44 günlük Vətən müharibəsi: hərb sənəti prizmasında

post-img

3. Azərbaycan əsgəri

Artıq beşinci ildir ki, Azərbaycan xalqı torpaqlarının erməni işğalçılarından azad olunmasını, İkinci Qarabağ müharibəsində qazanılan qələbəni böyük fəxarətlə qeyd edir. Xalqın uzun müddət intizarla gözlədiyi qələbə Azərbaycan Silahlı Qüvvələri, onun Ali Baş Komandanı və şübhəsiz ki,  Azərbaycan əsgərinin böyük zəhməti, alın təri, canı, qanı hesabına əldə olundu. Evlərindən didərgin düşmüş minlərlə soydaşımız dədə-baba torpaqlarına, evlərinə qovuşmaq imkanı əldə etdi, Qarabağ, Şuşa... həsrətinə son qoyuldu. Qələbənin beş illiyi ərəfəsində Azərbaycan əsgərinin  müharibə zamanı qəhrəmanlıqlarını yada salmaq, onlara dəyər verməyi borc kimi qəbul edərək yazını qələmə almağa qərar verdim. 

İnsan itkisinə, dağıntılara yol verməmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanla münaqişəni nizama salmaq, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində işğal olunmuş torpaqları işğaldan azad etmək üçün sülh və danışıqlar yolu ilə nizamasalma mövqeyindən çıxış edir. Lakin Ermənistan rəhbərliyinin ədalətli sülhə deyil, yeni təcavüzkar hərəkətlərə istiqamətlənməsi, dünya birliyinin beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq təcavüzkara qarşı güc tətbiqini önə çıxardı.

Prezident İlham Əliyev “müharibədə qələbə sülh dövründə qazanılır” prinsipinə əsaslanaraq əsgər və zabitini müharibəyə hazırlamış, ordunu müasir silahlarla təchiz etmişdi. İtalyan tarixçi N.Makiavelli “Hərb sənəti” əsərində yazırdı: “Əcdadların təcrübəsi göstərir ki, hər bir ölkədə yaxşı əsgər təlimlə yetişdirilir”. Ordunu müxtəlif yollarla hərbi əməliyyatlara hazırlamaq böyük sərkərdələrin uzaqgörənlik əlamətidir. Çingizxan ordunu böyük ərazilərdə keçirdiyi ova cəlb etməklə onları hərbi məharətə hazırlayırdı. Hərb tarixi üzrə tədqiqatçı Aleksandr Melexin yazır ki, “məqsəd ovun özü deyil, daha çox döyüşçüləri vərdiş etdirmək, öyrəşdirmək, ox atmaq və tapşırıqları yerinə yetirməyi onlara mənimsətmək idi”. A.Suvorov da eyni mövqedən çıxış edərək “Qalib gəlmək elmi” kitabında qeyd edirdi ki: “Əsgər və zabit üçün hərb sənəti heç bir maneə qarşısında dayanmayan icranın tezliyi və qorxmazlıqdadır; tezliyi və sarsılmazlığı əldə etmək üçün qoşunu əsl müharibə təsirlərinə yaxın olan manevrlərdə öyrətmək lazımdır ki, o müharibəyə manevrlər kimi baxsın”.

Azərbaycan Ordusu uzun illər ərzində hərbi təlimlər keçmiş, hətta Ermənistanın hərbi təxribatlarına cavab verərək, erməni silahlı qüvvələri üzərində qələbələr qazanmış, Türk Silahlı Qüvvələri ilə döyüş şəraitinə uyğunlaşdırılmış intensiv təlimlərdə iştirak etmiş, döyüş vərdişlərini yüksəltmiş, “müharibəyə manevr kimi baxmaq” vərdişləri əldə etmişdi. 

2020-ci il noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ali Baş Komandan İlham Əliyev jurnalistin “Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?” sualına cavab verərkən Azərbaycan ordusunun hər an silahlı müqaviməti dəf etməyə hazır olmasını vurğulayaraq bildirdi ki, “Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik… Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”. 

2016-cı ilin Aprel döyüşlərində Ermənistanın silahlı qüvvələri üzərində qələbə sonrakı daha bir neçə qələbə üçün də zəmin oldu. Artıq döyüş meydanında qələbə qazanmaq ləzzətini Azərbaycan Ordusu da hiss etdi. Bu qələbələr ordunun mübarizliyini artırdı, döyüş ruhunu möhkəmləndirdi. 

