Qarabağda biomüxtəlifliyin bərpasına elmi dəstək

post-img

Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Açılış mərasimində Dendrologiya İnstitutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova “Konstitusiya və Suverenlik İli”nə və Zəfərimizin 5-ci ildönümünə həsr olunan konfransın elmi-ekoloji önəmini qeyd edərək bildirib ki, rəhbərlik etdiyi qurumson 3 ildə işğaldan azad olunmuş ərazilərin ekoloji durumu və ciddi zərbə almış biomüxtəlifliyin bərpa edilməsi ilə bağlı 7 konfrans təşkil edib. Qarabağda ekoloji bərpa və biomüxtəliflik istiqamətində aparılmış tədqiqatlar milli elmin prioritetlərindən biridir. Konfrans mövzu ilə bağlı ortaq layihələrin və yeni ideyaların meydana çıxmasını, beynəlxalq əməkdaşlıq yaratmağı hədəfə alıb.

Bildirilib ki, Dendrologiya İnstitutu Azərbaycanın bütün bölgələri ilə toxum mübadiləsi həyata keçirir. Təcrübə sahəsində toxumlarla çoxaldılmış 100 mindən çox bitki becərilir. Elm və Təhsil Nazirliyinin məktəbyanı ərazilərinin yaşıllaşdırılmasında bu bitkilərdən istifadə edilməsi tövsiyə olunur. İnstitut təcrübə sahəsində çoxaldılmış fidanların “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülməsini də həyata keçirir.

Vəhşi Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti biologiya kafedrasının müdiri, təbiət elmləri doktoru Yelena Qalaktinova, Qazaxıstan Respublikası Botanika və Fitointroduksiya İnstitutu dendrologiya laboratoriyasının müdiri Aynur Yesjanova və aparıcı elmi işçi, dosent Velta Masalova, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və başqaları çıxışlarında müzakirə olunan mövzuların gələcək tədqiqatlar üçün geniş imkanlar yaradacağını söyləyiblər.

Konfransın davamında 92 yerli, 20-dən çox xarici məruzə təqdim olunub, geniş fikir mübadiləsi aparılıb.

XQ

Sosial həyat