Xalqını sevən “xalq düşməni”

post-img

Vəli Xuluflunun “cinayət”i milli varlığımızı qoruması olmuşdu

Azərbaycanın ən tanınmış dilçi-alimləri, folklorşünasları arasında adı ehtiramla çəkilən Vəli Xuluflu elm-sənət yolunda var qüvvəsini sərf edənlərdən olub. Cəmi 43 il yaşayıb, amma qısa ömründə çox böyük işlər görüb, tarix, ədəbiyyatşünaslıq və dilçiliklə bağlı çox dəyərli kitablar yazıb.

Bu gün onu xatırlamağımıza səbəb 1937-ci ilin oktyabrında nahaqdan güllələnməsidir. Qondarma dəlillərlə onun həyatını hədəfə alanlar bir neçə aylıq həbsindən sonra qərar qəbul edirlər ki, məhkəməsi olsun, həm də işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın. Qərarın ertəsi günü, oktyabrın 12-də saat 18:00-da “məhkəmə” başlayır və 18:20-də (cəmi 20 dəqiqəyə) sona çatır. Məhkəmə qərara alır: “Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya – güllələnməyə məhkum edilsin”. Ertəsi gün, yəni oktyabrın 13-də günahsız alimin həyatına son qoyulur.

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Rəhman Salmanlının “Gizli güllələnən alim” kitabında Vəli Xuluflunun faciəli taleyi geniş əksini tapıb. Tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli isə məqalələrinin birində onu gözəl alim, ziyalı və şəxsiyyət, poliqlot kimi səciyyələndirərək yazır: “Türk dünyasına möhkəm tellərlə bağlı olan bu insan ensiklopedik biliyə malik idi – ərəb, fars, rus, türk dilləri ilə yanaşı, alman, türkmən, tacik dillərini də bilirdi. İsmayıl bəy Qaspralının “Dildə, fikirdə, işdə birlik” ideyasının reallaşması uğrunda qətiyyətlə mübarizə aparırdı – Yeni Türk Əlifbası komitəsinin fəallarından biri idi. Aprel çevrilişi baş verəndə Gəncədə Qəza Komitəsində çalışan Vəli Xuluflu ona görə bolşeviklərin qara siyahısına düşür ki, qohumlarından biri qaçaq olubmuş”.

Sovet rejimi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayında məruzəçi olmuş və hətta kiçik bir məlumatla belə çıxış etmiş türkoloqların hamısını qara siyahıya salaraq məhv edirdi. Onlardan biri də Vəli Xuluflu idi. Digər gülünc bəhanə isə bu idi ki, 1928-ci ildə onun toplayıb nəşr etdirdiyi Azərbaycan tapmacalarından birində DTK əməkdaşları guya sətiraltı məna tapmışdılar. Müstəntiq açmasını uşaqların da əzbər bildiyi “Hamını bəzər, özü lüt gəzər” tapmacası ilə bağlı alimə irad tutmuşdu: “Siz bununla düşmən dəyirmanına su tökürsüz, yəni sovet adamları hamını geyindirir, özü lüt gəzir...” (!?). Beləcə, azərbaycanlılara qənim kəsilən erməni sumbatovların, qalustyanların və onların əlaltılarının saxta ittihamları bir çox görkəmli ziyalılarımız kimi, Vəli Xuluflunun da aradan götürülməsinə səbəb olub. Özü də Vəli Xuluflu türkoloq alim Bəkir Çobanzadə ilə eyni gündə güllələnib.

O zaman “xalq düşməni”nin ailəsi də olmazın zillətlərə düçar olub. Vəli Xuluflu tutulandan sonra Fatma xanım (həyat yoldaşı) da incidilib, onların evi ələk-vələk olunub. Bakının Oktyabr rayon xalq məhkəməsi belə bir qərar qəbul edib: “Xuluflu Fatma Əli qızı özü ilə yaşayan bütün ailə üzvləri – oğlu, qızı və anası ilə birlikdə Bakı şəhər soveti tərəfindən verilmiş evdən çıxarılsın. Boşaldılmış ev Bakı şəhər mənzil idarəsinə verilsin”. Bayıra atılan ailə üzvləri acı taleyin ümidinə buraxılıb. Fatma xanım 1938-ci ildə “xalq düşməni”nin həyat yoldaşı kimi cəmi bircə dəfə dindirilib və ona “nə yoğurdum – nə yapdım”, 8 il həbs hökmü oxunub. Uşaqlar Qorki adına kitabxanada xadimə işləyən nənənin himayəsində qalıblar. Doğrudur, çox sonra, yəni 1957-ci ildə Vəli Xulufluya da, Fatma xanıma da bəraət verilib, ancaq bu, daldan atılan daş təsirində olub. Vəli Xuluflunun qəbrinin yeri bilinməyib, doğma kəndi isə Şəmkir dəryaçasının altında qalıb...