Başqa bir həqiqət onda idi ki, işğal altında olan torpaqları məhz Azərbaycan əsgəri azad etməli, Ali Baş Komandan bu müharibədə, qanlı döyüşlərdə öz əsgərinə güvənməli idi. Azərbaycana döyüş əməliyyatlarında düşmənə mərdliklə sinə gərən özünün vətənpərvər, mərd övladları lazım idi. Azərbaycan əsgərləri keçirilən təlimlər, qısamüddətli döyüşlər zamanı  orduda öz işinin düzlüyünə əmin olan, Vətənin taleyinə görə şəxsi məsuliyyətini dərindən dərk edən döyüşçü kimi formalaşmışdı. Onlar Çingiz xanın əsgərləri kimi qorxmaz, sərkərdəsinin əmrini fikirləşmədən yerinə yetirməyə hazırlanmışdılar: “Əgər o, (Çingiz xan – V.İbayev) on əsgərə əmr etsə ki, min nəfər düşmənin üstünə atılsın, o vaxt əsgərlər düşünmədən hücuma keçəcəklər, çünki inanırdılar ki, qalib gələcəklər – Çingiz xan həmişə qələbə çalır...” (Yan V.Q. Çingiz xan. Bakı–1983. s. 98).

Prezident İlham Əliyev 2021-ci il fevralın 26-da xarici ölkələrin media nümayəndələri üçün mətbuat konfransında Vətən müharibəsinin uğurunu bir çox amillərlə yanaşı, birlik və yeni nəslin milli vətənpərvərlik ruhunda böyüməsi ilə də əlaqələndirərək deyirdi: “Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik, indi isə birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Bax, mən bu barədə artıq bir neçə dəfə demişəm. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda”.

İkinci Qarabağ müharibəsində hər bir Azərbaycan əsgərinin taleyi ümumən Azərbaycan xalqının taleyinin kiçik bir nümunəsinə çevrildi. Azərbaycan əsgəri relyef baxımından ondan daha yüksəklikdə əlverişli mövqe tutmuş düşmənin top mərmilərini, güllələri başı üzərindən yağdırmasına baxmayaraq, yüksək bir ruhla irəli addımladı. O, ürəkaçan bir etiqada sahib idi: bu, onun düşməni doğma torpaqlardan son nəfərinə qədər qovmağa qabil olması etiqadı idi; həm də təkcə torpaqları azad etmək etiqadı deyil, Azərbaycan xalqının qüvvəsini heç bir yerdə və bir daha heç bir zaman sarsıda bilməyəcəyi etiqadı idi. Bu etiqadı Azərbaycan xalqı və onun Ali Baş Komandanı yüksək texnologiyalı silahlarda, toplarda, tanklarda deyil, Azərbaycan əsgərinin gözlərində, sözlərində, hərəkətlərində, dağ cığırları ilə uzun bir yol dəf etdikdən sonra Şuşanın sıldırım qayalarına qalxıb düşmənlə əlbəyaxa döyüşlərdə qazandığı qələbədə, onun cəsarətində, igidliyində gördü. Azərbaycan əsgəri özünü hər şeyə qadir, hər bir çətinliyi dəf etməyə hazır mübariz kimi nümayiş etdirdi. Azərbaycan əsgəri bu həyatı hər hansı mükafat almaq üçün yaşamırdı. 

İnsanın xarakterinin formalaşmasında onun xalqına, vətəninə sevgisinin yaranmasında irsi amillər, ana südü, valideynlər, ailə tərbiyəsi, məktəb və s. yanaşı təbiət amilləri də mühüm rol oynayır. İnsan doğulduğu torpağın ətrinə, qoxusuna, suyuna, havasına həmişə ehtiyac duyur. Heç olmazsa vaxtaşırı bu ətri, qoxunu alanda rahatlaşır, cana gəlir, qüvvə toplayır. 

Torpaq da ana kimi insan üçün əzizdir. Ona görə də biz doğulduğumuz torpağa “ana torpaq” deyirik. Azərbaycan torpağı eyni zamanda xalqımızın milli və mənəvi sərvətidir. Torpaq bizim mədəniyyətimizin, adət-ənənəmizin beşiyidir, torpaq bizim halal süfrəmiz, nemətimiz, bərəkətimizdir. Torpaq bizim gələcək nəsillərimizin beşiyi, keçmiş nəsillərimizin əbədi məskəni, hazırkı nəslin qanı ilə, canı ilə qorunmalı olan varlığımız, qürurumuz, şərəfimizdir. 

