Yüksək xolesterin çox təhlükəlidir. Orqanizm tərəfindən istifadə olunmayan xolesterin damarlarda yığılmağa başlayır. Nəticədə, damarlar daralır, elastikliyini itirir, zəif, kövrək, partlamaya meyilli olur.
Məhz yüksək xolesterin ürək və damar xəstəlikləri, ürək tutması, infarkt və insultun əsas səbəbidir. Orqanizmdə xolesterinin səviyyəsini aşağı salmaq üçün xüsusi preparatlar – statinlər təyin olunur. Lakin son illər statinlərin təhlükəli yanaşı təsirləri haqqında məlumatlar artmaqdadır. Belə ki, onların qəbulu şəkərli diabet riskini artırır.
Xarici mətbuatın yazdığına görə, yalnız dərman preparatları ilə deyil, həyat tərzini, qəbul edilən qidaları fərqli etməklə damarları xolesterindən azad etmək mümkündür. ABŞ-nin “Express Health” portalı yazır ki, aparılan araşdırmalar və sınaqlara əsaslanaraq, mütəxəssislər xolesterinin səviyyəsini salmaq üçün bəzi tövsiyələr veriblər.
Tövsiyələrdə qeyd edilir:
1. Qida qəbulunda doymuş yağların azalması vacib şərtləndəndir. Əsas mənbələr – yağlı, qırmızı ət və yağlı süd məhsullarıdır.
2. Trans-yağlardan imtina edilməlidir. Söhbət marqarin, bərk bitki yağları (palma yağı və s.), dükanlarda satılan şirniyyatlar, yarımfabrikatlar, ucuz süd məhsullarından (onların tərkibinə palma yağı əlavə olunur) gedir.
3. Omeqa-3 yağlı turşularla zəngin olan məhsulların qəbulu artırılmalıdır. Bu, dəniz balığı, qoz, kətan və zeytun yağlarıdır.
4. Qidalanmada lifli məhsulların çoxaldılması vacibdir. Liflər pis xolesterinin mənimsənilməsini azaldır və onun orqanizmdən xaric olunması prosesini stimullaşdırır. Belə məhsullar arasında paxlalılar, meyvə-tərəvəz, göyərtilər, yarmalar, buğda kəpəyi kimi məhsulları qeyd etmək olar. 5. Tövsiyələrin önündə, təbii ki, spirtli içklərin qəbulundan imtina gəlir.
Z.HÜSEYNLİ
XQ