Yaxın Şərq: qəzəb tüğyan edir, silahlar ölüm saçır

post-img

Son həftələr ərzində çoxları Yaxın Şərqin “böyük müharibəyə hamilə olduğu”nu iddia edir. Bu arzuolunmaz ssenaridə İranla İsrail arasında davamlı savaşın başlanması nəzərdə tutulur. Hələlik, bu dağıdıcı prosesin qarşısının alınması mümkünsüz görünür.

İki barışmaz rəqib arasında müharibə ritorikası güclənir ki, azalmır. Dünən məlum olub ki, İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və digər güc nazirləri İrana cavab zərbəsinin vaxtı və üsulunu razılaşdırıblar. Razılaşma oktyabrın 15-nə keçən gecə keçirilən müşavirədə əldə olunub. Təfərrüatlar, təbii ki, mətbuata sızdırılmayıb.

Ağ ev İsraili bu il noyabrın 5-də keçiriləcək prezident seçkilərinə qədər İrana kütləvi hava hücumuna başlamaqdan çəkindirməyə çalışır. Daha əvvəl “Washington Post” yazmışdı ki, B.Netanyahu ABŞ Prezidenti Cozef Baydeni İranın nüvə və ya neft obyektlərinə deyil, hərbçilərinə zərbə endirmək niyyəti barədə məlumatlandırıb. Ağ evin hazırkı sahibinin bu təklifə nə cavab verdiyi bəlli deyil.

Reallıq budur ki, İsrailin İranla və onun proksi qüvvələri olan HƏMAS, “Hizbullah” və Yəməndəki husi yaraqlıları ilə apardığı mücadilə artıq kritik həddə çatıb. Tərəflərin bir-birinə raket və dronlarla hücumu adi hala çevrilib. Səhnəyə daha ağır çəkili oyunçular, yəni İranla İsrail çıxa bilər.

O məqamda böyük güclər üçün vəziyyətə nəzarət etmək çox çətin ola bilər. Görünən budur ki, tərəflərin geri çəkilməyə, güzəştə getməyə arzu və imkanları yoxdur. Hər iki tərəfdə kəskin qəzəb dolu bir ab-hava yaranıb. İsrailin modern silahları rəqibindən çox və güclü olsa da, yaddan çıxarmaq olmaz ki, İranın artıq nüvə silahına sahib olduğu barədə yayılan şayiələr həqiqət də ola bilər.

İsrail ətrafındakı xüsusilə təhlükəli fiqurları bir-bir aradan çıxarır. Dünən İsrailin Müdafiə Ordusu bir neçə gün əvvəl Qəzza zolağına endirdiyi hava zərbələri zamanı HƏMAS hərəkatının Hərbi Hava Qüvvələrinin komandiri Samir Əbu Dakkanın öldürüldüyünü açıqlayıb.

Bu barədə xəbərdə o da qeyd edilir ki, Əbu Dakka HƏMAS-ın Hərbi Hava Qüvvələrinin 2023-cü ilin oktyabrında öldürülmüş əvvəlki rəhbərini əvəz edib. O, pilotsuz təyyarələrin İsrail ərazisinə buraxılmasına cavabdeh idi və HƏMAS-ın hava qüvvələrinin yaradılmasında mərkəzi rol oynayan şəxslərdən olub.

Bu arada məlum olub ki, İsrailin Livanın şimalındakı Eyto yaşayış məntəqəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində azı 18 nəfər həlak olub. Bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin “X” sosial şəbəkəsində məlumat verilib.

“Hizbullah” yaraqlıları da İsrail vətəndaşlarını “rahat buraxmır”. Dünən İsrailin şimalında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 4 hərbçi ölüb, azı 60 əsgər yaralanıb. İsrail rəsmiləri bildiriblər ki, yaralıların vəziyyəti orta ağırdır. Onlar təcili yardım və helikopterlərlə bölgədəki xəstəxanalara aparılıb.

Pentaqon isə yenidən İsrailə hərtərəfli dəstəyini vəd edib. Qurumun sözçüsü, general-mayor Pat Rayder bildirib ki, müdafiə naziri Lloyd Ostin prezident Co Baydenin göstərişi ilə Yüksək Hündürlük Sahəsindən Müdafiə Terminalının (THAAD) batareyalarını və qoşunları İsrailə göndərəcək.

Konqresin tədqiqat xidmətinin aprel hesabatına görə, Yaxın Şərqə göndəriləcək orduda 7 THAAD batareyası var. Ümumiyyətlə, hər biri altı yük maşınına quraşdırılmış işəsalma qurğusundan, 48 tutucudan, radio və radar avadanlığından ibarətdir və onu işlətmək üçün 95 əsgər tələb olunur. Xatırladaq ki, THAAD “Patriot” raketlərini tamamlayan sistem hesab olunur, lakin daha geniş ərazini müdafiə edə və 150–200 kilometr məsafədəki hədəfləri vura bilir.

Görkəmli sovet rejissoru K.Stanislavski yazırdı ki, əgər teatr tamaşasında qurulan səhnədə tüfəng asılıbsa, əsərin sonuna qədər həmin silahdan atəş açılacağı şəksizdir. Məlumdur ki, regiona silahlar da muzeylərdə nümayiş etdirilmək üçün göndərilməyib. Deməli, təəssüf ki, yaxın illər ərzində bu yerlərdə sülh, əmin-amanlıq olmayacaq.

Məsaim ABDULLAYEV
XQ

Dünya