Ümummilli lider Heydər Əliyev doğma torpağa bağlılıqla əlaqədar deyirdi: “Mən bu torpaqda doğulmuşam, burada təhsil almışam, buradan həyata addımlamışam, daim bu torpaqla bağlı olmuşam. Bütün dövrlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm”.  

Ali Baş Komandan İlham Əliyev çətin relyef şəraitində Azərbaycan Ordusunun irəliyə doğru hərəkətini Azərbaycan əsgəri, zabiti və generalının  yüksək peşə hazırlığı və birliyi ilə əlaqələndirirdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik”.

Prezident İlham Əliyev bu inamında haqlı idi. Çünki o, silahlı qüvvələr ilə iqtidar, iqtidar ilə xalq, xalq ilə ordu arasında maraqların ümumiliyini təmin edə bilmişdi.  

Azərbaycan əsgəri ilə də sərkərdələri arasında maraq ümumiliyi göz qabağında idi. Bu maraq hər şeydən əvvəl silahlı münaqişənin aparılması məqsədinin Azərbaycan torpaqlarının azad olunmasında öz ifadəsini tapırdı.  

Prezident müharibə günlərində Azərbaycan əsgəri ilə sərkərdələri arasında maraq ümumiliyinin sabitliyi üçün daim çalışır, əsgərlərin qida, döyüş sursatı, geyim, mənəvi dəstəklə təmin olunmasını nəzarətdə saxlayır, əsgərlərin sağlamlığına daim diqqət yetirirdi.

Yazıçı Oleq Mixaylov Suvorovun hərb sənəti, əsgərləri daim diqqətdə saxlaması ilə bağlı yazırdı: “əsgər-sərkərdənin  fəaliyyəti onunla nəticələndi ki, qoşunlarda  xəstəlik və epidemiyadan ölənlərin sayı, fərarilərin sayı, özbaşınalıqlar azaldı. Mülki əhaliyə ziyan yetirilməsi halları aradan qalxdı. Əsgərlərin  qida təmini yaxşılaşdı”. 

Həmin sözləri eynilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna aid etmək olar. Müharibə zamanı heç bir fərarilik, xəstəlik və epidemiya faktı qeydə alınmamış, özbaşınalıqlara demək olar ki, yol verilməmiş, Azərbaycan Ordusu tərəfindən mülki əhaliyə ən minimum ziyan dəymiş, əsgərlərin qida təmini isə yüksək səviyyəsi ilə fərqlənmişdir.

Vətən müharibəsi günlərində Ali Baş Komandanın iradəsi, bir məqsədə – qələbəyə istiqamətlənmiş, bir nöqtəyə fokuslaşmışdı. İlham Əliyevin rəhbərliyi altında qələbə və müvəffəqiyyətlər əsgər və zabitlərdə inam, qətiyyət və bitməyən enerji yaradırdı. Cənab Prezident Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı öz fikrini bu cür ifadə etdi: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq... Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”

Prezident İlham Əliyevin hər bir müraciəti, kütləvi informasiya vasitələrində səsləndirdiyi hər bir fikir əsgərlərdə, xalqda qələbəyə inam yaradır, insanlarda düşmənə qarşı mübarizliyi, qətiyyəti yüksəldirdi. Azərbaycan əsgəri inamla döyüşə gedirdi. Əsgərin döyüşə tərəddüd etmədən atılmasını təmin edən cəhətlərdən biri sərkərdənin  müdriklik, etibar, xeyirxahlıq, mərdlik və ciddilik keyfiyyətinə malik olması, əsgərin çəkdiyi əziyyəti qiymətləndirməsi, ona dəyər verməsi  ilə bağlıdır. İlham Əliyev həmişə qeyd edirdi ki, qələbəni Azərbaycan əsgəri qazandı. Azərbaycan əsgəri əmrləri yerinə yetirməyə hazır idi, həm də qarşılarına qoyulmuş vəzifələri səmərəli və yaradıcılıqla həll etməyə imkan verən qabiliyyətə, vərdişə əsaslandırmaya və səlahiyyətlərə malik idi. Onlar özlərinə inamı inkişaf etdirmiş, üzərilərinə qoyulmuş vəzifənin öhdəsindən gəlmək bacarığı qazanmışdılar.

