Gömrük Hospitalı tibb sərgisində

post-img

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 30 oktyabr – 1 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də öz stendi ilə təmsil olunub.

Azərbaycan səhiyyəsi üçün mühüm tədbirlərdən sayılan “Medinex 2025” sərgisinin rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və digər nümayəndələr iştirak ediblər.

Daha sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi nümayəndələr sərgidə iştirak edən tibb müəssisələrinin stendlərini ziyarət edərək təqdim olunan tibbi yeniliklər, müasir texnologiyalar və innovativ tibbi xidmətlərlə tanış olublar.

Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edən rəsmi nümayəndələr, gənc həkimlər, rezidentlər və digər ziyarətçilərə baş həkim Bəxtiyar Musayev 2025-ci ildə hospitalın fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, əldə olunan nailiyyətlər və təqdim olunan innovativ tibbi xidmətlər barədə ətraflı məlumat verib. Eyni zamanda Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və komandası tərəfindən uğurla icra olunan meyit donordan 6 qaraciyər və 8 böyrək transplantasiyası əməliyyatları barədə məlumat paylaşılıb.

Baş həkim Bəxtiyar Musayev bildirib ki, müasir texnologiyaları və yüksək peşəkarlığı ilə ölkə səhiyyəsində özünəməxsus yer tutan Mərkəzi Gömrük Hospitalının əsas məqsədi vətəndaşlara beynəlxalq standartlara uyğun, keyfiyyətli və etibarlı tibbi xidmət göstərməkdir.
Sərgi iştirakçıları hospitalın innovativ xidmətləri ilə yaxından tanış olub, sualları ətraflı cavablandırılıb. Mərkəzi Gömrük Hospitalının stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərləri sərgi çərçivəsində müxtəlif yerli və beynəlxalq tibb şirkətlərinin nümayəndələri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Sərginin ilk günü stend ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar hospitalın çoxşaxəli fəaliyyətini və son illərdə həyata keçirilmiş yenilikləri əks etdirən təqdimat videolarını maraqla izləyiblər.







Sosial həyat