“Vəfalı Səriyyə”nin səhnə taleyi

post-img

Əsər 44 ildir ki, Sumqayıtdan Bakı səhnəsinə çatmayıb

Həyatımda ilk sarsıntını “Solğun çiçəklər” televiziya tamaşasına baxanda yaşamışam. Onda sarsıntının nə olduğunu bilmirdim. Məsum, günahsız Saranı Bəhramın səbəbsiz atmasını qəbul edə bilmirdim. 11-12 yaşım olardı, hələ dünya ilə tanış deyildim. Hələ bilmirdim ki, ayrılıqlar, nakam sevgilər var... Göz yaşları içində gülüş necə olur, bilmirdim... Günlərlə havalı kimi gəzib-dolaşdım. Evimizdə Cəfər Cabbarlının yaşıl cildli “Seçilmiş əsərləri” vardı. O kitabı anamın kitab rəfindən götürüb oxumağa başladım. Ədəbiyyat müəllimi olan anam dəfələrlə “bu kitab sənin yaşına uyğun deyil” desə də, Cabbarlının sehrli dünyasından ayrıla bilmədim.

“Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” pyesində cəhalət bataqlığında inləyən Səriyyənin öz sevgisi uğrunda apardığı mübarizə xoşuma gəlmişdi. Həmişə düşünürdüm ki, axı niyə bu cür gözəl bir əsər rejissorların diqqətindən kənarda qalır?

Çox sonralar Cəfər Cabbarlının “Seçilmiş əsərləri”nin 1983-cü ildə nəşr edilmiş 1-ci cildində belə bir qeydə rast gəldim: “Vəfalı Səriyyə” ilk dəfə 1978-ci ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur”. Böyük dramaturqumuz bu pyesi 1915-ci ildə, 16 yaşında yazıb. “Vəfalı Səriyyə” onun ilk dram əsəridir. Dram ilk dəfə 1947-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəşriyyatında Cəfər Cabbarlının “İlk dram əsərləri” kitabında nəşr olunmuşdur. Yazıldığı tarixdən nə az, nə çox, 63 il sonra Sumqayıt teatrı bu pyesə müraciət edib. Kiçik bir araşdırma apardıqdan sonra məlum oldu ki, tamaşanın quruluşçu rejissoru o zamanın gənc rejissorlarından olan Mərahim Fərzəlibəyov imiş. Tamaşa çox böyük uğurla nümayiş etdirilib, deyilənlərə görə, tamaşaçılar “Vəfalı Səriyyə”nin sorağını alıb Bakıdan Sumqayıta tamaşaya baxmağa gedirmişlər. O dövrün mətbuatında da gənc rejissor və tamaşa haqqında xoş sözlər yazılmışdı.

Görkəmli yazıçımız Seyfəddin Dağlının “Azərbaycan gəncləri” qəzetində “Vəfalı Səriyyə...”nin ilk tamaşası” adlı geniş yazısı dərc olunub. Müəllif tamaşa haqqında belə yazırdı: “Vəfalı Səriyyə” 63 ildən sonra ilk dəfə səhnəyə çıxır. Özü də ilk addımını pyesdən çox-çox gənc olan Sumqayıt teatrının səhnəsində atır. Cəfər Cabbarlı bu dramını yazarkən Sumqayıt şəhəri mövcud olmadığı kimi, bu şəhər salınanda, təəssüf ki, artıq Cəfər Cabbarlı da həyatda yox idi. Görünür, tamaşanın yaradıcıları bu kövrək həqiqəti də nəzərə almış və sanki özlərinin yeni quruluşunu müəllifin də görə bilməsi üçün səhnənin hər iki tərəfində qara fon üzərində ölməz dramaturqun ağ siluetini vermişlər. Elə bil, 44 il əvvəl olduğu kimi, bu gün də o, Azərbaycan Bədaye Teatrında ədəbi hissə müdirinin lojasından səhnəyə baxır. Və bizə elə gəlir ki, Cəfər Cabbarlı özünün ilk pyesinin ilk tamaşasından razı qalır”.

Onu da qeyd edim ki, Seyfəddin Dağlı Cəfər Cabbarlının ömür yolundan bəhs edən “Bahar oğlu” romanının müəllifidir. Yeri gəlmişkən, bu əsərin yenidən nəşr olunması böyük dramaturqumuzun və unudulmaz yazıçımız Seyfəddin Dağlının ruhları qarşısında bir ehtiram borcumuz və Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə bir töhfə olardı.

Qayıdaq “Vəfalı Səriyyə”yə. Ən əlamətdar hadisə isə o dövrün nüfuzlu rus teatrşünası Nina Velexovanın ümumittifaq mətbu orqanı olan “Teatr” jurnalında dərc olunmuş “İstedadın təkamülü” resenziyası idi. Nina Velexova tamaşanı və rejissoru yüksək qiymətləndirmiş, öz mülahizələrini geniş şəkildə qələmə almışdı.

“Bu əsərə Azərbaycan teatr aləmində müraciət olunmamışdır. Yalnız onun bir şəkli “Solğun çiçəklər” pyesinin tamaşasına əlavə edilmişdir. Pyesdəki hadisələrin sosial bütövlüyü rejissor tərəfindən qabardılaraq gənc Səriyyə və gimnaziyaçı Rüstəmin məhəbbət melodramı, bu sevginin faciəli taleyini lirik əfsanəyə çevirmişdir. Mərahim Fərzəlibəyov bu mövzunu bütün tamaşa boyu inkişaf etdirərək əsərin ideya-bədii həllini uğurla tapmışdır”. (“Teatr” jurnalı, 9-cu sayı, 1980-ci il).

Tamaşada Rüstəm obrazını Xalq artisti Əli Nur canlandırıb. N.Velexova onun obrazı haqqında da xoş sözlərini ifadə edir. Mərahim müəllimlə görüşlərimizdən birində ondan soruşdum ki, niyə məhz “Vəfalı Səriyyə”yə quruluş vermək istədiniz? Dedi ki, “Cəfər Cabbarlının digər əsərləri dəfələrlə tamaşaya qoyulmuşdu, amma nədənsə “Vəfalı Səriyyə”yə müraciət edən olmamışdı. Bu, mənə maraqlı gəldi, pyesi oxudum və qərara gəldim ki, mütləq bu əsəri səhnəyə gətirməliyəm”.

Beləcə, tamaşa Sumqayıt teatrında qoyulsa da, sorağı bütün ölkəyə yayılır. Sonralar Mərahim müəllim Cəfər Cabbarlı yaradıcılığına yenidən müraciət edib. Bu dəfə ədibin “Mənsur və Sitarə” hekayəsi əsasında eyni adlı televiziya tamaşasını çəkib.

Çox təəssüf ki, həmin tamaşalar lent yaddaşında qalmayıb. Amma qəzet səhifələrində həmin tamaşalar haqqında teatrşünaslarımızın yazdığı məqalələr qalır. O yazılar vasitəsilə teatr tariximizin maraqlı məqamları ilə tanış olmaq imkanı qazanırıq.

Böyük Cəfər Cabbarlının ilk dram əsəri olan, 63 ildən sonra Sumqayıt səhnəsində canlandırılan “Vəfalı Səriyyə”, təəssüf ki, 44 ildir 44 kilometri aşıb Bakıya çatmayıb. Əsərin yazıldığı şəhərə.

Kənan HACI,
yazıçı-dramaturq



Mədəniyyət