Sovet marşalı G.K.Jukovun söylədiyi bir həqiqət də var idi: “Mən indi komandanlığın onun üzərinə qoyulmuş vəzifələri müvəffəqiyyətlə  yerinə yetirmək üçün nəyə malik olmalı olduğunu daha yaxşı dərk edirəm. Dərindən ona inanıram ki, kim ona həvalə olunmuş qoşunları siyasi-mənəvi cəhətdən yaxşı hazırlayıbsa, kim qoşunun şüuruna müharibənin və qarşıda duran əməliyyatın  məqsədini daha dəqiq çatdıra bilib və qoşunun döyüş ruhunu qaldırıbsa, kim əlverişsiz  şəraitdə döyüşməkdən qorxmursa, kim öz tabeliyində olanlara inanırsa, o mübarizədə qalib gəlir”.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan əsgərinin siyasi-mənəvi cəhətdən yaxşı hazırlamış, əsgər və zabitin şüuruna müharibənin və qarşıda duran əməliyyatın  məqsədini daha dəqiq çatdıra bilmiş və Orduda milli vətənpərvərlik, döyüş ruhunu qaldırmış və əsgərinə, zabitinə inanırdı. O, qələbə qazanmalı idi. Azərbaycan övladları dillərində “Vətən yolunda öldü var, döndü yox” şüarı ilə ancaq irəliyə baxır, onlar üçün geriyə yol yox idi. Düşmən də bunu görür, bunu bilir və Azərbaycan əsgərinin qarşısından qaçmaqdan başqa yol tapmırdı. Torpaqdan güc alan, Azərbaycan əsgəri hər kəndi, hər obanı, hər yüksəkliyi azad etdikcə daha da fərəhlənir, qələbədən-qələbəyə inam qazanır, düşmənin bir vaxtlar zəbt etdiyi torpaqları xarabazarlığa çevirməsindən doğan nifrət onu işğalçıları qovmağa, Azərbaycan torpaqlarında çıxarmağa səsləyirdi. 

Qeyd olunanlar əsgərin mənəvi keyfiyyətinin göstəricisi idi. Azərbaycan əsgəri işğal altında olan torpaqların azadlığı uğrunda mübarizədə məhz bu keyfiyyətlər – işğalçıları ölkə ərazisindən qovmaq missiyasını dərindən dərk etmək,  Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban verməyə hazır olmaq fərqləndirirdi. Müharibənin nəticəsi də bunu göstərdi, Azərbaycan əsgəri döyüş meydanında sözünü dedi, torpaqlarını azadetmə missiyasını yerinə yetirdi. 

Fransız generalı Jomini ispan atalar sözünü misal gətirir: “Həmin gün o, cəsur insan idi”. Bu ifadənin mənası odur ki, yalnız adamların bəziləri həmişə cəsur ola bilər”. Əslində oxşar ifadə azərbaycanlıların qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”da da öz əksini tapıb:  “O, gün ciyərli, cəsur igidlər bəlli oldu. O gün  namərdlər gizlənməyə yer axtardı”.

Sovet İttifaqı marşalı K.K.Rokossovski alman əsirləri ilə rastlaşdığı anı xatırlayaraq yazırdı: “Hələ lap yaxınlarda bu adamlar silahlı idi. Həmin silahı onların əlindən vurub salmaq, onları öldürməyə, əsarətə almağa, qarət etməyə göndərən faşist rejimini yerlə yeksan etmək üçün  nə qədər səy göstərmək və qurbanlar vermək lazım gəldi. Bunu biz, Sovetlər Ölkəsinin əsgərləri etdik. ...Əsgər üçün ən böyük xoşbəxtlik –  özünün düşmənə qalib gəlməkdə, Vətənin azadlığını qorumaqda, sülhü xalqa qaytarmaqda köməyini dərk etməsidir. Onu dərk etmək ki, sən ağır və xeyirxah, dünyada ondan şərəflisi olmayan öz əsgər borcunu yerinə yetirmisən”.