Professor Vəli Xuluflu düz 130 il əvvəl – 1894-cü ildə Azərbaycanın Yelizavetpol qəzasında – hazırkı Şəmkir rayonunun Xuluf kəndində anadan olub. Əvvəlcə mollaxanada və “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub, ardınca həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib, 1920–1922-ci illərdə Gəncə quberniyasında işləyib. Partiya sıralarında “təmizləmə” işləri ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsilini davam etdirib, paralel olaraq Yeni Türk (Azərbaycan) əlifbası komitəsində təlimatçı işləyib, “Bakı fəhləsi” kooperativ nəşriyyatı və “Azərnəşr”lə əməkdaşlıq edib. 1929–1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib işləyib, elm ocaqlarının yenidən təşkili zamanı isə Dil-ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilib.

Zəhmətkeş alim sonra bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, Dövlət Elmi Şurasının sədr müavini, SSRİ EA-nın Azərbaycan şöbəsinin mütəxəssisi olub. Ömrünün son ilində SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə çalışıb.

Azərbaycanda yeni əlifba ideyasının qızğın tərəfdarlarından olan Vəli Xuluflu bu işə hərtərəfli əməli yardımı ilə seçilib. Ta məlum 1937-cu il repressiyalarınadək respublikanın elmi və mədəni həyatında üzdə olub. “Yeni türk əlifbası ilə yazı qaydaları” adlı kitabçası o zaman üçün çox gərəkli idi. Eyni zamanda, ağır dövrün çətinliklərinə baxmayaraq, bir çox kitablar nəşr etdirib: “Koroğlu”, “İmla lüğəti”, “Tapmacalar”, “Panislamizm, imperializm və ruhaniyyət”, “Din və qadın”, “Din və mədəni inqilab”, “Səlcuq dövlətinin tarixi quruluşuna dair”, “Məhərrəmlik münasibətilə” və sair əsərləri, yüzlərlə qəzet və jurnal məqaləsi onun məhsuldar alim çalışmalarıdır.

Aşıq yaradıcılığını çox sevən ədib “Koroğlu”ya aid kitabında qəhrəmanın aşıqlığına dair yazırdı ki, aşıq yaradıcılığı elin ruhudur, o, lazım olanda qılıncdan da kəsərlidir. Özü də daim Azərbaycan ruhunun daşıyıcısı olub, ana dili və ədəbiyyatımızın fədakar tədqiqatçısı kimi tanınıb. 1926-ci ildə “Azərbaycan xalq ədəbiyyatından materiallar” seriyası ilə “El aşıqları” kitabını çap etdirib. Bu kitaba Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları ilə yanaşı, müxtəlif aşıqların repertuarından yazıya alınmış yüzdən çox qoşma, gəraylı, təcnislər və Şəmkirli Aşıq Hüseynə məxsus “Reyhan” dastanı daxil edilib.

Vəli Xuluflunun həbsindən bir gün əvvəl evində axtarış zamanı guya oradan müxtəlif “zərərli” kitablar (Buxarinin, Kamenevin, Trotskinin, Zinovyevin), tapılıb, şəkil və məktublar götürülüb. Səhəri gün SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsi 5-ci şöbəsinin rəisi Avanesyan tərəfindən dindirilib. İdarənin zirzəmisində saxlanılan Vəli Xuluflu Trotski-Zinovyevçi təşkilatın üzvü olmaqda, S.M.Kirovun qətlində iştirak etməkdə, 1934-1937-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda, Azərbaycanın bölgələrində silahlı üsyan etmək üçün hazırlıq işləri aparmaqda, Mərkəzi Komitənin katibi Bağırova qarşı sui-qəsdin hazırlanmasında iştirakda, əksinqilabi və ümumittifaq pantürkist mərkəzinin rəhbəri Bəkir Çobanzadə və Əziz Qubaydulinin mövqeyini müdafiə etməkdə, rəhbər olduğu müəssisələrdə dövlət əmlakına zərər vurmaqda ittiham olunub. Qısaca desək, alimə terrorçu damğası vurulub.

Repressiya maşını işıqlı alimi cismən aradan götürsə də, mənən məhv edə bilməyib. Özü kimi ölməz əsərləri doğma xalqının əbədi saxlancına çevrilib.

Bu gün Bakıda, Gəncədə və Şəmkirdə “Vəli Xuluflu” küçələri var, bindan başqa, doğma yurdunda orta məktəb və mədəniyyət evi onun adını daşıyır. Unudulmaz şəxsiyyətin xatirəsi daim uca tutulur.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət