Avronest tribunasında yanlış təqdimat

post-img

Simonyanın bəyanatı sülh prosesinə qarşı yönəlib

Ermənistan Respublikasının bir qrup vətəndaşının Bakı Hərbi Məhkəməsində mühakimə olunması qonşu ölkədə ən çox diqqət yetirilən məsələlərdən biridir. Azərbaycanın cinayət-prosessual qanunvericiliyinin tələblərinə, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə tam uyğun həyata keçirilən mühakimə nədənsə İrəvanda həm siyasi dairələrdə, həm də ictimai müstəvidə ciddi rezonans doğurub. İşin maraqlı tərəfi ondadır ki, indiyədək bu barədə daha çox müxalifət, yaxud müxalifyönümlü, müstəqil və bitərəf şəxslər danışırdılar. Son aylarda isə Ermənistan hökumətini və parlamentdə hakim “Mülki müqavilə” partiyasını təmsil edən şəxslər də bu məsələni tez-tez qaldırırlar.

Belə şəxslərdən biri Ermənistan Milli Assambleyasının sədri Alen Simonyandır. O, son bir həftə ərzində iki dəfə “hərbi əsir” və “girov” adlandırdıqları şəxslərin məhkəmə prosesindən bəhs edib. Birinci dəfə oktyabrın 22-də jurnalistlərə müsahibəsində deyib: “Mən hansısa beynəlxalq formatlar çərçivəsində Azərbaycan Prezidentinin Ermənistana gəlməsini, ölkəmizin liderinin onlara getməsini istisna etmirəm. Mən də Azərbaycana getməyə hazıram”. Amma Simonyanın fikrincə, bundan əvvəl müzakirə edilməli məsələlər var: “Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də saxlanılanların məsələsidir. Bizim üçün ora getmək çətindir. Eyni vaxtda orada saxlanılan şəxslərin olduğunu bilərək ora necə gedə bilərik? Onların arasında həm əsirlər (?), həm də girovlar (?) var. Mən nikbin əhvali-ruhiyyədəyəm, lakin konkret nəticələr əldə olunana qədər məsələni müzakirə etməyəcəyik”.

Simonyan bu barədə ikinci dəfə oktyabrın 29-da danışıb. Həmin gün Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avronest PA) 12-ci plenar sessiyasının açılış mərasimində çıxış edən spiker bildirib: “Avronest Parlament Assambleyasının əvvəlki sessiyasında mən Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması məsələsinə toxundum və tərəflərin razılığa gəlmək ərəfəsində olduğunu qeyd etdim. Və budur, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Elə həmin gün Ermənistan və Azərbaycan xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətnini parafladılar. Bəyannamənin qəbul edilməsi və sülh sazişinin paraflanması sülhün bərqərar olmasına dəlalət edir. Buna baxmayaraq, bir sıra humanitar məsələlər həll olunmamış qalır: Azərbaycanda saxlanılan şəxslər, “hərbi əsirlər” məsələsi həllini tələb edən ciddi problem olaraq qalmaqdadır. Daha bir vacib humanitar prioritet itkin düşmüş çoxsaylı şəxslərin taleyinin aydınlaşdırılmasıdır”.

***

A.Simonyanın səsləndirdiyi fikirlərlə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, Bakıda mühakimə olunan erməni əsilli şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların “hərbi əsir”, yaxud “girov” adlandırılması hüquqi baxımdan tamamilə əsassızdır. Çünki sözügedən şəxslər beynəlxalq humanitar hüququn müəyyən etdiyi statusa malik deyillər. Məhz buna görə də onlar yerli qanunvericiliyə və beynəlxalq konvensiyalara uyğun şəkildə, fərdi məsuliyyət prinsipi əsasında mühakimə olunurlar. Beynəlxalq hüququn, xüsusən də 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına əsasən, “hərbi əsir” statusu yalnız silahlı münaqişə zamanı düşmən tərəfin silahlı qüvvələrinin tərkibində iştirak edən və ələ keçirilən şəxslərə şamil olunur. Bakıda mühakimə olunanlar isə hamıya məlum olduğu kimi bu kateqoriyaya daxil deyillər.

Bu şəxslərin “girov” adlandırılması da hüquqi baxımdan tamamilə əsassızdır. Girov anlayışı beynəlxalq hüquqda mülki şəxslərin qanunsuz saxlanması və ya təzyiq vasitəsi kimi istifadə edilməsi mənasında işlədilir. Lakin Azərbaycan həmin şəxsləri girov kimi deyil, cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxslər kimi saxlayır. Onlara qarşı ittihamlar konkret sübutlara əsaslanır, istintaq və məhkəmə prosesi isə qeyd etdiyimiz kimi, həm yerli qanunvericiliyin, həm də beynəlxalq hüququn prinsiplərinə uyğun aparılır. Bu faktlar göstərir ki, onlar hərbi əsir və ya girov kateqoriyalarına aid edilə bilməzlər.

