliyyətin siyasi legitimliklə birləşdiyi yeni modelin təzahürüdür. Üçüncüsü, bu ideya modern dövlət quruculuğunun laboratoriyası kimi çıxış edir. İşğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə həyata keçirilən “ağıllı kənd” və “yaşıl enerji” layihələri göstərir ki, Azərbaycan bərpa prosesini strateji yenilənmə platforması kimi dəyərləndirir.

* * *

Siyasi baxımdan “Böyük Qayıdış” Azərbaycanın suveren inkişaf modelinin geosiyasi ifadəsidir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən siyasət ölkənin müstəqil qərarvermə qabiliyyətini, resurslardan rasional istifadə bacarığını və uzunmüddətli planlaşdırma mədəniyyətini nümayiş etdirir. Bütün bunlar Qərbin postmünaqişə idarəetmə təcrübələrindən fərqli, lokal-milli və mərkəzləşdirilmiş dövlət yanaşmasının uğurlu nümunəsidir. Nəhayət, “Böyük Qayıdış” Azərbaycanın dövlət ideologiyasının yeni mərhələsinin fəlsəfi kodu kimi çıxış edir. İdeologiyanın təməlində ədalət, sosial məsuliyyət və yenidənqurma dayanır. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu konsepsiya göstərir ki, Azərbaycan müharibədən sonra “sülh dövləti” mərhələsinə daxil olub – burada güc, humanizm və inkişaf arasında strateji tarazlıq qurulub.

Dövlət başçısının “Bu torpaqların sahibi bizik” fikri Azərbaycanın rəsmi ideologiyasının strateji mahiyyətini ifadə edən siyasi formuldur. Bu vurğu göstərir ki, Azərbaycan artıq müstəqil siyasət subyekti kimi öz milli maraqlarını real güc parametrləri üzərindən təmin edə bilir.

2020-ci il Vətən müharibəsindən sonra ölkənin qarşısında iki istiqamət dayanırdı: ya müharibənin dağıdıcı psixoloji və sosial nəticələrini aradan qaldırmaqla məhdudlaşmaq, ya da bu qələbəni yeni inkişaf mərhələsinin başlanğıcına çevirmək. Azərbaycan ikinci yolu seçdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət göstərdi ki, ölkə “postmüharibə travması” keçirmədi, əksinə, həmin dövr milli həmrəyliyin və strateji intellektin yüksəliş mərhələsinə çevrildi. “Postmünaqişə travması” siyasi elmlərdə və beynəlxalq münasibətlər nəzəriyyəsində müharibədən sonrakı dövrdə dövlətin və cəmiyyətin yaşadığı psixoloji, sosial və institusional zədələnmə sindromunu ifadə edir.

Bir çox ölkələrdə postmünaqişə dövrü uzun illər davam edən sosial parçalanma, iqtisadi durğunluq və siyasi qeyri-sabitliklə müşayiət olunur. Azərbaycan nümunəsində isə bu klassik model işləmədi. Bunun əsas səbəbi qələbənin xarakteridir: Azərbaycan müharibəni destruktiv məqsədlərlə deyil, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün aparmışdı.

İkinci mühüm amil liderlikdir. İlham Əliyevin ardıcıl, prinsipial və uzaqgörən siyasəti nəticəsində cəmiyyət müharibədən sonra depressiya və qeyri-müəyyənlik deyil, özünəinam və dövlətin legitimliyinə güvən hissi yaşadı. Dövlətin postmünaqişə dövründə həyata keçirdiyi sürətli bərpa proqramları, qayıdış planlarının konkret icrası, şəhid ailələrinə və qazilərə diqqət, həmçinin informasiya və diplomatik müstəvilərdə fəal siyasət “travma”nı “dirçəliş enerjisi”nə çevirdi. Bundan başqa, Azərbaycan postmünaqişə dövrünü yalnız daxili stabilliklə deyil, regional strateji fəallıqla tamamladı. Müharibədən dərhal sonra başlayan infrastruktur bərpası, Zəngəzur dəhlizi, “ağıllı şəhər və kənd” layihələri, beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq mexanizmləri – bütün bunlar göstərdi ki, Azərbaycan bu mərhələni, geosiyasi transformasiya mərhələsi kimi dəyərləndirir.

* * *

Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri regionda yeni güc mərkəzinin formalaşmasını təmin edir. Zəngilan, Füzuli, Laçın, Kəlbəcər kimi rayonlarda infrastrukturun sıfırdan yaradılması dövlətin iqtisadi potensialının və idarəetmə resurslarının səviyyəsini göstərir.

