AMEA Naxçıvan Bölməsinin iclası

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı tədbirlərin hazırlanması və bu prosesdə AMEA Naxçıvan Bölməsinin fəal iştirakı barədə məlumat verib.

Akademik bildirib ki, bu yubiley ölkəmizin elmi inkişaf tarixində mühüm mərhələ olmaqla, elm adamlarının fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının daha bir təzahürüdür. O, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Bakıda keçiriləcək təntənəli tədbirdə AMEA Naxçıvan Bölməsinin sərgisinin də yer alacağını bildirib.

İclasda Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli “Fətəli Xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamından irəli gələn vəzifələrə də diqqət yetirilərək onların icrası istiqamətində bölmədə müvafiq tədbirlərin həyata keçiriləcəyi vurğulanıb. Azərbaycan Respublikasının Elm, Texnologiya, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına 2026-cı il üzrə Dövlət Mükafatları üçün əsərlərin təqdim edilməsi məsələsi də müzakirə olunub.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov çıxış edərək bölmədə 2025-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunları, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar vəzifələr barədə məlumat veriblər.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat