Stolüstü tennnisi necə kütləviləşdirək?

post-img

Bu, uşaqlar üçün təhlükəsiz oyun, böyüklər üçün idman həyatı deməkdir

Stolüstü tennis ilk baxışdan maraqlı oyun kimi görünsə də, ciddi idman növlərindən biri hesab olunur. Bu oyun enerji sərfinə görə idman növləri arasında ön sıralardadır. Mütəxəssislərin fikrincə, tennis və stolüstü tennisin faydaları əvəzsizdir, aşağı sinif şagirdləri üçün ən yaxşı oyundur.

Tennisdən fərqli olaraq, stolüstü tennisdə xəsarət ehtimalı daha azdır. Bu idman növü uşaqlarda təkcə fiziki qabiliyyəti inkişaf etdirmir, həm də diqqətcilliyin, çevikliyin inkişafına kömək edir, görmə qabiliyyətini gücləndirir.

Bəs ölkəmizdə bu idman növünə uşaqların marağı necədir? Sualımıza cavab almaq üçün yığmanın əsas bazası olan “Şüa” Sağlamlıq İdman Kompleksinə üz tuturuq. Şəhərin ən sıx yerlərindən birində – “Gənclik” və Nəriman Nərimanov metrostansiyaları arasında (Koroğlu Rəhimov, 19) yerləşən bu gözəl məkanda stolüstü tennislə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Kompleksə daxil olanda böyüklü-kiçikli uşaqların məşqləröncəsi isinmə hərəkətləri etdiklərini müşahidə etdik. Onların arasında təxminən 4 yaşlı bir oğlan da məşq edənlərə qoşulub, onları yamsılayırdı. Zalda övladlarının məşqlərini izləyən valideynlərdən öyrəndik ki, yığmamızın ən istedadlı üzvlərindən biri, 13 yaşadək yeniyetmələr arasında qitə və dünya səviyyəli bir sıra turnirlərin qalibi Onur Quluzadənin qardaşıdır. Onur özü də zalda idi. Məşqlərinə tamaşa edirik. Onun bəzən çevik hərəkətlə endirdiyi güclü, həm də dəqiq zərbələrdən stolüstü tennis topunun yüngüllüyü, havanın müqaviməti hiss olunmur. Bəzən isə, əksinə, yüngül toxunuşla top hədəfə uçur. Yığmanın digər üzvləri, eləcə də yenicə stolüstü tennisin sirlərini öyrənən uşaqlar böyük həvəslə məşqləri davam etdirirlər. Biz isə onların valideynləri ilə söhbət edirik.

8 yaşlı Camal Kərimin anası Səriyyə xanım deyir ki, oğlu hər gün məşqlərə gəlir. Arzusu bu idman növü üzrə böyük idmana getməkdir:

– Stolüstü tennis uşaqlar üçün arzuedilən idman növlərindən biridir. Zədə almaq ehtimalı çox azdır. Camal 6 yaşından bu idman növünün sirlərinə yiyələnir. Onun ən böyük arzusu stolüstü tennis üzrə peşəkar idmançı olmaqdır. Öz yaşıdları arasında ilk 8-likdədir. Böyük oğlum da stolüstü tennislə məşğul olur. Amma ali məktəb hazırlığına görə məşqlərini azaldıb.

Ailə Masazırda yaşayır. Camalın atası həvəskar tennisçidir. Görünür, uşaqlarda bu oyuna maraq ailədən gəlib.

Günel Mirzəyeva 3 ildir ki, oğlu Əliəkbər Mirzəliyevi məşqlərə gətirir. Çalışır ki, övladı dərsləri də buraxmasın. Özünün dediyinə görə, hər gün həm dərsə, həm də məşqlərə getmək o qədər də rahat deyil:

– Əmircandan gəlirik. Mərkəzdə yaşasa idik, bu, bizim üçün daha rahat olardı. Ən azı hər gün yola 3 saat vaxt itiririk. Lakin övladlarımızın sağlamlığı, eyni zamanda parlaq gələcəyi bizim üçün çox önəmlidir.

Onu da qeyd edək ki, Əliəkbər Mirzəliyev də stolüstü tennis yarışlarında fərqlənir və müəyyən nailiyyətləri də var.

