“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər” adlı sərgi

post-img

Noyabrın 2-dək paytaxtda keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində “Nine Senses” Art Center”də azərbaycanlı rəssam Ramina Səadətxanın “Od, Su və Öpüşlər” adlı fərdi sərgisi açılıb.

Sərginin əsas mövzusu beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoq qurmağı hədəfləyən “Art Weekend” festivalının simvolik elementi olan su olub.

Ramina Səadətxanın yeni “Od, Su və Öpüşlər” silsiləsi, ruhu təmizləyən və insanı bədənin dilini anlamağa yaxınlaşdıran əsas ünsürlərə - mahiyyətə toxunmaq üçün poetik bir cəhddir. “Od, Su və Öpüşlər” ünsürləri vasitəsilə müəllif bədən və ruh, ünsürlər və duyğular arasındakı dialoqu açaraq tamaşaçıları əbədi hərəkətdən harmoniyanın yarandığı ziddiyyətlər dünyasına dəvət edir.

Ramina Səadətxanın yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm elementləri birləşir. Sərginin “Uomo Natura” adlı ilk hissəsi hazırda “Art Center”in “Sea Breeze” istirahət mərkəzindəki filialında nümayiş olunur. 2022-ci ildə onun “Xaosun enerjisi” əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan Pavilyonunda nümayiş etdirilib və bu, rəssamın beynəlxalq yaradıcılıq bioqrafiyasında mühüm bir mərhələ olub.

Qeyd edək ki, “Od, Su və Öpüşlər” sərgisi “Art Weekend” proqramının bir hissəsidir. Müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəri Leyla Əliyevadır.

 





Mədəniyyət