YAP və BBP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

post-img

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfər edib.

XQ xəbər verir ki, səfər çərçivəsində oktyabrın 31-də YAP nümayəndələri və BBP nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində “Türk şəhidliyi” abidəsi də ziyarət olunub. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını fəda edən və Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini simvolizə edən qəhrəman türk qardaşlarımızın xatirəsi ehtiramla anılıb, abidənin önünə əklil və gül dəstələri düzülüb.

Tədbir iştirakçıları ziyarətlər zamanı Azərbaycanın tarixi və müasir dövrdəki qəhrəmanlıq ənənələrini yüksək qiymətləndirərək, ölkəmizlə Türkiyə arasında möhkəm qardaşlıq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıblar.





Siyasət