Çalışdırıcılar məşqlərin başa çatdığını elan edirlər. Yorulmaq bilməyən uşaqlar isə bu dəfə qoşalaşıb öz aralarında qalibi müəyyənləşdirmək üçün oyunları davam etdirirlər. Burada səmərəli keçən hər dəqiqə onlar üçün çox qiymətlidir.

Yeniyetmə bir qız isə zala elə həmin gün qədəm basmış 5 yaşlı oğlana raketkanı necə düzgün tutmağı öyrədir. Səidə Quluzadənin 9 yaşı var. Özü də 4 ildir məşqlərə gəlir:

– Suraxanı rayonu 84 nömrəli orta məktəbin 4-cü sinfində oxuyuram. Stolüstü tennisə böyük həvəsim var. Dərslərim də öz qaydasındadır. Gələcəkdə beynəlxalq arenalarda böyük nailiyyətlər qazanmağı arzu edirəm.

Səidə də artıq respublikadaxili turnirlərdə mükafata layiq yerlər tutur. Diqqətimizi cəlb edən maraqlı məqamlardan biri də söhbət etdiyimiz valideynlər və uşaqların Bakıətrafı rayonlardan gəlməsi idi.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Fərhad İsmayılova ilk sualımız da elə bu barədə oldu. Məşqçi şəhər məktəblərindən idmana gələnlərin az olduğunu bildirdi:

– Bakı və Sumqayıtda, eləcə də bölgələrdə məşqçi-müəllimlərlə müqavilələr bağlanıb. 6–8 yaşarası bacarıqlı uşaqlar aşkar edilib, məşqlərə cəlb olunur. Məşqçilərimiz vaxtaşırı məktəblərdə olur, görüşlər keçirirlər. Bakı ətrafında harda ki, stolüstü tennis zallarımız var – məsələn, Qaradağ rayonunda, Bülbülə, Əmircan, Əhmədli, Binə, Suraxanı və digər yerlərdə məktəblərdə uşaqlara kartlar paylanılır ki, bununla da, onlar harada və saat neçədə məşqlərin keçirilməsi ilə bağlı məlumat əldə edirlər. Stolüstü tennis zallarına yaxın məktəblərdə master klasslar və digər tədbirlərlə onlarda maraq oyatmağa çalışırıq. Nəticədə, bu yolla ətraf rayonlardan xeyli uşaq cəlb edə bilmişik. Bu cür tədbirləri “Şüa” Sağlamlıq İdman Kompleksinə yaxın məktəblərdə də təşkil etdik. Təəssüf ki, gələn olmadı. Ümumiyyətlə, şəhər uşaqlarında idmana maraq xeyli azalıb.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Mixail Timofeyev də şəhər məktəblilərindən daha çox, ətraf rayonlardan, eləcə də bölgələrdən uşaqların bu idman növü ilə məşğul olduqlarını və nailiyyətlər əldə etdiklərini dedi:

– Stolüstü tennis texniki cəhətdən çətin idman növüdür. Axın olmalıdır ki, onların arasından istedadlıları seçə bilək. Bu işdə valideynlər bizə kömək etməlidirlər. Bu, onların uşaqlarının gələcəyi və sağlamlığıdır.

Gəldiyimiz nəticə o oldu ki, kiçikyaşlı uşaqları valideynlər zala gətirməlidirlər ki, onlarda bu idman növünə maraq oyansın. Ədalətlə yanaşsaq, Stolüstü Tennis Federasiyasının bu idman növünün inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər diqqətəlayiqdir. Elə orta məktəblərdən uşaqları cəlb etmək üçün görülən işlər də faydalıdır.

Məşqlər başa çatsa da, zalı tərk etməyə tələsməyən uşaqlara diqqət yetiririk. Öz övladlarının həm gələcəyini, həm də sağlamlığını düşündükləri üçün onları səbirlə gözləyən valideynlərin cəfakeşliyi məmnunluq doğurur. Gələcəyimiz gənclərindir. Kim bilir, bəlkə də, bu zalda Avropa, Dünya və Olimpiya çempionları yetişəcək. Beləliklə, tennis çox sayda soydaşımızın tale yoluna çevriləcək.

Leyla QURBANOVA
XQ















İdman