Prezidentin çıxışı bu prosesin ideoloji konturlarını müəyyənləşdirir. Prezident İlham Əliyev ədalətin bərpası ilə milli reallığın uyğunlaşdırılmasından bəhs edir. “Ədalət inancı ilə reallığın vəhdəti” ifadəsi burada əsas fəlsəfi xətti təşkil edir. Azərbaycan 30 ilə yaxın davam edən işğal dövründə beynəlxalq hüquqa güvənirdi, lakin ədalətin təmin olunmadığını gördükcə, öz gücünə əsaslanan reallıq yaratdı və bu reallıq indi regionda yeni nizamın əsasını qoyur.

Prezidentin Zəngilanda səsləndirdiyi fikirlər bu ideologiyanın ən konkret ifadəsi kimi, həm tarixi ədalətin bərpasını, həm də dövlətin gələcəyə yönəlmiş strateji baxışını təcəssüm etdirir. İndi bu siyasət təkcə keçmişin ağrılarını sağaltmaq deyil, gələcəyin dayanıqlı inkişaf modelini qurmaq məqsədi daşıyır. Azərbaycanın “Böyük Qayıdış” konsepsiyası məhz buna görə regional inteqrasiyanın, sosial bərabərliyin və milli suverenliyin kəsişdiyi nöqtədə yeni bir siyasi keyfiyyət mərhələsi formalaşdırır.

Prezident İlham Əliyevin Zəngilanda çıxışında səsləndirdiyi “siz uzun illər – 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz” sözləri siyasi məzmun baxımından xüsusi önəm daşıyır. Prezidentin bu fikirləri dövlət rəhbərinin sosial ədalət prinsiplərinə əsaslanan idarəetmə fəlsəfəsinin təsdiqidir. Burada Prezident fərdin taleyini, onun mənəvi ağrısını dövlət siyasətinin mərkəzinə gətirir.

Azərbaycanın köçkün siyasəti hələ 2000-ci illərin əvvəllərində strateji sosial xətt kimi formalaşmağa başlamışdı. Dövlət başçısının “Biz neçə şəhərcik saldıq, bəlkə də yüzə yaxın köçkün şəhərciyi. Çadır şəhərcikləri 2007-ci ildə ləğv olundu” sözləri həmin siyasətin konkret nəticələrini xatırladır. Azərbaycan bu yolla sosial sabitliyin və milli həmrəyliyin dayaqlarını qurdu. Qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbələr, sosial təminat proqramları, təhsil və səhiyyə infrastrukturlarının yaradılması dövlətin insan mərkəzli siyasətinin real təzahürləri idi.

İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən “beş ilə bir dənə də çadır şəhərciyi qalmayacaq” demişdi və dörd ilə bu vədi yerinə yetirdi. Əslində, bu fakt Azərbaycan dövlətinin söz və əməl birliyinə əsaslanan idarəçilik modelini göstərir. “Böyük Qayıdış” proqramı məhz bu düşüncənin davamıdır. Əgər əvvəlki mərhələdə məqsəd köçkünün sosial şəraitini yaxşılaşdırmaq idisə, indi məqsəd onu doğma yurduna qaytarmaq, yəni vətəndaşın ləyaqətini və kimliyini tam bərpa etməkdir. Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərində mənzillərin açarlarının təqdim edilməsi bu prosesin kulminasiyasıdır. Hazırkı mərhələ siyasi və mənəvi reabilitasiya prosesidir.

Azərbaycanın “Böyük Qayıdış” siyasəti sosial dövlət anlayışına yeni məna qazandırır. Əgər klassik mənada sosial dövlət iqtisadi təminatla ölçülürdüsə, Azərbaycan modeli bunu mənəvi ədalətin bərpası ilə tamamlayır. Burada sosial məsuliyyət vətəndaşın tarixi yaddaşına, torpağa bağlılıq hissinə, milli kimliyinə qovuşmasıdır. Prezidentin sözləri ilə desək, “ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib”. Dövlətin sosial vəzifəsi yalnız vətəndaşın ehtiyacını ödəmək deyil, onun ədalət hissini bərpa etməkdir ki, bu da dövlətin mənəvi və siyasi missiyasıdır.

Beləliklə, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər göstərir ki, “Böyük Qayıdış” ədalət, ləyaqət və dövlətçilik ideallarının bərpası ilə yeni Azərbaycan dövrünün başlanğıcıdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət