Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, əvvəlcə kollektiv Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri düzüb. Daha sonra peşə bayramına həsr olunan tədbir təşkil olunub. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev iştirakçıları peşə bayramı münasibətilə təbrik edib. Nazir qeyd edib ki, Azərbaycanda aqrar sahənin inkişafının təməli ötən əsrin 70–80-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rafail Quliyev bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin inkişafında yeni mərhələnin əsasını qoyub. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir qeyd edib ki, Şərur və Culfa Regional Fermer Təlim Mərkəzləri istifadəyə verilib, Naxçıvan Regional Fermer Təlim Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir.
Proqramın icrası nəticəsində baramaçılıq ənənəsi də yenidən bərpa olunub. Bu il muxtar respublikada 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17 faiz çoxdur. Eyni zamanda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya istiqamətində işlər davam etdirilir. Avadanlıqların alınması üçün açıq tender elan olunub və sistemin 2026-cı ilin birinci rübündə tam tətbiqi planlaşdırılır.
Fermerlərin texnika təminatının gücləndirilməsi də diqqət mərkəzindədir. Cari payızlıq əkin mövsümündə bölgəyə 7 model üzrə 27 ədəd müasir traktor gətirilib. 2023-cü ildə hazırlanmış lizinq mexanizmi artıq tətbiq olunur və fermerlər texnikaları lizinq yolu ilə əldə edə bilirlər. Bundan əlavə, fermerlərin keyfiyyətli toxum və gübrələrlə təminatı, eləcə də toxumçuluq və damazlıq təsərrüfatlarının yaradılması istiqamətində də işlər davam etdirilir.
Tədbirdə çıxış edən digər iştirakçılar ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən aqrar islahatların əhəmiyyətindən, fermerlərin sosial rifahının yaxşılaşdırılması, istehsal vasitələrinə əlçatanlığın artırılması və dövlət dəstəyinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Səbuhi HƏSƏNOV
XQ


 
                                


 
                                                                 
                                                                .jpeg) 
                                                                 
                                                                 
                                                                 
                                                                .jpg) 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    