Güman etmək olar ki, Ermənistanın bu şəxsləri siyasi məqsədlərlə “əsir” kimi təqdim etməsi həm beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq, həm də öz ictimaiyyətində yaranmış narazılıqları gizlətmək niyyəti daşıyır. Bu, reallıqdan uzaq, təbliğat xarakterli bir yanaşmadır. Azərbaycan isə bu məsələdə tam şəffaf mövqe nümayiş etdirir. Bütün hüquqi prosedurlar açıq və qanunvericliyin tələblərinə uyğun keçirilir. Ermənistanın bu şəxsləri “hərbi əsir” kimi təqdim etməsi cəhdləri isə hüquqi deyil, təbliğati məqsəd daşıyır. Əslində, bu hadisə bir daha sübut edir ki, Ermənistan hələ də münaqişə sonrası mərhələdə məsuliyyət hissindən uzaq davranır və keçmiş separatçı rejimin başçılarının əməllərini “siyasi kart” kimi istifadə etməyə çalışır. Azərbaycanın mövqeyi isə prinsipialdır. Müharibə dövründə və ya ondan sonra ölkə ərazisində törədilən bütün əməllərə görə fərdlər məsuliyyət daşımalı, heç bir siyasi don bu məsuliyyəti gizlədə bilməməlidir.

A.Simonyanın son çıxışları bir daha göstərir ki, İrəvan siyasi elitası hələ də reallıqla barışmaq istəmir və hüquqi faktları emosional ritorika ilə əvəzləməyə çalışır. Halbuki onlar çox yaxşı bilirlər ki, bu terminlərin işlədilməsi həm hüquqi baxımdan, həm də faktoloji cəhətdən əsassızdır. Məhz Ermənistan rəhbərliyinin belə çıxışları cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, beynəlxalq ictimaiyyətdə isə sülh prosesinə kölgə salır. Bu cür bəyanatlar münaqişədən sonrakı mərhələdə konstruktiv addım deyil, əksinə, populist çıxışlar kimi qiymətləndirilməlidir.

Onun oktyabrın 22-də səsləndirdiyi fikirlərdə əsas məqsəd daxili auditoriyanı sakitləşdirmək, eyni zamanda, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atıla biləcək addımları hansısa “şərtlərlə” bağlamaq idi. Oktyabrın 29-dakı çıxışı isə əvvəlkindən daha sistemli şəkildə hazırlanmışdı. O, əvvəlcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb, sonra Vaşinqtonda imzalanan Bəyannaməni xatırladıb, ardınca isə “həll olunmamış humanitar məsələlər”dən danışmağa başlayıb. Burada məqsəd aydındır: beynəlxalq tribunadan istifadə edərək məsələyə humanitar don geyindirmək və Ermənistanın üzərinə düşən məsuliyyəti azaltmaq.

Simonyanın ritorikasında ziddiyyətli məqam ondan ibarətdir ki, o, bir tərəfdən sülh prosesini alqışlayır, digər tərəfdən isə bu sülhə mane olan emosional və əsassız ittihamlar səsləndirir. Belə bəyanatlar Ermənistan cəmiyyətində yeni gərginlik yaradır, ictimai rəydə “əzabkeş millət” obrazını daha da dərinləşdirir. Halbuki regionda sabitlik yalnız məsuliyyətin və hüququn tanınması ilə mümkündür.

Politoloq İlyas Hüseynov hesab edir ki, A.Simonyanın “hərbi əsir” və “girov” ifadələrindən istifadə etməsi Ermənistanın siyasi manipulyasiya cəhdidir. Onun sözlərinə görə, Simonyanın çıxışlarında bu ifadələrdən istifadə etməsi Ermənistanın reallığı siyasi məqsədlərə uyğun şəkildə dəyişdirmək cəhdidir: “Ermənistan rəhbərliyi uzun illərdir beynəlxalq ictimaiyyəti emosional ritorika vasitəsilə təsir altına salmağa çalışır, lakin bu dəfə həmin taktika nəticə vermir. Bu şəxslər nə girov, nə də hərbi əsir statusuna malikdirlər. Azərbaycan tərəfi həmin şəxslərə qarşı beynəlxalq hüququn tələblərinə uyğun davranır və bu, heç bir siyasi təzyiqin obyekti ola bilməz”.

Ekspertin sözlərinə görə, İrəvan rəhbərliyi “əsir məsələsi”ni gündəmdə saxlamaqla həm daxili auditoriyanın diqqətini real sosial problemlərdən yayındırmaq, həm də beynəlxalq arenada, necə deyərlər, məzlum tərəf obrazını qorumaq istəyir: “Bu, əslində, sülh prosesinin ruhuna zidd addımdır. Əgər Ermənistan həqiqətən sabitlik istəyirsə, o zaman hüquqi faktları qəbul etməli, heç bir fərdi törətdiyi əmələ görə məsuliyyət daşımaqdan yayındırmağa çalışmamalıdır”.

Səxavət HƏMİD
XQ



Siyasət