Polşa Rusiya və Belarus Respublikası ilə sərhədlərinin müdafiəsini gücləndirmək üçün səylərini artırıb. Baş nazir Donald Tusk “Şərq qalxanı” layihəsi çərçivəsində istehkamların və logistika qovşaqlarının tikintisinə planlaşdırılandan daha tez, bu ilin sonuna qədər başlanacağını açıqlayıb. Məlumatı “Euronews” verib.
Tikintinin təxminən dörd il çəkəcəyi gözlənilir. “Şərq qalxanı” proqramının 10 milyard zlotiyə (təxminən 2,3 milyard avro) başa gələcəyi gözlənilir. Lazımi yerlərdə istehkamlar təxminən 800 kilometr məsafədə qurulacaq.
Həftənin əvvəllərindən Polşada yeni müdafiə infrastrukturunun bəzi elementlərinin sınaqdan keçirilməsi ilə bağlı təlim başlayıb. Hökumət başçısı, onun müavini və müdafiə naziri bu məqsədlə poliqona gəliblər.
Donald Tusk deyib: “Mən şadam ki, “Şərq qalxanı” layihəsi işə başlayıb, bu, təkcə Polşanın deyil, həm də Avropanın birgə səyidir, çünki Baltikyanı ölkələrin səyləri ilə birləşdirilir”.
Baş nazir əlavə edib: “Polşa və Avropa sərhədlərini qorumaq bizim haqqımız və borcumuzdur, onların təhlükəsizliyi heç kimlə müzakirə olunmayacaq və mənim hökumətim bu vəzifəni yerinə yetirəcək”.
Paşa ƏMİRCANOV
XQ