Ölkənin gələcək inkişafı, insanların qayğısız, firavan, təhlükəsiz yaşayışı, uğurlu gələcəyin təmini hər şeydən əvvəl onu xarici müdaxilədən, məkrli düşmənlərin həmlələrindən qorumaqdan birbaşa asılıdır. Vətənin qorunması isə torpaq uğrunda canından, qanından keçən şəhidlərin, bu yolda sağlamlıqlarını itirənlərin, torpaq uğrunda vuruşanların əməyi, zəhməti, igidliyi ilə bilavasitə  bağlıdır. Sağlamlığını itirmiş şəxsləri daim diqqətdə saxlamaq, şəhidlərin qəhrəmanlığını əbədiləşdirmək, şəhid ailələrinə qayğı göstərmək, mənəvi dəstək vermək, onların problemlərini vaxtında aşkara çıxarıb həll etmək hamının mənəvi borcudur. Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim borcumuz şəhidlərin qəhrəmanlığını əbədiləşdirmək, şəhid ailələrinə qayğı göstərmək və onların bütün problemlərini həll etməkdən ibarətdir”.

Müharibə günlərində yaralı əsgərlərlə görüşdə Ali Baş Komandan İlham Əliyev döyüşlərdə şəhid olanları da xatırladı: “Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində Birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir”.

Qazanılacaq qələbə xalqın başını dik tutmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, minlərlə məcburi köçkünün evinə-eşiyinə qayıtmasına  əsas yaradacaq, Azərbaycan tarixinə onun xalqının uğuru kimi düşəcəkdi. Döyüşdə xəsarət alaraq əlil olmuş insanların zəhmətinə dövlət başçısının bu prizmadan yanaşması onlara qürur bəxş edir, qazanılacaq qələbədə əməklərinin olmasını hiss etməyə əsas verirdi. Bu isə, dövlət başçısının hər bir yaralı xəstəyə, müharibədə sağlamlıqlarını itirərək əlil olmuş şəxslərə göstərdiyi böyük mənəvi dəstək idi.

Torpaq uğrunda vuruşmağın, mübarizə aparmağın təmin olunmasının şərtlərindən biri də şəhid ailələrinə, müharibədə əlil olanlara zəruri qayğının göstərilməsidir. Müharibədə o xalq qalib gələcək ki, onun övladları müharibəyə könüllü, Vətəni müdafiə etmək borcunu dərk edərək, xalqının namusunu və şərəfini qorumaq üçün getsin. Lakin bu borc birtərəfli, yalnız döyüşənlərin döyüşmək borcu kimi qəbul olunmamalıdır. Əsgərin döyüşmək borcu dövlətin və xalqın ona qayğı borcu ilə qarşılıqlı təmin olunmalıdır. Xalq, dövlət Vətən uğrunda döyüşənləri xüsusi nəzarətdə saxlamalı, müharibədə  yaralanıb, əlil olub qayıdanları xüsusi qayğı ilə əhatə etməli, şəhid olanların övladlarına, ailələrinə müstəsna diqqət ayırmalıdır. 

Hz.Peyğəmbər tərəfindən “şəhid” sözünün Allah yolunda canından keçən mənası da işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”. Vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü haqq işə fəda etmək şəhidliyin əsas əlamətidir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. Şəhidlər xalqın, millətin milli qürur mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş tacı hesab olunur. O torpaqlar Vətən hesab olunur ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları, şəhidləri var. O dövlətlər müstəqil yaşaya, o xalqlar  məğrur gəzə bilirlər ki, onların uğrunda şəhid gedə bilən övladları var. 

44 günlük müharibə günlərində yaşadıqlarımız qeyri-adi dərəcədə çətin, həm də çox şərəfli idi. Azərbaycan əsgəri həmin günlərdə ən böyük imtahandan keçdi. Bir dəfə böyük sınaqdan keçmiş və qalib gəlmiş insan sonra bütün həyatı boyu bu qələbədən güc alacaqdır. Bu güc, bu qürur şanlı əsgərlərimizi heç vaxt tərk etməyəcəkdir. Onların qazandığı qələbənin nuru gələcək nəsillərin yolunu əbədi çıraq kimi işıqlandıracaqdır.

Vəfaddin İBAYEV, 
Hüquq və İnsan Haqları İnstitutu
publik hüquqi şəxsin İdarə Heyəti 
sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru

Siyasət